Rauf Arifoğlu onun ittihamlarına cavab verdi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini, Milli Şuranın Mitinq Komitəsinin keçmiş sədri Asəf Quliyev təmsil olunduğu partiyadan və Milli Şuradan istefasının səbəblərini açıqlayıb. APA-nın məlumatına görə, A. Quliyev bununla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, istefa verdiyini görə peşman deyil və bunu doğru qərar hesab edir: “Partiyanın məclislərindəki çıxışımda təklif edirdim ki, AXCP 2011-ci ildən prosesləri təkbaşına idarə etsin və heç bir bloka qoşulmasın. Çünki partiya rəhbərliyinin cəmiyyətdə kifayət qədər nüfuzu vardı. Lakin belə qərara gəlindi ki, biz digər partiyalarla blok yaradaraq fəaliyyət göstərək. Sözsüz ki, mən də partiya rəhbərliyinin bu qərarını qəbul etməli oldum”. A. Quliyevin sözlərinə görə, Milli Şuranın yaranandan sonra təşkilatda gedən proseslər və qurumun fəaliyyəti onu qane etməyib. Qurumun sabiq üzvü qeyd edib ki, Milli Şura yarananda onun əleyhinə olanların quruma cəlb olunması və həmin şəxslərin Cəmil Həsənlinin vəkili təyin olunması yanlış idi. Onun sözlərinə görə, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Milli Şuranın rəhbərliyinə gətirilməsinə etiraz olaraq qurumdan istefa verib: “Arif Hacılı, Pənah Hüseyn, Rauf Arifoğlu Milli Şura yaranan gündən onu dağıtmağa çalışıblar. Bu, onların müsahibələrində də öz əksini tapıb. Buna baxmayaraq, Arif Hacılı Milli Şuranın rəhbərliyinə gətirildi, Rauf Arifoğlu və Pənah Hüseyn isə Cəmil Həsənlinin vəkili təyin olundu”.
A. Quliyev gələcək fəaliyyəti barədə də danışıb. “Xalq arzusu” adlı yeni təşkilat yaradacağını bildirən A. Quliyev qeyd edib ki, əsas məqsəd milli ideologiyanın təbliği istiqamətində fəaliyyət göstərməkdir.
“Asəf Quliyev gözünün içinə qədər yalan danışır. Onun istefasının əsil səbəbini bir çoxları kimi, mən də bilirəm. Ayıbdır, bu qədər yalan danışmasın, öz zibillərini bizim üzərimizə şər atmaqla ört- basdır etməsin. Böhtanın, yalanın, şərin də bir həddi, heç olmasa məntiqi olar”. Lent.az-ın xəbərinə görə, bunu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Asəf Quliyevin ittihamlarına cavab olaraq deyib. R. Arifoğlu deyib ki, A. Quliyevin iddiaları əsassızdır: “Bəlkə buraya Amerika və Rusiya prezidentlərinin, Türkiyə baş nazirinin dünya çapındakı son hərəkətlərindən narazılığını da əlavə etsin? Arif Hacılı, Pənah Hüseyn AXCP rəhbərləridirlər ki, onların fəaliyyəti sənin xoşuna gəlməyəndə təşkilatından çıxıb gedirsən? Yenə Milli Şuradan getməyi birtəhər bağlamaq olar, bəs, AXCP? Hansı məntiqlə bir təşkilatın funksioneri digər təşkilatın rəhbərlərinin açıqlama və siyasi proqramına görə istefa verər?”.