“Jurnalistlərin dostu” Tofiq Yaqublunun “Hakim aaa…” məqaləsini oxuyub?

Bu yaxınlarda, çoxdankı arzularımdan biri həyata keçdi: çəlləkdə yaşayan, su içmək üçün bir taxta qaşığı olan, sonradan onun da lazımsız əşya olduğunu görüb, yeganə əşyasını tullayıb suyu ovucu ilə içən, müdrik söz-söhbətləri ilə yaşadığı dövrün ən məşhur filosoflarından olan Diogenin doğulduğu Sinopda oldum.

Diogen təkcə müdrik filosof yox, həm də zəmanəsinin cəsur jurnalisti olub. Onun fikirləri ilə tanış olanda adama elə gəlir ki, Diogenın qələmi top lüləsindən hazırlanıb, əslində isə, onun nə qələmi olub, nə də klaviaturası. Sinopda Diogeni yada salan yeganə abidə filosofun çəllək üstündə əlində çıraq, itlə olan heykəli idi. Əcəba, bir daş heykəli görmək üçün uzun bir yol qət edib, əzab-əziyyət çəkməyə dəyərdimi? Axı bizim ölkəmizdə Diogendən də cəsur, müdrik SÖZ sahibləri var. Elə ona görə də hakimiyyət onları zindanlardakı çəlləklərə salıb, gələcək nəsillər üçün saxlayır…

Bir zamanlar hər gecə yuxuda çəlləyini gördüyüm Diogenin doğulduğu, vəfat etdiyi yerləri gedib gəzmək ən böyük arzum idi. Amma indi çox peşmanam: Diogen, haqq-ədalət uğrunda mübarizəsinə görə zindanlara salınan, təqib olunan, öldürülən, şərlənən oğullarımızın ayağının tozu da deyil. Daha bundan sonra heç bir qəhrəmanın, məşhur insanın, dahinin məzarını, heykəlini ziyarət etmək üçün ölkə xaricinə getmək lazım deyil: bizim Diogenimiz də, Spartakımız da, Isamız da, Musamız da… var.

Eramızdan əvvəlki dövrdə yaşayan Diogenin qələmsiz, klaviaturasız “yazması” da elə böyük qəhrəmanlıq olmayıb. Əsl qəhrəmanlıq, fədakarlıq odur ki, 21-ci əsrdə əlindən alınan qələmin, klaviaturan olmadan, qolların qandallı halda yaza biləsən, millətin ruhdan düşməməsi naminə həyatını, ailəni, doğmalarını təhlükə altında qoyub, SÖZünü deyə biləsən. Yazılarını sevə-sevə oxuduğum dostlardan biri bir dəfə deyəndə ki, beli ağrıdığı üçün çox vaxt yazılarını yataqda, uzanan yerdə yazır, təəccüblənmişdim. Mən elə bilirdim o, yazılarını top lüləsi ilə ən uca dağın başında ayaq üstə yazır. 

Ən böyük təəccübü isə cəsur, fədakar jurnalist Mirzə Xəzərin bu yaxında mənə yazdığı məktubu oxuyandan sonra yaşadım. Mirzə müəllim mənə Almaniyada çıxan kitablarını yollayacaqdı. Mən ondan xahiş etmişdim ki, dostlara verəcəyim kitabları da müəllif imzası ilə yollasın. Kitabları almazdan öncə Mirzə müəllimdən belə bir məktub aldım: “Məlahət xanım, bu gün sizə kitabları göndərdim, içindəki yazı üçün üzr istəyirəm. Bəzən əlim çox əsir və bu üzdən yazı yaza bilmirəm”. Vallah, məni dara çəksələr də, tikə-tikə etsələr də heç vaxt inanmaram ki, Mirzə Xəzərin əli əsə bilər. Təkcə Mirzə Xəzər deyil, yazdıqlarından, SÖZlərindən xəstəlik, dərman, qorxu, yalan… qoxusu gəlməyən bütün qələm əhli oxucular üçün dünyanın ən sağlam, güclü adamlarıdır. Çünki onlar əlləri ilə yox, heç vaxt sınmayan sağlam ruhları ilə yazırlar. 

Bu yaxınlarda, noyabrın 24-ü bir qrup jurnalist Ilham Əliyevin görüşünə getmişdi. “Jurnalist” sözünü yazanda Vətənin dəyərli oğlu Tofiq Yaqublunun “Hakim aaa…” məqaləsini xatırlayıb ürəkdən “jurnalist aaa…” dedim. Kim inana bilər ki, “Hakim aaa…” məqaləsi zindanda yazılıb? Axı indi azadlıqda olan “jurnalist haaa”ların əksəriyyəti elə yazır ki, adama elə gəlir bədbəxtin başının üstündə on cəllad dayanıb və yaltaq, saxta yazılar yazması üçün ona müxtəlif işgəncələr verirlər. Maşallah, prezidentin görüşünə gedən jurnalistlər elə bəzənib-düzənmişdilər ki, elə bil Qarabağda açacaqları qəzetlərin, saytların adqoydusuna getmişdilər.

Tədbiri təşkil edənlərdən xahiş edirik, növbəti görüşə mütləq Aşıq Telli Borçalını da dəvət etsinlər. O, jurnalistlər üçün “jurnalist, yenə tovuz kimisən, nə qəşəng bəzənmisən” mahnısını oxuyaraq könüllərini daha da xoş etsin. Asan iş deyil, bəzənib-düzənmək böyük zəhmət tələb edir. Hətta bəziləri imicini elə dəyişmişdi ki, məmur, yaxud jurnalist olduğu bilinmirdi. Yuxarı başda oturanlardan birinin yanaqları elə qəşəng parıldayırdı ki, bığ-saqqalını dəllək taraş edəndən sonra, deyəsən, çaşıb “klient”inin üzünə krem yerinə günəbaxan yağı sürtmüşdü. Maraqlıdır, “jurnalistlərin dostu” adını alan prezident Tofiq Yaqublunun “Hakim aaa…” məqaləsini oxuyub? 

“Jurnalistlərin dostu” aaa, “prezident” aaa…”