Dünən “Azadlıq”dan olan həmkarımız Aytən xanım facebook səhifəsində ağrılı bir status paylaşmışdı, yazırdı ki, “Nadir Qafarzadə ANS-də danışır, deyir, ”oğlum Londonda təhsil alır, həyat yoldaşıma qıymıram, ona görə evimizi xidmətçi təmizləyir”.
Indi nə qədər vicdanlı, ləyaqətli kişinin xanımı həyat yoldaşına Nadir Qafarzadə kimisini nümunə göstərir. Milləti bu günə qoydular…”
Bura qədəri həm doğrudur, həm də ağrılı. Amma bundan sonrası da var:
Azərbaycanda zövqsüzlük baş tacı edilərkən…
Cəhalətin önü açılarkən…
Nadir Qafarzadələr, Namiq Qaraçuxurlular, Rəqsanələr dəyərə çevrilərkən…
Kitab, elm, bilgi dəyərsizləşdirərkən, bu ölkənin elə həmin vicdanlı, ləyaqətli insanları nə ilə məşğul oldular? Siyasi sistemin zoru qarşısında min cür məhrumiyyətə sinə gərdilər, hamısına eşq olsun! Hamısı qarşısında boynum qıldan incədir. Hamısına nə qədər minnətdar olsaq, azdır.
Amma onların nə qədəri Əliyevçi rejimin sadəcə, polis dəyənəyi, seçki saxtakarlığı, korrupsiya hesabına deyil, həm də ədəbiyyatdan musiqiyə…
Rəssamlıqdan kinoya qədər sənətin bütün sahələrində istedadsız, psevdolaşmış adamlar hesabına ayaqda qaldığının fərqinə vardılar…
Mən vətəndaş mövqeyinə, ləyaqətinə inandığım kifayət qədər adam tanıyıram ki, istənilən saray şairini “nə olsun yaltaqdır, amma istedadlıdır”…
Nə qədər sistem nökəri olan müğənni, artist-aktyoru, rəssamı “nə olsun hakimiyyətin yanındadır, amma əcdaha sənətkardır!” deyə sudan quru çıxara bilirlər.
Sənətkarın şəxsiyyəti ilə yaradıcılığını asanlıqla bir-birindən ayırırlar. Yubileylərində təbrik edirlər. Sinələrini irəli verib tənqidlərdən qoruyurlar.
Bu gün Azərbaycanda “dahi şair”, “böyük yazıçı”, “əvəzsiz aktyor”, canım sizə desin, “misilsiz rəssam” kimi təqdim olunanların 90 faizi haqqında bu cür söyləmək üçün dünya ədəbiyyatından, kinosundan, musiqisindən tamamilə bixəbər olmaq lazımdır, bu öz yerində.
Amma gəlin onu aydınlaşdıraq ki, ölkədəki siyasi sistemə müxalif olanların nə qədəri həyatı Şərə xidmətdə keçən psevdo-ziyalıları, məhəllə sənətçilərini yaptokratlardan az sevirlər? Onların nə qədəri şar kimi üfürülüb şişirdilmiş bu adamların niyə recim tərəfindən bu qədər səxavətlə bəslədildiyinin fərqindədirlər? Əminliklə deyirəm: belələri azdır, çox az, barmaqla sayılacaq qədər az.
Hakimiyyət o adamları bu günlər üçün bəsləyirdi: ölkədə tam bir mənəvi deqradasiya, çöküş hökm sürsün…
Yaltaqlıq legitimləşsin…
Yalan həyat tərzinə çevrilsin…
Sənətin ən qorxunc siyasi sistemləri belə, sarsıtmaq gücünün önü kəsilsin.
Sonda isə meydan o “sənətçilərin, yazıçıların” ümidinə qalsın ki, onların əli ilə, onların vasitəsi ilə toplumun şüuruna zərərli toxumları – köləliyi, məddahlığı, qorxaqlığı, riyakarlığı səpmək və “bol məhsul” götürmək mümkün olsun.
Illərdir bu hiyləni, bu məkrli planı anlatmağa çalışdıq. Söyləməkdən dil, yazmaqdan əl qabar oldu. Amma nə yazıq ki, Azərbaycandakı hakim gücü yalnız siyasi donda görüb, onun “mənəvi silahlarını” heçə sayan, ziyansız hesab edən, bu cəhənnəm, hətta belələrinə ya səmimi-qəlbdən qibtə edən, ya da onların titulları qarşısında təsliçilik bayrağı qaldıran, onları ziyalı statusunda görməyə davam edən, onları yaptokratlardan heç də az sevməyən mübariz, vicdanlı insanların böyük çoxluğu anlamaq istəmədilər.
Və nə yazıq ki, hələ də böyük bir inad və israrla inanmaq istəmirlər.
Bunun sonu isə axırda onlara “Nadir Qafarzənin nümunə göstərilməsindən” başqa heç nə ola bilməzdi.
Məntiqi sondur bu. Başqa cür sadəcə, mümkün deyildi.
***
Əgər bu ölkədə doğrudan da, Xeyirlə Şərin mübarizəsi varsa və bu mübarizədə hər iki tərəfdə dayananlar eyni yaltaq şairə sevgi…
eyni yaltaq sənətçiyə rəğbət…
eyni yaltaq “ziyalı”ya məhəbbət nöqtəsində birləşirsə, inciməyin, deməli, o mübarizənin axırı yoxdur. Hətta bəlkə o mübarizənin heç özü yoxdur.