Hakim partiyadakı komissiyalar ziddiyyətləri yenidən alovlandıra bilər
Bir müddət əvvəl hakim Yeni Azərbaycan Partiyasının Idarə Heyətinin iclası keçirələrək təşkilatda komissiyalar yaradılmış və onların sədrlərin müəyyənləşdirilmişdi. Bölgü aşağıdakı kimi aparılmışdı:
Iqtisadi məsələlər üzrə komissiyanın sədri Eldar Ibrahimov (Milli Məclisin Aqrar siyasət komitəsinin sədri),
Sosial məsələlər üzrə komissiyanın sədri Zahid Qaralov (YAP Səbail rayon təşkilatının sədri),
Hümanitar məsələlər üzrə komissiyanın sədri Yusif Hümbətov (“Azərsutikinti” ASC-nin sədri),
Elm və təhsil üzrə komissiyanın sədri Abel Məhərrəmovb (Millət vəkili, BDU-nin rektoru),
Gənclər, idman və mədəniyyət komissiyasının sədri Vaqif Əliyev (Mədəniyyət və turizm nazirinin müavini),
Ailə və qadın məsələləri üzrə komissiyanın sədri Nurlanə Əliyeva (YAP Qadınlar Şurasının sədri),
Regional inkişaf üzrə komissiyasının sədri Arif Rəhimzadə (Milli Məclisin regional məsələlər komitəsinin sədri),
Beynəlxalq əlaqələr üzrə komissiyasının sədri Bahar Muradova (Milli Məclisin sədr müavini),
Partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Əli Həsənov (Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri),
Mətbuat və ictimai əlaqələr üzrə komissiyanın sədri Nizami Xudiyev (Sabiq deputat, YAP Siyasi Şurasının və Idarə Heyətinin üzvü),
Mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının sədri Mixail Zabelin (Milli Məclisin deputatı),
Partiyadaxili inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov (YAP Idarə Heyətinin üzvü Kərim Kərimov).
Indi bəlli olur ki, bu komissiyalar nazirlər və icra başçılarına nəzarət edəcək. YAP-ın icra katibinin müavini Siyavuş Novruzov modern.az-a komissiyaların statusunu açıqlayarkən bildirib ki, bu qurumlar ölkə səviyyəsində olan problemləri müəyyənləşdirərək, aradan qaldırılmasında kömək üçün yaradılıb. Siyavuş Novruzov əlavə edib ki, həmin komissiyalar alternativ təkliflər, layihələr hazırlayır.
Komissiyalara sədrlik edənlərə diqqət etdikdə bunun iqtidardaxili qrupların bir-birlərinə nəzarət etmək, yaxud da bir qrupun əsas sahələri nəzarətində saxlamaq cəhdindən irəli gəldiyi aydın görünür. Məsələn, iqtisadi məsələlər üzrə komissiyanın sədri Eldar Ibrahimov Ramiz Mehdiyevə yaxın şəxsdir. Hakimiyyətin iqtisadi rıçaqları isə əsasən Paşayevlərin əlindədir. Yaxud da Ramiz Mehdiyevə yaxın başqa bir şəxs – Arif Rəhimzadə regional inkişaf üzrə komissiyanın sədridir. Azərbaycanda regionların oliqarxlar arasında bölüşdürüldüyü sirr deyil. 2005-ci ildən sonra Ramiz Mehdiyev faktiki olaraq bölgələrə nəzarəti itirmişdi. Indi bu yolla mövqelərini bərpa etmək istəyir.
Lakin məsələ burasındadır ki, bu komissiyalar YAP sədrinin müavinlərinin nəzarəti altında fəaliyyət göstərək. YAP sədrinin dörd müavinindən üçü – Mehriban Əliyeva, Akif Əlizadə və Əli Əhmədov isə Paşayevlərə yaxınlığı ilə seçilir. Bəlkə də bu səbəbdən Ramiz Mehdiyevə yaxın şəxslərin əhəmiyyət daşıyan komissiyalara sədr təyin olunmasına imkan verilib. Bir növ PA rəhbərinə müəyyən güzəşt edilib. Düşünülüb ki, müavinlər komissiyaların fəaliyyətini Paşayevlərin maraqlarına uyğun nizamlaya bilər. Bunun əksi baş verəcəksə heç şübhəsiz Ramiz Mehdiyevlə Paşayevlər arasında ziddiyyətlərin yenidən alovlanması qaçılmaz olacaq.