Ya Rusiyanın gerçəkləşdirmək arzusunda olduğu Avrasiya Ittifaqı, ya da ölkəmizi demokratik həyat tərzinə səsləyən Avroatlantik məkana inteqrasiya
Nurəddin Ismayıl
Qərblə Iran arasında əldə edilən son nüvə razılaşmaları Azərbaycana yeni şərtlər diktə edir. Yaranmış situsiyanın düzgün qiymətləndirilməməsi, bundan sonrakı mərhələdə strateji hədəflərin dəqiqləşdirilməməsi, xarici siyasət kursunda ciddi dəyişiklilərin edilməməsi və və daxili siyasətdə demokratk korrektələrin aparılmaması ölkə yönətimini daha çətin vəziyyətə sala bilər. Geniş və daha zəngin Iran bazarının əldə edilməsi, Irandan gələn təhlükənin neytrallaşdırılması istər-istəməz Azərbaycanın bölgədəki əvvəlki rolunu kiçildəcək, onun qərblə demokratiya və iqtisadi maraqlar üzərində qurduğu manevr imkanlarını məhdudlaşdıracaq.
Bəlkə də bu təhlükələrin gələcəkdə reallaşa bilməcəyini nəzərdə tutduğuna görədir ki, gec də olsa ölkə prezidenti KIV əməkdaşları ilə görüşündə daxili sabitliyin qorunmasına, ölkədə vətəndaş həmrəyliyinin təmin edilməsinə, iqtidarla müxalif qüvvələr arasında uzlaşmanın əldə edilməsinə yönəlik mesajlar vermək zorunda qaldı. Bir çox ekspertlərin bu mesajların səmimiliyinə şübhə ilə yanaşmasından asılı olmayaraq hazırkı durum hər kəsdən baş verən gopolitik dəyişilmələrə həssas olmağı, ölkənin suverenlik və müstəqilliyini təhdid altına salan xarici basqılara qarşı vahid mövqedən çıxış etməyi tələb edir.
Əslində qarşıdurmanı səngidən, uzun müddət aqressivliklə müşahidə edilən sərt siyasətin yumşalmasına işarətlər verən, hakimiyyətdə olan qrupun və başında durduğu bir partiyanın deyil, bütün ölkə vətəndaşlarının prezidenti olmaq istəyini ortaya qoyan bu cür addımlar çox erkən atılmalı idi. Təssüflər olsun ki, yeniliyə, dəyişilmələrə, demokratik dəyərlərin əldə edilməsinə qısqanclıqla yanaşan ruspərəst qüvvələrin konservativ çoxluğu və ən başlıcası, hakimiyyəti itirmək qorxusu ölkə prezidentini siyasi iradə nümayiş etdirməyə, sözün əsl mənasında milli birlik modelini ortaya qoymağa imkan verməmiş və onu öz siyasi kursunda xalqın deyil, bir qrup hakimiyyət yetkilisinin təmsilçisi olmaq zorunda buraxmışdır.
Fərqinə varılmamışdır ki, daxili gərginliklərdən, iqtidar-müxalifət çəkişmələrindən, xalqın hakimiyyətə qarşı olan etmadsızlığından daha çox bəhrələnən millətimiz deyil, öz iqtisadi çıxarlarını bu intiriqalar üzərində quran maraqlı dövlətlər olacaq. Siyasət həm də düzgün idarəetmə sənətidir. Yanlış idarəçilik sonda öz milli fəsadlarını ortaya qoymalıdır. Təkcə neftin, qazın hasilə gətirilməsi ölkənin dinmik inkişafına stimul verən faktor ola bilməz. Neftdən, qazdan gələn gəlirlərin istehsal sahələrinin inkişafına yönəldilməməsi, ölkənin iqtisadi inkişafının yalnız xammal bazarından asılı vəziyyətdə saxlanılması, azad bazar iqtisadiyyatını əngəlləyən monopolist siyasətin davam etdirlməsi, sosial yönümlü siyasətin izlənməməsi ölkəni hərtərəfli inkişafdan məhrum edən amillərdir və bu amillərin aradan qaldırılması üçün hələ uzun illər səy göstərmək tələb edir.
Azərbaycan öz yolunu müəyyyənləşdirməlidir. Qarşıda iki yol var; ya bütün ciddi-cəhdi, imperiya ambisiyaları ölkəmizi geri qalmış iqtisadi və qaba siyasi sistemi içində əritmək istəyən Rusiyanın gerçəkləşdirmək arzusunda olduğu Avrasiya Ittifaqı və Gömrük birliyinə daxil olub ölgün həyatını yaşamaq, ya da ölkəmizi iqtisadi inkişafa, siyasi dəyişilmələrə, demokratik həyat tərzinə səsləyən Avroatlantik məkana inteqrasiya olunmaq.
Görünən odur ki, Azərbaycan hakimiyyəti bu günə qədər Avropa Birliyi ilə əlaqələrində daha çox ikitərəfli iqtisadi ilişkilərə üstünlük verir. Amma Avroatlantik məkan təkcə ölkələrarası iqtisadi inteqrsiyanı nəzərdə tutmur. Bu məkana daxil olan hər bir ölkə Avropa evinin demokratiya, insan haqları, qanunun aliliyi prinsipinin qorunması kimi dəyərlərinə sayğı göstərməli, demokratik idarəetmə prinsiplərindən tutmuş fundamental insan azadlıqlarına qədər üzv ölkələr qarşısında qoyulan bütün digər öhdəliklərə əməl etməlidir.
Bu baxımdan ölkə rəhbərliyinin Avropa evinə inteqrsiya üçün vəsilə olan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində keçirilən görüşdə tutduğu mövqe onun gələcəkdə hansı yolu seçməsinə aydınlıq gətirəcək. Bölgədəki gesiyasi durumun Iranın xeyrinə dəyişmə ehtimalları Azərbaycanı daxili və xarici siyasətində daha həssas olmağa, Qərblə bu günə qədər etdiyi iqtisadi bazarlığı demokratiya və insan haqlarının qorunması prioritetləri ilə əvəzləməyə və özünü Avropa evinin ayrılmaz tərkib hissəsi kimi təqdim etməyə düşündürməlidir.
Bunun üçün gecikmədən iqtisadi, siyasi, sosial sahələrdə islahatlar həyata keçirilməli, ölkənin ayrı-ayrı siyasi kəsimləri ilə konsolidasiya əldə edilməli, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə qarşı məhdudiyyətlər aradan qaldırılmalı, ölkədə söz, mətbuat və fikir azadlığına təminat verən şərait yaradılmalı, siyasi baxışlarına, peşə fəaliyyətinə görə həbs edilən müxalif və mətbuat təmsilçiləri azadlığa buraxılmalı və Avropa dəyərlərinə sadiqliyini nümayiş etdirməlidir. Hakimiyyət qəbul etməlidir ki, yalnız bu şərtlərin reallaşması nəticəsində ölkəmizi gözləyən xarici təhdidlərə qarşı milli müqaviməti gücləndirmək mümkün ola bilər.


