Oqtay Əsədov Narışkinlə nədən danışıb?

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 39-cu plenar iclaslarında iştirak etmək üçün noyabrın 28-də Sankt-Peterburq şəhərinə səfər edib.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin gün Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, MDB Parlamentlərarası Assambleya Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının sədri Valentina Matvienko, Qazaxıstan Parlamenti Senatının sədri Kasımcomart Tokayev və bu ölkənin Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb.

Burada keçirilən görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Azadlıq”ın əldə etdiyi məlumatlara görə, Oqtay Əsədovla Sergey Narışkin arasında keçirilən görüşdə əsas müzakirə mövzusu Rusiyanın miqrantlarla bağlı siyasəti olub. Azərbaycan hakimiyyəti Rusiyada baş verənlərdən ciddi narahatdır. Məhz Oqtay Əsədovun əsas missiyası bu məsələ ətrafında müzakirə aparmaq olub. Sadəcə hakimiyyət narahatlığı Azərbaycan ictimaiyyətindən gizlətmək üçün görüşün detalları ilə bağlı məlumat verilmir.