Azərbaycan dövlətinin “imici”

Dövlətçiliyi çoxdan ayaqaltı eləmiş bir sıra kimsələr tez-tez Azərbaycanın dövlət “imicindən” danışırlar. Çoxdan taftologiyaya çevirdikləri bu söz birləşməsindən ən çox da müxalifəti “vurmaq” üçün yararlanırlar. Vursunlar, ancaq belə tutarqasız “tutarqayla” yox. Bütün hakimiyətləri boyunca cinayətkarcasına seçkilər keçirə-keçirə “dövlət ”imicindən” danışmaları yalnız bumeranq effekti doğuracaq bir görsənişdir. Çağdaş dünyada dövlətçilik demokratiya, qanunçuluq, insan hüquqları kimi “doğanaqlardan” keçir.  Belə bir el sözü var: “Örkən ha uzun olsa da, gəlib doğanaqdan keçər”. Demokratiya, qanunçuluq, insan hüquqları – çağdaş dünyada, belə desək, özümlü bir doğanaqdır: dövlətçilik hara getsə, hara hərlənib-fırlansa yenə gəlib onlardan keçəsidir. Bizdə indilik bunların biri də olmadığından, demək, dövlətçilik də yoxdur. 

Son çağlar Azərbaycanın da başında duranlarından olduğu BMT-nin yaydığı ƏN XOŞBƏXT ÖLKƏLƏR sıralamasında Azərbaycan ƏN BƏDBƏXT ÖLKƏLƏRIN arasında yer tutur. Azərbaycan bu sıralamada Iraq, Iran, Hindistan, Fələstin, Monqolustan, Zimbabve, Tunus, Qana kimi ölkələrdən də geridə qalır. BMT göstəriciləri belədir. Azərbaycanın illərdən bəri savaş içində olan Fələstindən, Iraqdan ötə gedən indiki BƏDBƏXTLIYININ kökündə Əliyevlərin qurduğu monopoliya rejimi dayanır. Dünyanın hər yerində milyonlar, milyardlarla dəyərində pulu, malı-mülkü olan bu ailənin milyarder XOŞBƏXTLIYI Azərbaycanın bügünkü yoxsul BƏDBƏXTLIYINDƏN qaynaqlanır. Bu recim qaldıqca, cinayətkarcasına seçki saxtalaşdırmaları qaldıqca, hakimiyətin bölünməsi sürəci baş vermədikcə indiki BƏDBƏXTLIYIMIZ dəyişməz qalacaq. 

Iatisadiyat – sənaye nazirliyinin bildirdiyinə görə, “son ildə Azərbaycanda əhalinin etibarlı ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində ciddi nailiyyətlər əldə olunub”. Yalandır, həyasızcasına yalan! Nazirliyin bildirdiyinə görə, “ölkəmizdə əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlib – ölkə əhalisinin istifadə etdiyi bir çox əsas qida məhsulları Azərbaycanda istehsal olunur”. Burası yalan deyil, doğrudur. Ancaq, nə olsun? Ölkədə monopoliya rejimi qurulubsa, siyasi, ekonomik, hüquq hakimiyəti prezident başda olmaqla bir ailənin, bir qrup QANUNDAN ÜSTÜN adamın-işbazın əlində toplanıbsa, “bir çox qida məhsullarının Azərbaycanda istehsal olunması” nəyi dəyişəsidir? Ortada konkurensiya, kontrol yoxdursa, “əsas ərzaq məhsulları ilə özünütəminetmə” bizə yaxşı nə verə bilər? Ölkədəki bütün başlıca gəlir qaynaqlarını çoxdan Əliyevlər ailəsi əlatı oliqarxlarla birlikdə ələ keçiriblər. Ölkədəki başlıca sənaye alanları da Əliyevlər ailəsinin, ailəyə bağlı qruplaşmaların əlindədir. Son illər aqrar sektorda da Əliyevlərin, bəlli oliqarxiyanın monopoliyaları meydan sulamaqdadır. Ölkənin hər yerində “fermer təsərrüfatları” adına əliyevçi oliqarxiya TƏSƏRRÜFATLARI yaradılır, hamısı da dövlət resurslarından yararlanmaqla. Gerçək əkinçilərə krediti 20-30 faiz arasında verirkən, özləri dövlət resurslarından yararlanmaqla aqrar sektora da yiyələnirlər. Korrupsiya üzərində qurulan monopoliya rejimində “ərzaq təhlükəsizliyindən” danışmaq… eləcə xalqı aldatmaqdır. 

Az öncə ölkəyə Almaniyadan, Fransadan çoxlu keçi alıb gətirdilər. Jurnalist dostlardan biri uzun axtarış sonucunda bu keçiləri Ağcabədidə – Əliyevlər ailəsinə bağlı “fermer təsərrüfatında” tapıb! Seçkiöncəsi bütün ölkə boyunca altı ay qabağın vergisini topladılar. Seçkisonrası pinəçilərdən belə, vergi yığımını artırıblar (5 manat!). Xalqdan dirəniş görmədikcə daha da acgözləşir, daha çox qamarlamağa, daha çox pul, var-dövlət toplamağa çalışırlar. Indinin özündə də dünyanın ən varlı prezident ailəsi sayılırlar, ancaq, nə olsun, ölkəyə dövlətin puluyla alınıb gətirilən keçidən də keçmir, keçə bilmirlər…