Fəlakətlər adətən təbii olur. Onlar bizə zəlzələ, daşqın, leysan, dolu, fırtına, sürüşmə və s. şəklində gəlir, “istədiyini” əldə edəndən sonra isə görünməz olur. Bu gün isə haqqında bəhs edəcəyim fəlakətləri şərti olaraq “Abid Şərifov” adlandırmışam. Bu həm də söhbətimizə bir açardır. Amma yazını bura qədər oxuyub, bu ağsaqqal kişinin adını hallandırmağıma görə məni qınayanlar tələsməsin, axıradək oxusunlar.
Azərbaycanda hər fəlakətin öz sahibi, bizim dildə desək, inhisara alanı var. Geniş mənada götürsək, həyatımızın hər sahəsini fəlakətə çeviriblər – səhiyyədən tutmuş, təhsilədək, nəqliyyatdan tutmuş, hüquq-mühafizə orqanlarınadək. Səbrsiz iqtidar başbilənləri işi Allaha buraxmır, zəlzələ, fırtına, sürüşmə, daşqın gəlirsə, yaxşı, gəlmirsə, onları özləri yaradırlar. Necə deyərlər, süni və keyfiyyətli.
Istənilən nazirlik, komitə və dövlət şirkətlərinin fəaliyyətini gözləriniz önündə canlandırın. Səhiyyədən başlayaq. Savadsız həkimlər və firma dərmanlarından Irana baş götürüb qaçırıq. Nəqliyyat Nazirliyi hazırda tıxaclar, qoçular və qanlı qəzalar mənbəyinə çevrilib. Neft şirkəti sadə vətəndaşların evini başına yıxır, Əmlak Komitəsi əhalinin əmlakını əlindən alır. Təəccüblənməyin, keçən il, mən bir reyestr xidmətində oldum, ora əmlakı “qeyri-qanuni” hesab edilənlərlə dolu idi. Məsələ belə idi: sovet dövründə fəaliyyət göstərmiş müxtəlif müəssisələrin xəritəsi çıxarılır. Daha sonra həmin yerdə ev tikmiş vətəndaşlara “başa salınır” ki, sən bilməli idin, 25 il əvvəl burada “Ryazanximmaş” istehsalat birliyinin təcrübə sahəsi olub. Hadisələrin sonrakı axarını yəqin ki, təsəvvür edirsiniz. Sonda ev sahibi də, “ryazanlılar” da razı qalır.
Fikir vermisinizsə, iri obyektlərin yanmasından sonra, hamı obyekt sahibinin hakimiyyətlə olan münasibətlərini araşdırır, məlum olur ki, mülkiyyəti külə dönmüş şəxslə məsələn, icra başçısı küsülü imiş. Yanğınsöndürən maşınlar hadisə yerinə “gecikirsə”, deməli, “zərərçəkmiş”in məmur-oliqarxla həll edilməmiş “problemləri” varmış. Bu yaxınlarda Sumqayıtda müəmmalı şəkildə yanan “Karvan” ticarət mərkəzinin külə dönməsi zamanı bu məsələ bir daha gündəmə gəldi.
Çoxmərtəbəli binalarda mənzil satışı elanlarının içindəki “bina Fövqəladə Hallar Komissiyasından keçmişdir” cümləsi o deməkdir ki, qiymət mənzilin dəyərindən 5-10 min dollar baha olacaq.
Bu yaxınlarda atama xarici pasport almaq üçün onunla birlikdə “Asan xidmət”ə getmişdim. Tələb olunan sənədlər qaydasında idi – yaşayış yerindən arayış, şəxsiyyət vəsiqəsi bir də səbəbkarın özü. Baxdılar, amma sənədi qəbul etmədilər. Dedilər ki, bir arayış da “Qaçqınkom”dan olmalıdır, təsdiqlənməlidir ki, atam həqiqətən məcburi köçkündür. Eyni məntiqlə məcburi köçkün olmayanları da geri qaytarıb demək olar ki, gedin, siz də arayış gətirin ki, köçkün deyilsiniz. Yardımı anladıq, pasportun bura nə dəxli var, axı?!
Məsələnin kökündə arayış deyil, onun verilməsi zamanı “tələb olunan” iki-üç manat durur. Bir milyondan çox qaçqın, az qala, avtobusa minəndə də bu arayışı təqdim etməlidir. Fəlakətin buynuzu olmur ki…
Atamı Irana aparmaq da fəlakətdən yaranmış zərurətdir. Məşhur “kəndçilər xəstəxanası”nın bir həkimi düz 3 ay bizi soyandan sonra dedi ki, mənlik deyil, aparın burdan.
Gələk sizin də intizarla gözlədiyiniz, “Abid Şərifov” fəlakətinə…
Bugünlərdə yeni təmirdən çıxmış metronun “28 May” stansiyasının piyadalar üçün hərəkət zolağında sürüşmə adi hala çevrilib. Yağışlar başlananda fəlakətin miqyası təsəvvür edilməyəcək dərəcədə artacaq. Yəqin, fikirləşəcəksiniz ki, bunun Abid Şərifova nə dəxli var? Dünyanın ən çox zarafat edilən baş nazir müavini Abid Şərifov, eyni zamanda, təbii fəlakətlərin aradan qaldırılması üzrə dövlət komissiyasının sədridir. Sürüşmə də qəzaların başında gəlir.