“Anlamaq üçün iztirablarımızın dibinə enmək…”

Bu vağzalda gecələyən

yorğun, yuxusuz adamlar,

bahalılar yanında

dərdi ucuz adamlar…

Məmləkətdə vətəndaşlara hər gün sürpriz var. Elə sürpriz ki, hər eşidəndə insanların üzü bir az da turşuyur, qanı bir az da qaralır, boğazı bir az da quruyur, qəddi bir az da əyilir. Artıq yeni qiymət artımının siqnalı da gəldi.  Yanacağın bahalaşması ölkədə hər şeyin bahalaşmasına işarədir. Bu, dünyanın hər yerində belədir. Amma adama elə gəlir ki, bunu dünyanın ən çarəsiz və ən bədbəxt şəkildə qəbul edən insanı Azərbaycan vətəndaşıdır. Çünki bu bahalaşma zərbələri ilə hər dəfə özünü başına yumruq dəymiş kimi hiss edən o insanlar nə zərbələrə qarşılıq verməyə, nə də etiraz etməyə həvəsli görünürlər. Hər kəs də bu şokun və gücsüzlüyün acısını millətin qarasına söylənməkdən çıxarır, özümüzün də bir fərdi olduğumuz millətin qarasına… Gündəlik söhbətlərimizdə “bizdən bir şey çıxmaz”, “biz düzələn millət deyilik”, “biz nə qədər yatacağıq…” kimi “kompliment”ləri eşitməkdən də qulağımız yağır olub artıq.

Əslində, biz heç də bu qədər gücsüz, bacarıqsız və əfəl millət deyilik. Xeyr, bu sadəcə bir psixoloji məsələdir. Azərbaycan vətəndaşlarının çoxunda sanki yaşadıqları ölkədə evsiz-eşiksizlər kimi vağzalda gecələmək məhkumluğu psixologiyası var. Sanki bu ölkənin insanı öz vətəninə sahiblik hissini itirib və onun istismarçı bir təbəqənin plantasiyası olması reallığı ilə razılaşıb. Sanki Azərbaycan insanı bu ölkədə bahalılar yanında dərdi ucuz və dəyərsiz olaraq yaşamaq həqarətini könüllü olaraq qəbul edib. Amma niyə? Axı “bizi əngəlləyən, ətalət yuxusuna verən səbəblər hansılardır” sualının cavabı niyə heç kimi düşündürmür? Ümumilikdə, buna əsas olaraq göstərilən “daşdan keçən” bir bəhanə var, “bizim əlimizdən nə gəlir ki…” deyib yaxasını kənara çəkmək bəhanəsi. Elə bir insanın gücsüzlüyünün təməlində dayanan əsas şey də özünə inamsızlıq olmalı. “Inanmaq uğurun yarısıdır” deyimi boşuna yaranmayıb ki…  

Gücsüzlük və ya ətalət alın yazısı deyil. Bundan xilas olmağın yolu azacıq əl-qol uzatmağa can atmaqdan başlaya bilər. Dünyanın ən böyük ideya adamlarından biri Vatslav Havel “Gücsüzlərin gücü” əsərində yazırdı: “Elə məqamlar var ki, gün işığında ulduzları görmək üçün quyunun dibinə enməli olduğumuz kimi, həqiqəti anlamaq üçün də öz iztirablarımızın dibinə enməliyik”. Bəli, Azərbaycan insanı da bu gün həqiqəti anlamaq üçün məhz öz iztirablarının dibinə enib onun səbəblərinə diqqətlə baxmalıdır.

Bir insanın özünü olduğundan daha kiçik və zəif görməsi, olduğundan daha böyük və güclü görməsi qədər anormallıqdır. Bəlkə də, irəli getmək istədiyimiz yerdə ayağımızdan çəkib saxlayan əsas qüvvə də elə odur. Bu, hardasa özünü darı sanan adamın hekayəsinə bənzəyir. Adamın biri özünü darı zənn edir və harada bir toyuq görsə “aman, məni yeyəcək” deyib qaçırmış. Ətrafdakılar nə qədər “sən darı deyilsən” söyləsələr də, adamı inandıra bilməmişlər. Sonda onu bir  psixoloqa getməyə razı salmışlar. Psixoloq uzun seanslardan sonra adamı darı olmadığına inandıra bilmiş. Nəhayət, son seansda adam minnətdarlıq edib qapıya yönəlmiş, amma tam qapıya çatdığı zaman yenidən geri dönmüş və psixoloqdan soruşmuş: “Yaxşı, bildim, mən darı dənəsi deyiləm, amma bunu toyuqlara kim anladacaq?”.

Gerisini anlatmağa ehtiyac varmı?..