Müəllifdən: bu günlərdə müxtəlif dövrlərə aid qeyd dəftərçələrimi yenidən gözdən keçirdikdə onların bir hissəsini kiçik esselərə (əgər belə demək mümkünsə!) çevirmək arzusu və həvəsi yarandı. Əksəriyyəti ədəbiyyat, qadın, içki mövzusunda olan həmin qeydlər əsasında yazdığım parçaları qəzetimizin hər bazar günü sayında “Üç ?Q”” (qələm, qədəh, qadın) ümumi başlığı altında sizlərlə paylaşmaq istəyirəm.
(əvvəli ötən bazar saylarımızda)
Elə bir kitab…
Indicə bir türk yazarın qələmindən Harriyet Biçer-Stounun “Tom dayının daxması” romanı haqqında oxudum.
Bu romanı 90-cı illərin ortalarında oxumuşdum (səhv etmirəmsə, Hidayət Orucovun tərcüməsində!), aradan nə qədər illər keçib və mən onunla bağlı təəssüratlarımı məhz indi, bu qeydləri yazarkən qələmə almağa çətinlik çəkirəm.
Amma roman haqqında oxuduqca ABŞ-da köləlik sisteminin ləğvində, quldarlığın yox edilməsində bu kitabın ölçüyə gəlməz rolu məni heyrətə gətirir.
Məhz bu roman nəşr edildikdən – 1852-ci ildən sonra ABŞ-da köləliyə qarşı misilsiz bir hərəkat başladı.
1862-ci ildə o vaxtki ABŞ prezidenti Abraam Linkoln “Tom dayının daxması” əsərinin ölkəsinin taleyini, gələcəyini dəyişmək baxımından misilsiz rolunu roman müəllifi ilə görüşündə açıqca dilə gətirəcəkdi.
Hardansa qəfil bir sual beynimi məşğul etməyə başladı: bəs bizim necə, öz xalqının və ölkəsinin taleyində dönüş nöqtəsi adlandıra biləcəyimiz kitablar varmı?
Axundovun, Mirzə Cəlilin, Sabirin, Haqverdiyevin əsərləri yetərincə insanın yolunu, beynini aydınladıb, onları keçmişin, mentalitetin, şəriətin buxovlarından azad edərək həyata, dünyaya, gələcəyə daha açıq gözlə, aydın düşüncə ilə baxmağa sövq edib şübhəsiz. Amma bu müəlliflər və onların əsərləri hansı hərəkatların, axınların hərəkətverici, təkanverici qüvvəsi rolunda çıxış edib?
Əgər bu gün də Azərbaycanda daxili köləlik, xürafat, mental qorxu, təslimçilik çoxluğun qəlbinə hakimdirsə, deməli, yuxarıdakı sualın da cavabı açıq qalır. Əgər Axundovların, Haqverdiyevlərin, Mirzə Cəlillərin özləri kimi, bu gün onlardan işıq, güc, ilham alaraq Azərbaycanı aydınlığa doğru aparmaq istəyənlər də azdırsa, azlıqdadırsa, əlavə sözə, şərhə ehtiyac varmı?
Romanlarından birinə “Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi” sözləri ilə başlayır Orxan Pamuk.
Və qəlbimdən bir arzu keçir bu an: elə bir kitab olsun, bir gün bizim toplum da onu oxusun və bütün həyatı dəyişsin…
Kababxanalara çevrilən bütün kitabxanalara ithaf
Istər kənddəki, istərsə burada – Bakıdakı kiçik kitabxanamda çoxsaylı kitablar var. Xeyli öncəsinədək o kitabları əlimə götürüb ilk səhifəsini çevirəndə içimi gizli bir suçluluq duyğusu bürüyərdi.
O kitablar bir zamanlar çeşidli dövlət kitabxanalarından götürüb sonra necəsə özümdə qalan kitablardır.
