Anar Məmmədli: «Gənclərin demokratiya və insan haqları sahəsinə marağının artması hakimiyyətdə qıcıq doğurur»
Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin təqdimatında çıxışı zamanı gənclərə məsləhət verib. O bildirib ki, Qərbin əsası olmadan təlqin elədiyi bu və ya digər dəyərlərdən, bəzən gəncliyi, mətbuatı, ayrı-ayrı jurnalistləri, cüzi qrant verməklə öz xalqına, öz dövlətinə qarşı istifadə etməsindən və digər bu kimi təhlükələrdən xilas olmaq lazımdır.
“Bir gəncin hansısa antiAzərbaycan qüvvəsinin, hansısa layihəsinə dəstək verib, ordan 2-3 min manat alıb müəyyən ehtiyacını ödəməsindən xilas olmaq vaxtımızdır. Gəncləri xarici təsirlərdən azad etmək hər birimizin borcudur”- deyə Əli Həsənov bildirib.
Göründüyü kimi, beynəlxalq təşkilatlarla əməkdaşlıq edən, QHT fəaliyyəti göstərən, ölkədəki antidemokratik rejimi tənqid edən gənclər hakimiyyətin nəzərində zərərli qüvvədir.
Əli Həsənovun fikirlərinə münasibət bildirən SMDT rəhbəri Anar Məmmədli hesab edir ki, hakimiyyət yeni düşüncəli gənclərdən qorxur və müstəqil gənclərin fəaliyyəti qıcıq doğurur: “Əli Həsənovun bu görüşdəki çıxışını, hakimiyyətin gənclərlə bağlı uzun illərdi apardığı siyasətinin davamı kimi qiymətləndirirəm. Azərbaycanın müstəqil fikirli gəncləri son illər böyük nailiyyətlərə imza atıblar. Xüsusən də insan haqları və demokratiya sahəsinə gənclərin marağı artmaqdadır. Bu tendesiya isə hakimiyyətdə qıcıq yaradır. Bu gün Azərbaycan gəncliyi ölkəsinin taleyi ilə bağlı ictimai-siyasi debatlara qoşulur, beynəlxalq tədbirlərdə ölkəsini təmsil edir. Hakimiyyət isə gənclərə yaltaqlıq aşılayır, uydurma dövlətçilik mühazirələri oxuyur. Azərbaycan hakimiyyəti ölkə gəncliyinə yeni heç nə təklif edə bilmir. Televiziyalar, radiolar gənclərin üzünə qapalıdır. Parlamentdə, bələdiyyələrdə, ümumiyyətlə, dövlət orqanlarında gənclərin təmsilçiliyinə yaşıl işıq yandırılmır. Faktiki olaraq Azərbyacanda gəncliyə qarşı dözülməz bir münasibət var. Hakimiyyətin təşkil etdiyi toplantılarda iştirak edən gənclər isə yeni gənclik deyil. Ola bilər ki, onlar yaşca gəncdir, ancaq ruhən qocalmış gənclərdi və hakimiyyət də belə gəncliyi arzulayır. Hakimiyyətin istənilən məmurunun belə çıxışları bizə qəribə görünmür. Çünki bunların deyə biləcəyi başqa söz yoxdur”.
Ilham Hüseyn


