Cəmil Həsənli BDU-dan çıxarıldı

İctimaiyyət nümayəndələri hakimiyyətin bu addımını etirazla qarşıladı

Milli Şuranın prezidentliyə keçmiş namizədi, tarix elmləri doktoru, professor Cəmil Həsənli müəllim işlədiyi Bakı Dövlət Universitetindən çıxarılıb. O, “Media forum” saytına bildirib ki, sentyabr ayından universitetə getmir: “2011-ci ildə könüllü şəkildə BDU-da ştatdan çıxmışam. Amma müqavilə əsasında saathesabı dərs deyirdim. Əsasən də bir neçə magistr və doktorantın elmi rəhbəri idim və onları yetişdirirdim.
Bu il sentyabrın əvvəlində universitetdən zəng etmişdilər, yeni tədris ilinin birinci yarısı üçün mənə dərs ayrılmışdı və dərs cədvəlinə də düşmüşdüm. Sonradan isə universitet rəhbərliyi mənə ayrılan dərsin ləğv olunması tapşırığı verib. Tarix fakültəsinin dekanlığı dərsi başqa müəllimə verib, adımı dərs cədvəlindən çıxarıblar. Ona görə də sentyabrdan BDU-da dərs demirəm. Ora mənim üçün çox əziz və doğma yerdir. 2011-ci ildə ştatdan çıxandan sonra çox cüzi məvacib alırdım. Mənim əsas maraq və məqsədim yaxşı tarixçilər yetişdirmək idi. Indi bu imkandan məhrum edilməyimə təəssüflənirəm”.
Cəmil Həsənli hesab edir ki, BDU-dan uzaqlaşdırılması Milli Şuranın prezidentliyə namizədi olması, seçki dövründə etdiyi çıxışlarda hakimiyyəti sərt tənqid etməsi, ölkədəki korrupsiya və rüşvətxorluqla bağlı faktlar açıqlaması və bunu edən şəxslərin adlarını çəkməsi ilə bağlıdır.
Cəmil Həsənlinin Universitetdən çıxarılmasına tanınmış ictimai xadimlər də münasibət bildirdi.

Baş verənlər Azərbaycan elmi adına ayıbdır

Milli Şuranın Beynəlxalq Əlaqlər Şöbəsinin sədri Gültəkin Hacıbəyli hesab edir ki, bu qərar Cəmil Həsənliyə yox, Azərbaycan təhsilinə vurulmuş zərbədir: “Baş verənlər Azərbaycan elmi mənəviyyatı və əxlaqı adına bir ayıbdır. Azərbaycanda Cəmil Həsənli səviyyəsində alim yox səviyyəsindədir. Cəmil Həsənli Azərbaycan tarix elminin hazırda yaşayan ən böyük nümayəndəsidir və onun kitabları dünyanın nüfuzlu təhsil ocaqlarında dərslik kimi istifadə edilir. Bu hadisə Azərbaycanın gələcəyinə xəyanətdir və bunun zərərini Azərbaycanın tələbələri çəkəcəklər. Bundan öncə Rafiq Əliyevi ADNA-dan, məni Qafqaz Universitetindən kənarlaşdırdılar və bu çox biabırçı bir tendensiyadır”.

Bu, repressiyanın bir formasıdır

“Turan” Imformasiya Agentliyinin direktoru Mehman Əliyev də Cəmil Həsənliylə bağlı Universitetin qərarın repressiya kimi dəyərləndirdi: “Baş verənlər hakimiyyətin qeyri-səmimi olduğunu və mahiyyətini göstərir. Çünki Ilham Əliyev media mənsubları ilə görüşündə bildirmişdi ki, müxalifətlə dialoqa getməyə hazırdır və bu normal haldır. Indiki halda isə, görünür, bunların sözü ilə əməli uyğun gəlmir. Hesab edirəm ki, Cəmil bəyin Universitetdən kənarlaşdırılması onun siyasi mövqeyinə görədir və bu, repressiyanın bir formasıdır”.

Bu hakimiyyətə savadsız, əxlaqsız toplum lazımdır

Tanınmış vəkil Aslan Ismayılov bildirdi ki, Azərbaycan hakimiyyətinə savadlı, əxlaqlı adam lazım deyil: “Bu ölkədə xalqın hər addımda haqqı tapdanır, hər an insanlar təhqir olunur. Ancaq buna baxmayaraq xalq öz etiraz səsini bildirmir. Təəssüf edirəm ki, biz Ukrayna xalqı kimi mübarizə apara bilmirik. Cəmil Həsənlinin də Universitetdən kənarlaşdırılması bu ölkəyə, ölkənin gənclərinə, gələcəyinə bir hörmətsizlikdir. Bu hakimiyyətə ədalətli, savadlı, əxlaqlı insan lazım deyil. Hakimiyyət əxlaqsız, savadsız bir toplum düzəltmək istəyir. Bu rolu oynamaq istəməyənləri də işdən çıxarmaqla, çörəklə sınağa çəkirlər”.

Baş verənlər cəmiyyətə yaxşı heç nə vəd etmir

Tanınmış hüquqşünas Vidadi Mirkamal Azərbaycan hakimiyyətinin bu “ənənə”ni uzun illərdi davam etdirdiyini və cəmiyyəti uçuruma apardığını bildirdi: “Baş verənlər nə birinci, nə də sonuncu hadisə deyil. 2001-ci ildə məni də 25 il dərs dediyim Universitetdən kənarlaşdırdılar. Kamil Vəli və digər ziyalılarımız da eyni aqibəti yaşayıblar. Bu iqtidar buna qadirdir. Avtoritar rejim, tayfa hakimiyyəti insanları işlədiyi yerlə, çörəklə imtahan edir. Hər halda Cəmil bəyin Universitetdən kənarlaşdırlması, tələbələrin belə bir müəllimdən məhrum edilməsi cəmiyyətə yaxşı heç nə vəd etmir. Cəmiyyətdə çox az müəllim qalıb ki, həqiqətən də auditoriyaya ürəklə girib tələbələrlə ünsiyyətdə olur. Cəmil bəy də belə müəllimlərdəndir. Bu, hakimiyyətin yeritdiyi siyasətin nəticəsidir və bu hallara təəssüf edirik”.

Bakı Dövlət Universitetinin tarix fakültəsi professor Cəmil Həsənlinin işdən uzaqlaşdırılmasına münasibət bildirib.  Universitetin tarix fakültəsinin dekanı Azad Rzayev “Media forum” saytına deyib ki, bir ilə yaxındır tarix fakültəsində Cəmil Həsənli adında müəllim işləmir: “Bu il Cəmil müəllimə saathesabı dərs verilməmişdi. Dərs cədvəlində onun adı olmayıb”. Cəmil Həsənliyə dərs verilməməsinin səbəblərinə gəlincə, fakültə dekanı bu barədə bir söz deyə bilməyəcəyini vurğulayıb: “Dərs yükünü kafedra ayırır. Bunu kafedradan  soruşun. Cəmil Həsənli hər hansı dərsi deyə də bilər, deməyə də. Universitetdə xeyli təcrübəli müəllim var”.

İlham Hüseyn