İbrahimbəyovun xidmətləri danılmazdır

Milli Şura üzvləri ona qarşı səslənən arqumentləri absurd hesab edir

Milli Şuranın dekabrın 3-də keçirilən sessiyasında bir sıra mühüm qərarlar qəbul olundu. Cəmil Həsənli Milli Şuranın sədri, Rüstəm Ibrahimbəyov isə fəxri sədri seçildi.
Ancaq Milli Şuranın bəzi üzvləri Rüstəm Ibrahimbəyovun fəxri sədr seçilməsinə etiraz edib. Xəbər verdiyimiz kimi Müsavat partiyasının sədri Isa Qəmbər sessiyada bildirib ki, başqa ölkənin vətəndaşı olan şəxsin sədr, həmsədr, fəxri sədr olduğu qurumda təmsilçilik Müsavat partiyası üçün məqbul sayıla bilməz. Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacılı isə qeyd edib ki, başqa ölkə qarşısında öhdəliyi olan, Rusiya vətəndaşı olan, Azərbaycanın dostu olmayan Rusiyadan müəyyən asılılıqları olan şəxsin Azərbaycan müxalifətinə rəhbərlik etməsi qeyri-mümkündür.
Səslənən fikirlərə Milli Şura üzvləri mənfi münasibət sərgilədi.

Milli Şuranın üzvü Ibrahim Ibrahimli hesab edir ki, Rüstəm Ibrahimbəyova qarşı sayğısız münasibət yolverilməzdir və o, fəxri sədr adını daşımağa layiqdir: “Bəzi müxalifət mətbuatında, hakimiyyət mətbuatı ilə paralel Rüstəm bəyə qarşı kampaniya aparıldı və onun Rusiyaya bağlılığı önə çəkildi. Ancaq kimin nə deməsindən asılı olmayaraq, Rüstəm Ibrahimbəyov Azərbaycanda ziyalı hərəkatını reanimasiyadan çıxardı. Əvvəlcə ”Ziyalılar Forumu”nun, daha sonra Milli Şuranın yaradılması Rüstəm bəyin adı ilə bağlıdır. Müsavatçı dostlarımız da bu reallıqları qiymətləndirməli idi və ona qarşı səsləndirilən fikirlər düzgün deyildi. Rüstəm Ibrahimbəyov xidmətlərinə görə Milli Şurada yer almalı idi və fəxri sədr adı bu mənada düzgün qərar idi. Bu həm bizim mənəvi borcumuz, həm də ziyalıya verilən qiymətin göstəricisi idi. Rüstəm bəyə yüksək qiymət verilməməsi həm ziyalılara qarşı sayğısızlıq, həm də hakimiyyətin anti-təbliğatına arqument vermək olardı. Ona görə də Rüstəm bəyin fəxri sədr seçilməsi düzgündür və buna etiraz etmək üçün əsas yoxdur”.
Milli Şura üzvü Leyla Yunus da Rüstəm Ibrahimbəyovun böyük xidmətlər göstərdiyini və onun bu ada layiq olduğunu söylədi: “Mən Rüstəm bəyin fəxri sədr seçilməsinə səs vermişəm və bunu düzgün qiymətləndiriəm. Çünki Rüstəm bəy Milli Şuranın sədri kimi fəaliyyətə başlayıb və bu qurum Rüstəm bəyin təşəbbüsü ilə formalaşıb. Rüstəm Ibrahimbəyov kimi tanınmış ziyalının Milli Şuranın fəxri sədri kimi qalması qurumun sonrakı fəaliyyəti üçün müsbət haldır. Ona qarşı səslənən ittihamlar isə absurd görünür. Onu Rusiya vətəndaşı adlandıranlar niyə onun rəhbərliyi altında fəaliyyət göstərib, seçkiyə onun vahid namizədliyi ilə getmək istəyirdilər? Bu məntiqlə yanaşsaq, gərək Milli Şura olmasın”.

Milli Şuranın üzvü Sülhəddin Əkbər hesab edir ki, Rüstəm bəyə qarşı səsləndirilən ittihamlar bəhanədir və onun Milli Şuranın yaranmasındakı rolu danılmazdır: “Fəxri sədr adı Rüstəm Ibrahimbəyovun fəaliyyətinə verilən qiymət idi və bunu müsbət qiymətləndirirəm. Ona qarşı səsləndirilən iftiralar isə əsassızdır və bəhanədir. Müsavat partiyası Milli Şuranın bu formatda yaranmasının da əleyhinə çıxmışdı. O zaman Rüstəm bəy Müsavatın ideyasına qarşı çıxdığı üçün onların təklifi qəbul olunmadı. Müsavat partiyasının daxilində problemlər var və 6 aydan sonra Isa Qəmbərin 3-cü sədrliyi başa çatır. Ona görə də Müsavat partiyasının əsas taktiki vəzifələrindən biri də, Isa Qəmbərin gələcək  siyasətdə yerinin müəyyən olunmasından ibarətdir. Görünür, bu yerin müəyyən olunmasında Rüstəm bəyi günahkar hesab edirlər. Çünki o, 3-lü həmsədrliyə qarşı çıxmışdı. Yəqin ki, Müsavatın mövqeyinin başqa səbəbləri də var. Mən heç bir qüvvənin Milli Şuradan çıxmasını istəməzdim. Ancaq Milli Şuranın üzvü olan partiyalardan biri qurumun sonrakı inkişafı üçün problemə çevrilirsə, bu problem vaxtında həll olunmalıdır”.

Milli Şuranın üzvü Natiq Kərimov hesab edir ki, Rüstəm Ibrahimbəyov çox böyük iş görüb və fəxri sədr adı onun haqqının kiçik bir qiymətidir: “Biz Milli Şuranın fəaliyyətini daha da mükəmməlləşdirməli, qarşılıqlı səmimiyyətə nail olmalı və xalqı bu zülmdən qurtarmalıyıq. Rüstəm bəy indiyə qədər mümkün olmayan bir koalisiyanı yaradıb və sistemli mübarizənin təşkilinə töhfə verib. Mən hesab edirəm ki, Rüstəm bəyə etiraz edənlərin nəfsləri özlərindən qabağa gedib. Bəzi adamların ambisiyaları gördükləri işdən çoxdur. Insanlara xidmətlərinə görə qiymət vermək lazımdır və Rüstəm bəyə fəxri ad verilməsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, o bundan artığına da layiqdir”.

Milli Şuranın üzvü Zəfər Quliyev bildirdi ki, Rüstəm Ibrahimbəyov Milli Şura layihəsinin müəllifidir və onu hansısa formada mükafatlandırmaq vacib idi: “Milli Şuranın son sessiyasındakı səsvermə də göstərdi ki, Rüstəm bəy fəxri sədr adına layiqdir və ona bu qiymətin verilməsi ədalətlidir. Bu məsələ ilə bağlı səslənən ittihamları ciddi qəbul etmək olmur və bu arqumentlər əsassız görünür. Rüstəm Ibrahimbəyov hər şeydən əvvəl Azərbaycan vətəndaşıdır və dünyada böyük nüfuzu var. Onun fəxri sədr kim qalmasında maraqlı olmalayıq və bunun əksini diktə edən tutarlı arqument yoxdur. Hesab edirəm ki, Rüstəm bəy bundan sonra da demokratik qüvvələr üçün böyük fayda gətirə bilər”.

Ilham Hüseyn