Novruz Məmmədovdan dolaşıq açıqlama

O, «sammitdən sonra regiondakı geosiyasi vəziyyət Azərbaycan üçün aydınlaşıb» deyib, ancaq nəyin aydınlaşdığını açıqlamayıb

Prezident Administrasiyasının (PA) beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Vilnüsdə keçirilən “Şərq Tərəfdaşlığı” sammitinin yekunlarını şərh edib. O, virtualaz.org saytına açıqlamasında qeyd edib ki, sammitdən sonra regiondakı geosiyasi vəziyyət Azərbaycan üçün aydınlaşıb. Ancaq bu aydınlaşmanın nədən ibarət olduğunu PA rəsmisi söyləməyib.
O həmçinin vurğulayıb ki, Azərbaycan öz milli maraqlarına uyğun uğurlu siyasət yürüdür: “Azərbaycan başqa ölkələr kimi kiməsə gözünü dikməyib və müstəqil siyasət aparır. Biz bundan sonra da bu yolu davam etdirəcəyik”.
Ümumiyyətlə, Novruz Məmmədovun bu açıqlamasında heç nə aydınlaşmır. Onun nə demək istədiyi bilinmir.
Ekspertlər hesab edir ki, istər Avropa Birliyi, istərsə də Rusiya bu ölkələrlə daha yaxın münasibətdə olmaq istəyir: “Avropa Birliyi bu ölkələrin quruma üzv olması kursunu aparır, Rusiya isə öz təsir dairəsində qalması üçün çox ciddi səylər göstərir. Rusiya müəyyən bir uğur da qazandı. Ermənistan Gömrük Ittifaqına daxil oldu. Ancaq Gürcüstan Avropaya inteqrasiyada inam və qətiyyətlə getməklə bağlı qərarını verdi. Azərbaycan bu istiqamətdə hələlik heç bir addım atmayıb. Novruz Məmmədovun açıqlamasındakı ”müstəqil siyasətin yürüdülməsi” ifadəsi anlaşılandır. Çünki uzun illərdir Azərbaycan hökuməti müstəqil siyasət aparılmasından danışır. Yəni Azərbaycan hökuməti Novruz Məmmədovun diliylə demək istəyir ki, biz Gömrük Ittifaqına girmək fikrində deyilik. Eyni zamanda biz Avropa Birliyiylə də yaxın münasibətdə olmaq istəmirik. Bu o deməkdir ki, Ilham Əliyev hökuməti nə qədər bacaracaq o vaxta qədər də nə Avropa Birliyi ilə ciddi əməkdaşlıq olacaq, nə də Rusiyanın tələbinə uyğun hərəkət edərək Avrasiya Ittifaqına və yaxud Gömrük Ittifaqına üzv olacaq. Hətta qonşu Gürcüstan Avrointeqrasiya istiqamətində ciddi addım atandan sonra belə Azərbaycan hökuməti bu istiqamətdə getmək fikrində deyil”.
“Novruz Məmmədovun açıqlaması göstərir ki, hökumət maksimum dərəcədə çalışır ki, həm Rusiya, həm də Avropa Birliyi eyni məsəfədə bu siyasəti davam etdirsin”, – deyə ekspertlər bildirir.