Etibar Əliyev
«Biz təhsildə təkamül yolunu seçmişik»
(Misir Mərdanov)
«Təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımırlar»
(Mikayıl Cabbarov)
Iqtisadi Əməkdaşlıq və Inkişaf Təşkilatının keçirdiyi məktəb təhsilinin keyfiyyətini qiymətləndirmə monitorinqinin (PISA proqramı) nəticələri bir çox ölkələrdə Olimpiya milli yığmasının çıxışı kimi böyük həvəslə izlənilir. Monitorinqin tədqiqat obyekti – 15 yaşlı şagirdlərin təhsil nailiyyətləridir. Bir çox ölkələrdə bu yaşda icbari məktəb tədrisi bitir, icbari orta təhsilin milli proqramları isə yuxarı siniflərdə olduğu kimi güclü dərəcədə fərqlənmir. Bütün dünyada orta təhsilin ikinci pilləsi (icbari təhsil) xüsusilə əhəmiyyətlidir: axı bu, həyat boyu dünyada baş verən bütün təhsil prosesinin fundamentidir. Əgər uşaqda cəmiyyətdə uğur əldə etmək üçün vacib olan bilikləri sərbəst əldə etmək qabiliyyəti varsa və ya tərbiyə edilibsə qalan şeylər yoluna düşəcək.
PISA 2000-in uğursuz nəticələri Almaniyada milli rüsvayçılıq kimi qəbul edilmişdir. Monitorinqin nəticələri hər yerdə – evlərdəki mətbəxdən tutmuş hökumət iclaslarına kimi müzakirə olunmuşdu. Bununla bağlı təcili ölçülər götürülmüş və nəticədə alman yeniyetmələrinin 2000-ci ildə topladıqları orta bal (484), 2003-cü ildə 503-ə, 2006-cı ildə isə 516-a çatmışdır. Şübhəsiz ki, PISA 2009-un bu ölkə üçün neqativ olan nəticələri məktəb proqramında ciddi dəyişikliklər edilməsinə gətirib çıxardı. PISA tədqiqatı müxtəlif ölkələrin təhsil sistemində baş verən dəyişiklikləri aşkar və müqayisə etmək, təhsil sahəsində olan strateci qərarların effektliyini qiymətləndirmək imkanı verir.
Azərbaycan məktəbliləri 2006-cı ildə 57 ölkə arasında 46-cı yeri, 2009-ci ildə isə 65 ölkə arasında 64-cü yeri tutub. Məhz bu dövrlər arasında qulağımızın pərdəsini deşən təhsil islahatlarından danışılıb. Bunların bir neçəsinin adını çəkmək olar: Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin Informasiya Kommunikasiya Texnologiyaları ilə təminat proqramı (2005-2007-ci illər), Ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadra təminatı üzrə inkişaf proqramı (2005-2009-cu illər), Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə proqram (200-2010-cu illər), Dünya Bankının maliyyə dəstəyi ilə Təhsil sektorunun Inkişafı layihəsi (2003-2007-ci illər), Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqla təmin olunmasına dair inkişaf proqramı (2006-2015-ci illər) və s. PISA nəticələrini bir qırağa qoyub yerli nəticələrə diqqət etsək görərik ki, 2012/2013-cü tədris ilində təkcə təbiət elmləri və texniki ixtisas qrupu üzrə (1-ci qrup) imtahan verən abituriyentləriin 60 faizi 0-200 bal toplayıb.
Ölkəni funksional savadsızlıq bürüyüb. Kütləvi savadsızlığa görə heç kim məsuliyyət daşımır. Sanki bu amil təbii fəlakət kimi qəbul olunur. “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına təsiri yoxdur. Yeri gəlmişkən Təhsil nazirliyi Bakı məktəblərinin 2012-2013-cü tədris ili üzrə buraxılış imtahanının nəticələrinə görə reytinq göstəricilərini müəyyənləşdirib.
2011-2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə Bakı şəhərində 21 Ümumi təhsil müəssisəsi 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırıb: Həmin məktəblər bunlardır: 3 nömrəli məktəb-lisey, 9 nömrəli tam orta məktəb, 16 nömrəli texniki-humanitar lisey, 26 nömrəli tam orta məktəb, 36 nömrəli tam orta məktəb, 45 nömrəli tam orta məktəb, 58 nömrəli tam orta məktəb, 60 nömrəli tam orta məktəb, 146 nömrəli tam orta məktəb, 157 nömrəli tam orta məktəb, 158 nömrəli tam orta məktəb, 178 nömrəli tam orta məktəb, 183 nömrəli tam orta məktəb, 189 nömrəli tam orta məktəb, 201 nömrəli tam orta məktəb, 221 nömrəli tam orta məktəb, 253 nömrəli tam orta məktəb, 266 nömrəli tam orta məktəb, 276 nömrəli tam orta məktəb, 278 nömrəli tam orta məktəb, 313 nömrəli tam orta məktəb.
