Əliyev Vilnüsdən hansı şərtlərlə qayıtdı?

«Avropanın ayrı-ayrı dövlətləri Azərbaycana manevr imkanı verməyəcək»

 

Vülnüsdə baş tutmuş “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində Azərbaycan dövlət başçısı Ilham Əliyevin tədbirə qatılıb qatılmaması barədə müxtəlif fikirlər səslənirdi. Hətta xarici işlər nazirinin müavini Araz Əzimovun sammitdə ən yüksək və ən aşağı səviyyədə təmsil oluna biləcəyini istisna etməmişdi. Ancaq məlum olduğu kimi, Azərbaycan “Şərq Tərəfdaşlığı” sammitində ən yüksək səviyyədə təmsil olundu. 

Əliyevin sammitə qatılıb-qatılmaması məsələsi dəqiqləşməzdən əvvəl isə bir məsələ xüsusi diqqəti çəkirdi. Belə ki, oktyabrda keçirilən prezident seçkilərindən sonra təxminən bir ay ərzində Avropanın aparıcı dövlətləri Əliyevi qələbə münasibətilə təbrik etmədi. Təxminən bir ay sonra gələn təbriklər daha çox Avropa ilə əməkdaşlığa dəvət xarakteri daşıyırdı. 

Sammit zamanı da Əliyevin Böyük Britaniyanın baş naziri Devid Kemeron və Fransa prezidenti Fransua Olandla görüşləri zamanı da oxşar mesajlar səslənib. Fransa prezidenti Əliyevlə görüşdə Azərbaycan ilə Fransa arasında əməkdaşlığın Avropa Ittifaqı çərçivəsində inkişafının əhəmiyyətini qeyd edildi. Bu isə o deməkdir ki, Azərbaycanla Avropa ölkələrinin münasibətləri ölkəmizin Avropa Birliyi ilə münasibətlərindən asılı olacaq. 

Olandın bu mesajı Azərbaycan hakimiyyətinə xəbərdarlıq xarakteri də daşıya bilər.

Ekspertlərin fikrincə, son aylara baş verənlər göstərir ki, Avropa Birliyi Şərq Tərəfdaşlağı proqrammı çərçivəsində münasibətdə olduğu ölkələrlə daha qətiyyətlə mövqedən çıxış etməyi vacib hesab edir. Dəfələrlə vurğulandığı kimi, Avropa Birliyi bu ölkələrin Avropaya inteqrasiyasını xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Vilnüs sammiti ərəfəsində və sammit zamanı birliyin rəsmiləri Rusiyanın bu proseslə bağlı tutduğu mövqeyini qətiyyətlə qəbul etmədiklərini bildirirlər. Bununla Avropa Birliyi göstərmək istəyir ki, onlar bu ölkələrin Avropaya inteqrasiya olunması prosesində Rusiyaya qarşı qətiyyətli mövqedən çıxış etməkdən çəkinməyəcəklər. Bu baxımdan 2014-cü il Avropa Birliyi ilə Rusiya arasında genişlənmə məsələsi ilə bağlı münasibətlərin daha da kəskinləşəcəyi şübhə doğurmur. 

Ekspertlər hesab edir ki, Fransa prezidentinin Ilham Əliyevlə danışıqlar zamanı Fransa-Azərbaycan münasibətlərinin bundan sonra Avropa Birliyi-Azərbaycan münasibətlərindən asılı olmasını bəyan etməsi çox ciddi xəbərdarlıq kimi başa düşülməlidir. Bununla da Fransa prezidenti çox açıq şəkildə mesaj verib ki, Avropa Birliyi ilə Assosiasiya və Azad Ticarət sazişləri üzrə danışıqlarda Azərbaycan hökuməti ondan asılı olanı etməsə, bu halda Fransanın dəstəyinə ümid etməsin. Yəni heç bir Avropanın ayrı-ayrı dövlətləri Azərbaycan kimi manevr edən ölkələrə bu imkanı verilməyəcək. Olandın mesacı isə ənənəvi siyasətə son qoyulması ilə bağlı xəbərdarlıqdır. 

Fizzə