Gözəl Bayramlı: «Gənclərin təmsilçiliyinin artırılmasının tərəfdarıyıq və bu proses əsasnaməyə uyğun həyata keçirilməlidir»
NIDA Vətəndaş Hərəkatının Milli Şurada təmsil olunan üzvləri qurumdakı gələcək fəaliyyətləri ilə bağlı bəyanat yayıblar. Qurumun MŞ-dəki üzvlərinin yaydığı bəyanatda bildirilir ki, son günlər mətbuatda yer almış Milli Şuranın strukturu, tərkibi, rəhbərliyi, fəaliyyəti və yol verilmiş səhvlərlə bağlı yazılar narahatlıq yaradır.
Bəyanatda daha sonra bildirilir: “N!DA Vətəndaş Hərəkatı isə istər seçkiqabağı imzatoplama kampaniyasında, təbliğat-təşviqat və görüş-mitinqlərin təşkilində, istərsə də seçkidən sonrakı proseslərdə fəal iştirak etdi. Hesab edirik ki, N!DA VH də MŞ-də təmsil olunan digər qurumlar qədər üzv sayına malik olmalıdır. Biz Hərəkatın MŞ-də fəaliyyətini ancaq bu formada görürük”. Bəyanatı Milli Şura üzvləri ÿÜzeyir Məmmədli,ÿ Rəşad Həsənov və ÿRəşadət Axundov imzalayıb.
Bəyanatdan göründüyü kimi NIDA-çılar Milli Şurada daha çox təmsilçilik istəyirlər.
NIDA-çıların bəyanatına münasibət bildirən AXCP sədrinin müavini Gözəl Bayramlı hesab edir ki, qurumda gənclərin təmsilçiliyi artırılmalı və bu proses əsasnaməyə uyğun həyata keçirilməlidir: “Biz Milli Şurada gənclərin təmsilçiliyinin artırılmasının tərəfdarıyıq. Ancaq sabah başqa bir partiya, təşkilat da, Milli Şurada təmsilçiliyinin artırılmasını istəyə bilər. Ona görə də hesab edirəm ki, bu kimi hallar bəyanatla yox, Milli Şuraya müraciət edib, əsasnaməyə uyğun olaraq səsvermə ilə tənzimlənməlidir. Özümüz qanuna, əsasnaməyə hörmətlə yanaşmasaq, başqalarından qanun tələb edə bilmərik. Biz NIDA-çı gənclərin hər zaman yanında olmuşuq, bundan sonra da onlara dəstəyimizi ifadə edəcəyik və belə mübariz gənclərlə qürur duyuruq. Hesab edirəm ki, NIDA-çılar Milli Şuraya müraciət edib, prosedura uyğun təmsilçilik məsələsin həll edə bilərlər”.


