Vəkil, hərəkatçı Qurban Məmmədovun məhkəmə prosesi bitməkdədir. Sonuncu prosesdə prokuror çıxış edərək ona 3 il iş istədi. Prokurordan qabaq Qurban bəy özü çıxış etdi, məhkəmə araşdırmasının yetərsiz oluğunu, istintaq dönəmində olduğu kimi məhkəmədə də Cinayət Prosessual Məcəllənin bir çox prinsiplərinin pozulduğunu göstərməklə işin yenidən istintaqa qaytarılmalı olduğunu dildirdi. Bn üstündən prokuror – dövlət ittihamçısı (suçlamaçı) öz sözünü dedi: danışıqsız 3 il!
Qurban Məmmədov təklənmiş durumda
Qurban Məmmədov professional, güclü vəkil olmaqla yanaşı, eləcə də, belə desək, professional hərəkatçı-siyasətçidir. Onun bioqrafiyası o başdan bu başa hüquqçu-siyasətçi bioqrafiyasıdır. Hüquqçu-siyasətçi, siyasətçi-hüquqçu: bunlar çoxdan Q.Məmmədovun yalnız professiya öhdəlikləri deyil, eləcə də xarakter özəllikləri olaraq ortaya çıxan görsənişlərdir. Hüquqçu-hərəkatçı-siyasətçi bioqrafiyasına uyğun olaraq Qurban bəy bu dövlətin başında duracaq kimsələrdən biridir. Bir olmalı idi. Olmayıb, ola bilməyib. Belə bir gerçəklik üzündən o, bu gün dəmir barmaqlıqlar arxasında oturmalı olur. Ancaq ortada bu gerçəkliyi doğuran başqa bir gerçəklik də var: əliyevçi rejim gerçəkliyi. Q.Məmmədov 1988-89-cu illərdə indiki üç boyalı bayrağı Sabirabaddan başlamış bütün ölkə boyunca başı üzərinə qaldırıb dalğalandırırkən indiki dövlət başçısı Ilham Əliyev iki erməni ortağıyla birgə Rusiya ilə Türkiyə arasında kiçik biznesə uğraşmışdı. Onun Politbütodan uzaqlaşdırılmış atası isə “Bəlkə də, qaytardılar” ümidi ilə hələ də Moskvada otururdu.
SSRI dağıldı, Azərbaycanda Q.Məmmədovun da öncül-aktivlərindən olduğu Xalq Hərəkatı 1992-ci ildə hakimiyətə gəldi. Bircə il sonra, 1993-də, çevriliş yoluyla ölkədə Xalqa yad, Xalq Hərəkatına düşmən əliyevçi rejim quruldu. Bununla da Xalq Hərəkatına bağlı adamlar üçün repressiya dönəmi başladı. Qurban Məmmədovun indiki məhkəməsi bəlli axarda daha bir repressiya görsənişidir. Bu baxımdan da indiki məhkəmədə o, təklənmiş durumdadır: burada prezidentdən tutmuş hakimə, prokurora, şahidlərə, zərəri çoxdan, artıqlamasilə ödənilmiş zərərçəkmişədək hamı ona qarşıdır.
Qarşıdakılar kimdir?
Hakim, prokuror bəllidir: rüşvətin-korrupsiyanın-oğurluğun-monopoliyanın dövlət siyasətinə çevrildiyi ölkədə hakim, prokuror rejimə qulluq funksiyasını yerinə yetirirlər. Başqa cür desək, onlar başdan ayağa kriminallaşmış rejim qulluqçularıdır. Buna görə heydərizm dönəminin bütün məhkəmələri hakim-prokuror tandeminə bağlıdır. Hakimin də, prokurorun da pultu bir əldədir. Hakim-prokuror tandeminin başqa bir ayrılmaz komponenti də var: müstəntiq. Burada müstəntiq bişirən hakimlə prokuror birlikdə döşürəndir. Beləliklə, ortaya hakim-prokuror-müstəntiq tandemi çıxır. Sonra gəlir şahidlər. Şahidlər tandemin olduqca gərəkli işverən-yardımçılarıdır (burada, sözsüz, yalançı şahidlərdən danışılır). Indinin çox məhkəmələrində olduğu kimi, Qurban bəyin məhkəməsində də rejimin iyrəncliyi bütün çılpaqlığı ilə ortaya çıxır; şahid-işverən polis obrazında. Düzdür, o, keçmiş polisdir, ancaq bu nəyi dəyişir? Indiki-keçmiş işverən-şahid polislər son 20 il boyunca bizdə ünlü məhkəmə atributlarına çevriliblər. Bəs zərərçəkmiş? Bizim eninə-uzununa inteqrasiya olunduğumuz Avropada zərərçəkmiş zərərvuranı bağışlayandan sonra, demək olar, məhkəməlik iş qalmır. Bizdə zərərçəkmişə çox istəsə də, belə hüquq tanınmır. Başlıcası da, zərərçəkmiş, Qurban bəyin işindəki kimi, rejimə çox gərəkli olanda…
Prokuror çıxışında dönə-dönə “piyadaçı” anlayışını işlətdi. “Piyada” farscadır, miniksiz adama deyilir. Bizdə piyada qoşun növündə olan adama “piyadaçı” deyilir. Zərərçəkmiş Pərviz Abbasov dayanacaq gözətçisi olub. Hansısa qoşun növü ilə bağlılığı olmayan adamı prokurorun “piyadaçı” adlandırmağı ikili qanun pozuntusudur: 1) dövlət dili qanunu; 2) gözətçini “piyadaçı” adlandırmaqla 3 illik cəza stimullaşdırması…