Dünən gənc bir vətəndaşımızın “milli facebook” yaratdığı xəbərini oxudum. Qardaşın öz dediyinə görə, “azeluk” adlanan bu “milli facebook” facebook-un əslindən daha çevik, sürətlidir, istifadəsi də daha asandır. Nə deyə bilərik, vətənə, millətə xeyirli-uğurlu olsun. Bundan sonra hamı yerli status yazsın, “like” vətənə qalsın.
Ümumiyyətlə, biz hər şeyin millisini yaratmaqda çox mahirik, elə bu ilin əvvəlində xəbər yayıldı ki, Qusarın ağsaqqal bir sakini “milli vertolyot” düzəldib. “Milli vertolyot”un bircə əmması vardı – uça bilmirdi. Lap məşhur lətifədə deyildiyi kimi, “bizə hovuz tikiblər, söz veriblər özümüzü yaxşı aparsaq, hovuza su da buraxacaqlar”. Mən bilmirəm, “milli vertolyot”un axırı necə oldu, o, nəhayət ki, uça bildi, ya yox. Amma bu, heç önəmli deyil. Uçmasa da olar, əsas odur ki, milli olsun.
Əlbəttə, sadə vətəndaşları bekarçılıqdan belə milli icadlarla məşqulat etdiyinə görə görə qınamaq olmaz. Əgər təzəlikcə hökumət milli klaviaturanın yaradıldığını az qala, yeni Qurtuluş bayramı kimi təmtəraqla, təntənə ilə bayram etdisə, biz sıravi insanlardan nə gözləyək? Həmin milli klaviatura bizim mental dəyərlərə tamamilə uyğun hazırlanıb. Məsələn, onunla hökumət əleyhinə bir kəlmə olsun belə, yazmaq mümkün olmayacaq, çünki milli düşüncəmizə görə, hökumətlə hökumətlik etməzlər, ağa deyirsə sür dərəyə, sür dərəyə və s.
Hələ milli peykimizə nə deməli? Təsəvvür edin, peyki ABŞ şirkəti hazırlayıb. Oradan Fransız Qvineyasının Atlantik okeandakı Kuru adasında yerləşən kosmodroma gətiriblər. Buradan da Fransanın Arian-5 kosmik gəmisi ilə geostasionar orbitə çıxarıblar. Indi bunun harası milli oldu, gəl, başa düş. Amma məsələ bunda deyil. Əsas odur ki, peykimiz allahsız yerdə otursa da, ağsaqqalsız yerdə oturmasın, böyüyün sözünə qulaq asmayıb böyürə-böyürə qalmasın, kosmosda başıaşağı fırlansın, naməhrəm peyklərə gözünün ucu ilə də baxmasın. Əsl millilik budur, yerdə qalanı boş şeydir. Biz bu gedişlə milli kosmos da yarada bilərik. Bir də eşitdiniz ki, milli kosmonavtlarımız artıq milli Aya enib, orada nəinki həyatın, hətta muğamatın, sazın, Yazıçılar Birliyinin də olduğunu kəşf etdilər.
Hətta arada adam təəccüblənir ki, necə olub, indiyədək bir başdanxarab çıxıb özünü “milli Eynşteyn”, başqa biri “halal Nyuton” elan etməyib?!
Əslində, bütün bunları yazmaqda məqsədim heç də sizi milli ixtira və icadlarımızla tanış etmək deyil. Məqsədim çox sadə, bəsit bir suala cavab aramaqdır: biz gəlişmiş, elmi-texniki tərəqqi yolunda iri addımlarla irəliləyən ölkələrin nailiyyətlərini kustar üsullarla təkrarlayaraq, ya da puldan basaraq onların milli variantlarını yaradaraq nəyə nail olmaq istəyirik? Nəyə ümid edirik bütün bunlarla? Velosipedi yenidən kəşf etməyə çalışmaqla nə qazanmağa çalışırıq?
Ərəb ölkələri Qərbin, Avropanın, yaponların elmi, texniki nailiyyətlərini, ixtiralarını “halal”laşdırmaq kimi səfeh bir işlə məşğul olduqları kimi, nədir bizim bu “milli”ləşdirmək mərəzimiz? Qardaş, el-aləmin ingilisinin, fransızının, almanının, yaponunun, amerikalısının gecəsini gündüzə qatıb, çalışıb-çabalayıb, tər axıdıb yaratdıqlarını, qurduqlarını illah ki, “milli”ləşdirməyə məcbursunuz? Onsuz da hazıra nazir olmağı sevən toplumlarsınız, gedin ürəyiniz istəyən kimi istifadə edin, bunları yaradanlara, hazırlayanlara da dua oxuyun, kifayətdir. Daha nədir illah ki, bu “halal facebook”, “milli klaviatura” mərəzi? Nə düşüklükdür bu?!
Onsuz da gəlişmiş, tərrəqipərvər, irəligörüşlü, elmin, bilginin, ağlın, təfəkkürün qutsal sayıldığı toplumların əsrlərcə min bir məhrumiyyət, məşəqqət hesabına bəşəriyyətə qazandırdığı nailiyyətləri nə kökə, hansı əcaib hala saldığınız onsuz da göz önündədir. Məsələn, biri elə parlament – siz onu seçkili orqandan təyinatlı orqana çevirərək, əslində, “milli parlament”, “halal parlament” yaratmısınız. Konstitusiya desəniz, “milli kağız parçası”. “Məhkəmə” desəniz, milli xalq oyunu, məzhəkə. Hansı birini sadalayaq?
Barı el-aləmin klaviaturası, peyki, vertolyotu, “facebook”u ilə işiniz olmasın.
Özünüz yaratmırsınız, heç olmasa, özgəsinin yaratdığını yarıtmaz eləməyin.