Bir cümləlik ittiham

Aristotel deyirdi ki, bütün ədalətsizliklər arasında ən dözülməz olanı qanunçuluq adı altında törədilən ədalətsizlikdir. Təsəvvür edin, o bunu az qala 3 min il əvvəl deyib. 3 min il! Bizdə isə hələ də bu çox aktual səslənir, az qala idarəetmə normasına çevrilib. Addımbaşı ədalətsizlik. Addımbaşı haqsızlıq. Və bunların hamısına qanunlarla don geyindirilir, haqq qazandırılır. Beləcə, ortaya saxta, qondarma ittihamlar çıxır.

Bu gün həbsdə olan dostlarımız barədə açılan sifarişli cinayət işlərinə baxın. Orada qanunun elə maddələrinə istinad olunur ki, kənardan baxana elə gələr, bu maddələri işə salanlar aydan arı, sudan durudurlar, süddən çıxmış ağ qaşıqdırlar, mənəvi bakirəlik simvoludurlar. Həmin maddələrin beş qatı, on qatı bu saxta cinayət işlərini sifariş və icra edənlərin bu günədək törətdikləri əməlləri cəzalandırmağa kifayət etməz. Onların ayağında Cinayət Məcəlləsinin istənilən maddəsi ilə ittiham olunmalarına yetəcək qədər haqsız, qanunsuz əməl var. Əvəzində isə indi onlar qanunu üzlərinə tutalğac edib başqalarına ədalətsiz mühakimə qururlar.

Yanlış xatırlamıramsa başqa bir qədimi yunan filosofu – Platonun da indi bizim danışdığımız mövzuda bir müdrik kəlamı var, o deyirdi ki, “ən böyük ədalətsizlik adil olmayıb adil kimi görünməkdir”. Bax indi Azərbaycanı məhz belələri idarə edir. Özlərini elə aparır, ağızlarını açanda elə danışırlar ki, sanki bu ölkədə olub-bitən bunca rəzalətdə, pislikdə bunların heç bir əli, məsuliyyəti yoxdur, sanki bu ölkəni hər gün bir az da çağın gerisinə atan, bir az da qaranlığa gömən, yalanı, yaltaqlığı,  saxtakarlığı bu ölkədə həyat və düşüncə tərzinə çevirənlər hansısa başqa planetdən gələnlərdir. 

Elə dünən Tofiq Yaqublu ilə Ilqar Məmmədovun məhkəməsində hakimin onlara iradını oxuyanda da bu haqda düşünürdüm. Hakim, qondarma ittihamlarla içəri atılan bu iki dəyərli insanı qınayır ki, niyə suallara cavab verərkən ayağa qalxmırlar. Axı bu adamları haqsız, ədalətsiz yerə içəri atmısan, hələ onlardan özünə qarşı necə hörmət gözləyirsən? Barı bunu etmə. Barı bunu görməzdən gəl. Axı sən özün də, elə hamı da bilir ki, oturduğun o kürsüdə ədaləti təmsil etmirsən, siyasi rejimin iradəsini, sifarişini yerinə yetirirsən. Hələ buna görə şərlənərək qarşında müttəhim kimi oturdulanlardan necə hörmət də tələb edə bilərsən?

Amma görürsünüz ki, tələb edirlər. Haqsız yerə, şərləyərək həbs edir, sonra da buna “qanuni don” geyindirirlər. Hətta “qanunçuluğa” qarşı o qədər həssasdırlar ki, müttəhimin ayağa qalxmayaraq cavab verməsinə də dözmürlər, bu cür sonuncu dərəcəli detallarda belə, diqqətli, qanunların tələb etdiyi şəkildə davranılmasını istəyirlər.

Ədalətsizlərin qurduğu bu “ədalət mühakimələri”nə əlbəttə, tarix öz layiq olduğu qiyməti verəcək. Bu saxta mühakimələr onu quranların məsuliyyətini bir az da ağırlaşdıracaq. Onlara qarşı gələcək nəsillərin qınaq və nifrətini bir az da alovlandıracaq. Onların uydurma ittihamlarını heç kim xatırlamayacaq, amma iki gün əvvəl “NIDA”çıların məhkəməsində Rəşadət Axundovun yalnız öz adından yox, Əliyevçi rejimin haqsız, günahsız yerə dəmir barmaqlıqlar ardına atdığı bütün ləyaqətli, vicdanlı, aydın insanlar adından səslənən bu sözləri isə heç vaxt unudulmayacaq: “Mən öz həbsimi müstəsna həyasızlıq hesab edirəm”.

Hə, bax ittiham Rəşadətə elan edilən deyil, əsl ittiham elə budur.

Bu bir cümlə tarixin qulaqlarında uzun illər cingildəyəcək, ədalətsizlərin sifətinə isə daim ədalətin tərs silləsi kimi açılacaq.