Iki il əvvəl bir qrup rus yazıçısının Putinlə görüşünü xatırlayan varmı aranızda? Bəs o görüşdə yazıçıların tikanlı suallarını necə?
Məsələn, Zaxar Prilepin Putinə yaxın dostu, “Quvnor” şirkətinin rəhbəri Gennadi Timçenko barədə sual ünvanlamışdı, daşın hara atıldığının fərqinə varan Putin yazıçını inandırmağa çalışmışdı ki, vaxtilə Timçenko ilə Peterburqda birgə işləsə də, indi onun biznesinə himayədarlıq etmir, Timçenko biznesdə nəyə nail olubsa, bu, onun öz zəhmətinin nəticəsidir.
Bu, bəyənmədiyimiz, demokratik tendensiyalardan uzaq, hüquq və azadlıqların xeyli dərəcədə axsadığı Rusiyada baş verir. Eyni situasiyadakı Azərbaycan yazıçısının özünü necə aparacağını isə düşünməyə dəyməz. Söhbət ya prezident təqaüdünün artırılmasından gedəcək, ya da fəxri ad verilməsindən. Ya evin təmirinə pul istəyəcəklər, ya da ağzına protez diş qoyulmasına. Ya oğluna vəzifə istəyəcəklər, ya da qızına cehiz. Görüşün geridə qalan hissəsi isə əttökən, bayağı mədhiyyələrdən bir addım irəli getməyəcək.
Yaxud, bu gün Ukraynada – hökumətə qarşı etirazların önündə kimlərin yürüdüyünü bilirsinizmi? Aktyorlar, yazıçılar, şairlər, rəssamlar, müğənnilər. “Eurovision” qalibi Ruslana, hətta meydanda gecələyir – etirazçılarla birlikdə.
Bizdə isə dünən bir neçə aktyordan son bahalaşma qərarına münasibət öyrəniblər. Oxuduqca insan dəhşətə gəlir. Bunların bu daxili qorxu və köləlik hissi ilə mədəniyyətdə nə işləri var? Axı yaratmaq üçün sadəcə, istedad (əgər o da varsa!) kifayət etmir. Yaradıcı insan azad olmalıdır, düşünməyi bacarmalıdır, düşündüklərini söyləyəcək qədər cəsur olmalıdır, həyatla, insanlarla qaynayıb-qarışmalı, iç-içə olmalıdır, reaksiya qabiliyyətinə malik olmalıdır. Həyata, baş verənlərə ürkək münasibət və ya ümumiyyətlə, münasibətsizlik sərgiləyənlər nə yarada bilərlər, necə yarada bilərlər axı?
***
Buyurun, dünən Afaq Bəşirqızıdan soruşublar ki, “son qiymət artımı haqda nə deyə bilərsiniz?”, indi siz Allah, cavaba baxın: “Mən maliyyə naziriyəm, ya iqtisadçıyam? Belə sualları mən cavablandırmıram”.
Məntiqi görürsünüzmü? Maliyyə naziri, ya da iqtisadçı deyilsə, bahalaşma haqqında danışa bilməz. Eyni məntiqlə Qarabağ müharibəsi haqqında danışmaq üçün də hərbçi, müdafiə naziri olmaq lazımdır? Ağacların qırılmasına etiraz etmək üçün də ekoloq, yaxud Hüseynqulu Bağırov olmaq lazımdır?
Dəhşət! Yüz kərə dəhşət, min kərə dəhşət!
Hələ Bəhram Bağırzadə adlı şoumenin cavabına baxın, siz Allah: “Lap yaxşı oldu. Demək lap çox işləyəcəik”.
Nə deyəsən, nə yazasan? Adlarını gülüş ustası qoyublar. Amma bu danışdıqlarını dinləyəndə adam ağlamaq istəyir. Aydındır, bunların gülüşü insan ömrünü uzatmaq üçün deyil. Bunların gülüşü ölkədəki pisliklərin, eybəcərliklərin ömrünü uzatmaq üçündür.
Bəs Arif Babayev adlı muğam ustasının cavabına nə deməli? “Mən bir söz deyə bilmərəm”.
Niyə deyə bilməzsiniz? Bəs bir sənətkar öz xalqının səsi olmayacaqsa, onun səsi nə qədər zilə qalxır qalxsın, nə mənası var? Toplumun, onun gələcəyinin şikəst edilməsinə təpki göstərə bilməyəndən, buna reaksiya verə bilməyəndən sonra istədiyin qədər yaxşı şikəstə oxu, nəyə yarar?
Bu gün yoxsulluq, işsizlik girdabında boğulan insanldarın ahı, fəryadı Arif Babayevin oxuduğu istənilən segahdan daha yanıqlı, daha ağrılıdırsa, segah ustasının da buna vətəndaş münasibəti yoxdursa, sənətinin anlamı, missiyası nədir onda?
Hələ hansını dindirirsən, durub şikayətlənirlər də. Aktyor tamaşaçıların teatra gəlməməsindən, yazıçı kitablarının satılmamasından. Siz nə vaxt o tamaşaçının, o oxucunun yanında oldunuz ki, indi də ondan umub küsürsünüz? Haqqınız varmı buna? O tamaşaçı, o oxucu haqsızlıq, ədalətsizlik altında əzilərkən, siz bir prezident təqaüdü, bir fəxri ad naminə səssiz, təpkisiz qalacaqsınız, sonra da onların teatra gəlib sizi alqışlamalarını, kitablarınızı almalarını gözləyəcəksiniz. Niyə, xeyir ola? Borcumu var camaatın sizə?!
***
Sənət divara qarşıdır, axınlara qarşıdır.
Sənət köləliyin düşmənidir. Sənət təslimçiliyi sevməz. Sənətin ruhu etirazdır.
Ürkəklik, qorxaqlıq sənətin ruhuna aykırıdır.
Sənət cəsurların işidir. Sənət cəsarət işidir.
Bunları anlamadan xalq artisti də, xalq şairi də, xalq yazıçısı da olmaq olar.
Amma sənətkar – əsla!