Azərbaycan hakimiyyəti Avropa Ittifaqı ilə yaxın əməkdaşlığa çağırıldı
“Biz Avropa Ittifaqının Azərbaycanla daha yaxından əməkdaşlıq etməsini səbirsizliklə gözləyirik və ümid edirəm ki, assosiasiya sazişinə doğru danışıqlara təkan verilə biləcək”. Gün.Az xəbər verir ki, bu barədə Britaniya XIN-in Avropa məsələləri üzrə naziri Devid Lidinqton bildirib. Nazir deyib ki, şərq qonşuları Avropanın ayrılmaz bir hissəsidir: “Onlar Avropa tarixi və mədəniyyətini bölüşür, suveren dövlətlər kimi kənar təzyiq və təsirlərdən kənar azad və müstəqil çiçəklənən gələcək qurmaq üçün çalışırlar. Avropa Ittifaqı üçün onların əhəmiyyəti inkaredilməzdir”.
Britaniyalı nazir Vilnüs sammitində AI liderlərinin şərq qonşuları təmsilçiləri ilə görüşünə diqqət çəkib: “Sammitdə Gürcüstan və Moldovanın assosiasiya sazişini paraflaması AI ilə əlaqələrdə yeni mərhələdir. Ermənistanın assosiasiya sazişi barədə qərarı isə məyusluq yaradıb. Böyük Britaniya əvvəlki kimi Ermənistanda islahatların davam etməsi və xarici təzyiqlərdən azad şəkildə AI və Ermənistanın birgə işi davam etdirməsində maraqlıdır”. Devid Lidinqton Ukraynanın assosiasiya sazişi üzrə qərarının da dərin məyusluq yaratdığını vurğulayıb: “Mən səmimi olaraq Ukrayna hökumətinin tezliklə assosiasiya sazişini imzalamağa hazır olduğunu bəyan edəcəyinə inanıram”. Nazirin sözlərinə görə, “Şərq Tərəfdaşlığı” ölkələrinin daha stabil və çiçəklənən olması hər kəsin marağındadır: “Qərb üçün qapı açılması Şərqdə qapını bağlamaq deyil. Şərq tərəfdaşlığı region və onun qonşuları üçün yaxşıdır”.
Xatırladaq ki, bu ilin aprel ayında Azərbaycan hakimiyyəti Avropa Ittifaqına “Modernizasiya paktı” təklif etmişdi. Bununla Bakı deklorativ xarakterli sənəd imzalayıb üzərinə heç bir ciddi öhdəlik götürmək istəmirdi. Lakin Ukraynada baş verənlər göstərir ki, Avropa bu məsələdə qətiyyətlidir. Azərbaycan hakimiyyəti də bundan ciddi narahat olub. Ukraynada baş verənlərin fonunda Britaniyadan Azərbaycan hakimiyyətinə belə bir mesaj verilməsi də təsadüfi sayıla bilməz. Bu, əslində Ilham Əliyevə xəbərdarlıq kimi də qiymətləndirilə bilər. Azərbaycan hakimiyyəti bu mesajı qulaqaradına vuracağı təqdirdə ciddi problemlərlə üzləşə bilər.
İnformasiya şöbəsi