Bu ümumi təhsil müəssisələrinin nazirliyin Bakı şəhəri üzrə müəyyənləşdirdiyi reytinq cədvəlindəki 332 məktəb arasında tutduqları yerə baxaq:
3 nömrəli məktəb-lisey-107-ci yer;
9 nömrəli tam orta məktəb-120- ci yer;
16 nömrəli texniki-humanitar lisey-101-ci yer;
26 nömrəli tam orta məktəb-140-cı yer;
36 nömrəli tam orta məktəb-182-ci yer;
45 nömrəli tam orta məktəb-121-ci yer;
58 nömrəli tam orta məktəb-226-cı yer;
60 nömrəli tam orta məktəb-30-cu yer;
146 nömrəli tam orta məktəb-157-ci yer;
157 nömrəli tam orta məktəb-108-ci yer ;
158 nömrəli tam orta məktəb-143-cü yer;
178 nömrəli tam orta məktəb-233-cü yer;
183 nömrəli tam orta məktəb-277-ci yer;
189 nömrəli tam orta məktəb-29-cu yer;
201 nömrəli tam orta məktəb-193-cü yer;
221 nömrəli tam orta məktəb-190-cı yer;
253 nömrəli tam orta məktəb-158-ci yer;
266 nömrəli tam orta məktəb-234-cü yer;
276 nömrəli tam orta məktəb-80-ci yer;
278 nömrəli tam orta məktəb-115-ci yer;
313 nömrəli tam orta məktəb-75-ci yer.
Əslində “ən yaxşı ümumi təhsil müəssisələri” 50-yə qədər olan yerlərdə qərarlaşmalı idilər. Təhsilin bütün pillələrini yalançı statistika, fırıldaq, manipuliyasiya bürüyüb. Ötən tədris ilində 248 nəfərə qızıl medalın verilməsindən sonra onların qəbul imtahanlarında topladığı ballar aşkar edildikdə rüsvayçılıq ortaya çıxmışdı. Yeni nazir köhnə nazirin dağıdıcı əməllərini araşdırmaq istəmir. 14 islahat proqramına ayrılan külli miqdarda vəsaitlər talan edilib. Müəllim işləmək haqqı belə olmayan adamlar məktəblərə direktor təyin olunublar. Mikayıl Cabbarov və onun komandası bütün ümidlərini “Təhsilin inkişaf strategiyasına” bağlayıb. Strategiyadan əvvəl bünövrə olmalı idi. O, bünövrəni Misir Mərdanov təkamül təliminə istinad edərək dağıdıb. Orta məktəblərdə təhsil alanlara (1.5 milyon şagirdə) 10 il nəğd pula məktəbli kitabçası (gündəlik) satdıran nazirin məktəbdə nə hörməti ola bilərdi? Rüşvət üstündə həbs olunmuş birisinin Azərbaycanın 2-ci böyük şəhərinə Təhsil şöbəsinə müdir təyin edən nazirin həmin şəhərin məktəblərində nüfuzu ola bilərdimi? Bu cür hərəkətlər məktəb mühitini dağıdıb. Ilk öncə mühitin yaxşılaşdırılması üçün ciddi addımlar atılmalıdır. Artıq təhsilin bütün pillələrində rəhbər vəzifələr tutan şəxslərdə arxayınçılıq yaranmağa başlayıb. Hesab edirlər ki, nazirin başı “Inkişaf strategiyası” və hüquqi islahatlara qarışıb.
Itirilmiş hər gün isə böhranı dərinləşdirir
Ali məktəblərin indiki rəhbərləri ilə heç cür islahat aparmaq mümkün deyil. Onların əksəriyyəti “islahatları” artıq başa vurublar. Artıq cəmiyyətdə onların çoxuna həm də oliqarxlar deyirlər. Orta ixtisas təhsili məktəblərinin direktorları da həmçinin.
Hamı gözünü Mikayıl Cabbarova dikməklə möcüzə gözləyir. Insafən canlanma da hiss olunur: hələlik bu canlanma “bir addım irəli, iki addım geri” məsələsinə bənzəyir.


