İlham Əliyevin “AZADLIĞA ölüm!” hərəkatı

KIV-ə Dövlət Dəstəyi Fondunun başqanı Vüqar Səfərlinin “Azadlıq” qəzetinə göndərdiyi məktub Kəbirə Məmmədova, Tağı Əhmədov məhkəmə qərarları seriyasındandır. Bu adam da “Azadlıq”la bağlı “özünün” məhkəmə HÖKMÜNÜ verdi: “Azadlıq” daha KIV-ə Dövlət Dəstəyi Fondundan yardım görməyəcək! Bunun üstündən “Cəhənnəm olsun!” deyib keçmək olardı, ancaq bu rejimdə ən çətin, ən qorxulu missiyanı – Xalqa gerçəyi çatdırmaq missiyasını boynuna götürmüş kimsələr olaraq bizim borcumuz Azadlıq – Özgürlük düşmənlərinin çarpaz güllə yağmuru altında belə, susub geri çəkilməmək, xalqı bilgiləndirməkdir. 

Kəbirə Məmmədova da, Tağı Əhmədov da, elə bu sonuncu Azadlıq – Özgürlük Əzrayılı (virtual!) Vüqar Səfərli də, bu seriyadan olan bir çox başqaları da çoxillik qondarma-saxta seçkilərin qondarma-saxta törəmələridir: Əliyevlər ailəsinə bağlı holdinqlərin bütün Yer üzünə səpələnmiş törəmə şirkətləri kimi! Bunların hər ikisi: obyekt – şirkətlər də, subyekt – şirkətlər də Ailənin milyardları ötən qazancını qorumaq, artırmaq üçündür. Törəmə obyekt-şirkətlər Ailəyə necə gərəklidirsə, subyekt-şirkətlər də eləcə gərəklidir. Qoşa qanad kimi. 

V.Səfərli də, ondan öncəkilər də Ailə rejiminin tarana gedən kamikadzeləri yerindədir: onlar hansısa jurnalist kollektivinin deyil, 100 ildən bəri ardıcıllıqla, Xəlil Rza Ulutürk demiş, Dərbənddən başlamış Həmədanadək Azadlıq-Özgürlük savaşı aparan böyük bir Xalqın bu ulu, qarşısıalınmaz istəyini boğmağa yönəldilən kimsələrdir. Arxada ali baş komandan dayanır. Bir yox, yüz elə ali baş komandan olsa belə, Azərbaycan Xalq Hərəkatından yaranan, milyonların istəyindən doğan AZADLIQı boğub susdura bilməyəcəklər! AZADLIQ Azərbaycan Xalq Hərəkatı ideallarından yayınmış, sapmış, dönmüş olsaydı, bunu bacarardılar. Ancaq bilməyənlər bilməsə də olar, bilənlər bilir: AZADLIQ qəzeti AZADLIQ Meydanından başlayan estafeti bu gün də daşımaqda-yaşatmaqdadır. Bax elə buna görə yüz ali baş komandan, min prezident gəlsə belə, bu millətin bu ağır günlərə TƏK gəlib çıxmış AZADLIQ işığını söndürə bilməyəcək! 

Baxın, bu gün ölkənin, demək olar, hər yanında məhkəmə gedir: Bakıdan Şəkiyədək. Elə Bakıdan Şəkiyədək də məhkəməsi gedənlər bu ölkənin böyüklü-balacalı AZADLIQ işıqlarıdır. O işıqları söndürməyə qalxan ali baş komandana mənim yazığım gəlir. Bilirik: IŞIQLARI söndürüb ölkəni qaranlığa bürüməklə indiyədək olduğundan qat-qat artıq oğurluq etmək, ölkəni indiyədək olduğundan qat-qat artıq soyub yağmalamaq olar. Məhəmmədhəsən əmiləri daha çox əzmək, Zeynəbləri daha çox ağlatmaq olar. Buna sonda nə ad verəcəklər: Xudayar bəyin ali baş komandanlığı! Axı, başqa cür də ola bilərdi. Doğal resursları aşıb-daşan bu ölkədə bir az ağıllı başçı özü milyonlar, milyardlar qazanırkən xalqa da ayda adambaşına min manat qazandırardı. 21-ci yüzildə ali baş komandan adı altında Məhəmməmhəsən əminin tək eşşəyini əlindən almaqla miniksiz qoymaq, Zeynəbin həsirini altından çəkib aparmaqla quru yerdə qoymaq… bunlar 21-ci yüzilliyin Xudayar bəyliyidir. Xalqa etdiyi yanamlıqları gizlətmək, ört-basdır eləmək üçün Xudayar bəyə də bütünlüklə qaranlıq ölkə – qaranlıq dünya gərəkirdi. O da onu bacardığı kimi, gücü çatınca yaratmağa çalışırdı. Xudayar bəyin 20-ci yüzilin başlanğıcında etdiklərini 21-ci yüzilin başlanğıcında başlamaq olsa da, uğurla başa çatdırmaq olmaz: göydən… Peykimiz baxır! 

“Jurnalistlərin dostu” aldığı ödülün etkisi altında ata-oğul indiyədək dediklərinin tərsini dedi: “Azərbaycanda Xalq Hərəkatı, müstəqillik uğrunda gedən mübarizə, digər bəzi postsovet ölkələrində gedən mübarizə əlbəttə ki, Sovet Ittifaqının süqutunu şərtləndirmişdir”. “Azadlıq” qəzeti o çağlar Moskvada kiçik biznesə uğraşmamışdı; indi olduğu kimi, onda da o, Azərbaycan Xalq Hərəkatının yenilməz ruporu idi…