İsmayıllı Kiyev olmasa da…

Bir həftə əvvəl Ukraynada tam sakitlik idi, müxalifət partiyaları meydana altı milyonluq Kiyev üçün gülünc sayda  avropasevərlər toplaya bilmişdilər. Yanukoviç istehza ilə müxalifət liderlərini aşağılayırdı, telefonla Rusiya prezidentinə “narahatlığa heç bir əsas yoxdur, hər şey mənlikdir, xalq fil qulağında yatıb” deyirdi. 

Cəmi üç günə hadisələr elə inkişaf etdi ki, hazırda Ukrayna prezidentinin şəxsi təhlükəsizliyi məsələsi gündəmə gəlib. Ola bilər ki, bu yazı işıq üzü görəndə devrilmiş Viktor Yanukoviçin sorağı Moskvadan gəlsin. Bəli, hadisələr çox sürətlə davam edir. Yeri gəlmişkən, xalq “fürsət”dən istifadə edərək, bürokratiya yuvalarını da dağıdır. Hiss olunur ki, xalq Avropaya Yanukoviçsiz getmək istəyir. Yanukoviç də bunu hiss edərək, həm Əli aşından, həm də Vəli aşından olmaq istəmir, Putindən möcüzə gözləyir, ümid edir ki, kütləni onun köməyi ilə dağıda biləcək. Əvvəla Rusiya xüsusi təyinatlıları yad, özü də Ukryana kimi bir ölkədə od-alovun içinə girəcək qədər axmaq deyil. Rusiya olsa-olsa Ukraynanı qazı kəsməklə hədələyəcək. Bu isə Putinə heç bir dividend gətirmir, əksinə, buna gedəcəyi halda, cəmiyyət bunu slavyan qardaşlığına xəyanət kimi qiymətləndirəcək. Narıncı inqilabdan sonra Putin bu addımı atmağa cəsarət etmədi, geri çəkildi.

Qısası, Ukraynada inqilab baş verir, xalq demokratiya və Qərb dəyərləri üçün vandalizmdən belə çəkinmir. Çarə yoxdur, neyləsinlər. Maydandan izlədiyimiz görüntülərdə xalq güclü Yanukoviç hakimiyyətini silib süpürür, asayiş keşiyində durmalı olan polisin xalqı “qorxutmaq” cəhdləri fiaskoya uğrayıb. Hazırda siyasi liderlər nümayişçilərdən vahiməyə düşmüş polislərə qarşı mülayim davranmağı xahiş edir, eyni zamanda Yanukoviçin Kiyevdəki mənzil-qərargahı ətrafındakı həlqə getdikcə daralmağa başlayır. Nostalji görüntülərdir, deyilmi?

Son iki ildə oxşar hadisələr Quba və Ismayıllıda baş vermişdi. Hüquq mühafizə orqanları ayağa qalxmış xalqın üzərinə getməyə cəsarət etmirdilər. Qubada icra başçısı Rauf Həbibovun dəbdəbəli villasını yandırdılar, Ismayıllıda isə xalq Nizami Ələkbərova və qardaşına məxsus olan daşınar və daşınmaz əmlakı yanırdılar. 

Qubadan seçilmiş deputat Vahid Əhmədov hadisələr zamanı rayona səfərini qısaca olaraq, belə xatırlayırdı: “Ölümün bir addımlığından döndük, hələ də özümə gələ bilmirəm”. Istər Qubada, istərsə də Ismayıllıda rejimin repressiya maşını xalqla toqquşmada yararsız hala düşmüşdü. Qubanın və bütovlükdə Şimal zonasından sorumlu olan nəqliyyat naziri, qubalılara yalvarmaqdan belə çəkinmirdi. 

Istər Qubada, istərsə Ismayıllıda baş verən üsyanlarda müxalifət partiyalarının izi belə yox idi, azad mətbuat belə bu rayonlara gedib çıxmırdı. Yalnız Ismayıllı hadisələri zamanı “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin müəllif proqramı olan “Azərbaycan saatı”ı yayımlanırdı. Ona da evində “çanaq antenası” olanlar baxa bilirdi. Lakin buna baxmayaraq, xalq ayağa qalxdı və hakimiyyət geri çəkilməyə məcbur oldu. Yuxarıda qeyd etdiyim kimi, Kiyevdə ilk günlər müxalifət partiyalarının təşkil etdiyi mitinqləri polis asanlıqla dağıda bildi. Müxalifət işini bitmiş hesab etmişdi ki, xalq ayağa qalxdı və Kiyev bugünkü hala gəldi. 

Yəqin ki, bir neçə gündən sonra dövlət rəsmiləri “Bura Ukrayna deyil” demək üçün növbəyə duracaqlar. Müxalifət liderlərinin, yazarların ünvanına təhqiramiz ifadələr işlədib, bununla da işlərini bitmiş hesab edəcəklər…

Bir həftə öncə Ukraynada vəziyyət Azərbaycandakından da sabit idi. Orada buna qədər hətta Ismayıllı və Quba olaylarına bənzər hadisələr baş verməmişdi. Üstəlik, Yanukoviç rejimi də Ilham Əliyev rejiminə nisbətən mülayim idi, xalqın bir ayağı demokratiyada, bir ayağı avtoritarizmdə idi. Bizdə olduğu kimi, ukraynalıların da bir hissəsi baş götürüb ölkədən getmişdi. Orada da mətbuat azad deyildi, müxalifət liderləri amansız təqib olunurdu, ölkə əhəmiyyətli dərəcədə Rusiyanın təsiri altında idi. Güclü hakimiyyət var idi, Yanukoviç Putinin yolu ilə gedəcəyini heç gizlətmirdi, gah Avropaya, gah də Rusiyaya meyllənirdi. 

Xalqlar istəmədiyi rejimləri yıxmaq üçün daima “bəhanə” axtarır. Olmayanda isə, onu özü fikirləşir, Ukraynda Avrointeqrasiya adı altında həm də Yanukoviçi devirirlər, əslində ondan bunu tələb etməli idilər. 

Azərbaycan xalqının bu rejimdən qurtulmaq üçün hansı “bəhanəni” fikirləşəcəyini indidən söyləmək çətin olsa da, onu tapacağından əminəm. 

Mənə elə gəlir ki, “bəhanə” elə primitiv olacaq ki, Kiyev bunun yanında toya getməli olacaq.