Demokratik Qüvvələrin Milli Şurasının bu gün keçirilən sessiyasında “Azadlıq” qəzetinin düşdüyü ağır vəziyyətlə bağlı bəyanat qəbul olunub. Bəyanatda deyilir:
“Son dövrlər Azərbaycan hakimiyyətinin azad medianı tamam sıradan çıxarmaq siyasəti “Azadlıq” qəzetini demək olar ki, bağlanmaq təhlükəsilə üz-üzə qoyub. Qəzet hakimiyyətin siyasi iradəsiylə ədalətsiz məhkəmə qərarları ilə böyük miqdarda cərimə edilib və buna görə də bank hesabı artıq iki aya yaxındır ki, bağlanılıb. Qəzet nəşriyyata olan borclarını və əmək haqqını verə bilmir və demək olar ki, faktiki sıradan çıxmaq təhlükəsiylə üz-üzədir. Milli Şura hakimiyyəti mediaya təzyiqlərdən əl çəkməyə və ictimaiyyəti azad mediaya dəstək olmağa çağırır. Milli Şura bəyan edir ki, hökumət bu cür addımlarla cəmiyyətin səsini boğaraq, onu radikal addımlara təhrik edir və bu, dövlətçilik, dövlətin imici üçün ciddi təhlükədir”.