Kitabların içərisindəki notlarda onları nə zamandan götürdüyüm əks olunub. Birinin üzərindən 16 il keçib, digərinin üzərindən 15 il, bir başqasının üzərindən 12 il…
Onları aldığım kitabxanalara qaytarmadığım, şəxsi kitabxanamın “sakinlərinə” çevirdiyim üçün hər dəfə əlimə götürdüyümdə özümü qınayıram, özümü günahkar hiss edirəm.
Daha doğrusu, son bir neçə il əvvələdək bu özünü qınaq, bu suçluluq duyğusu hər dəfə məni rahatsız edərdi.
Hər dəfə bu kitablara görə kitabxana işçilərinin rəhbərlikdən eşidə biləcəyi tənələri düşünəndə özümü nə qədər qınadığımı, günahkar hiss etdiyimi sözlər ifadə etməkdə acizdir.
Amma sonradan – kitabxanaların kababxanalara çevrildiyini…
Zaman-zaman dövlət kitabxanalarından kiril əlifbası ilə dərc edilmiş kitabların az qala zibil kimi maşınlara doldurulub naməlum istiqamətə aparıldığını…
Hətta küçələrdəki zibil yeşiklərinə boşaldıldığını (bir dəfə buna Bakının mərkəzi küçələrindən birində öz gözlərimlə şahidlik etmişdim!) görüncə bu suçluluq duyğusunun, bu özünüqınağın yerini bir sevinc hissi, bir rahatlıq, hətta bir özündənrazılıq almağa başladı. Zarafat deyil, sayəmdə nə qədər kitab qurtulmuşdu. Acı sonluqdan, zibil yeşiklərindən xilas olmuşdu.
Quran surələrinin birində belə bir ayə var, yanlış xatırlamıramsa: “Kim bir insan xilas edərsə, o bütün insanlığı xilas edər”.
Bir kitab xilas etmək də gərək bütöv bir kitabxana xilas etməyə bərabər olsun.
Qadını anlamaq
Dünyanın ən məhsuldar yazıçısı ünvanının bir ingilis yazıçısına aid olduğunu bilirdinizmi?
Mən də bilmirdim. Bu günlərdə öyrəndim.
Barbara Cartland adlı bu qadın müəllif 99 il yaşayıb və bu ömürə nə az, nə çox, düz 723 kitab sığdırıb.
Bir ildə hardasa 10 kitab deməkdir bu.
Bir az da qəribə və maraqlı olanı odur ki, Barbara Cartland yetərincə gözəl imiş və əksər qadınlar kimi, geyim-geciminə, bəzək-düzəyinə kifayət qədər diqqət və zaman ayırırmış.
Elə isə bu qədər kitabı yazmaq üçün bunca vaxt, enerji onda hardan idi?
Hər nə qədər o kitabların bu gün ədəbiyyat baxımından bir dəyəri olmasa…
Imzası isə ciddi ədəbiyyatsevərlər üçün heç bir anlam ifadə etməsə belə, bu sualın cavabı üzərində düşünməyə bilmir insan.
Bir qadın bir ildə hətta 100 kitablıq danışa, deyinə bilər, amma bir ildə (hər nə qədər içi boş olsa da!) 10 kitab yazmaq – razılaşın ki, zarafat iş deyil.
Hələ üstəlik, 723 kitab yazasan, bu 723 kitaba nə qədər qələm, nə qədər kağız, nə qədər vaxt, nə qədər enerji sərf edəsən və günün birində o 723 kitabdan biri belə ədəbiyyatda qalıcı olmasın, quru, səfeh statistika və mənasız rekorddan başqa bir anlam ifadə etməsin – axı belə də dərd olar? Bir qadın bunu niyə etsin ki?!
Görünür, Oskar Uayld hədsiz haqlıdır – qadınları anlamağa dəyməz. Onlar olsa-olsa, sevilmək üçün yaradılıblar.
ardı gələn bazar sayımızda