Milli Şura üzvləri İbrahimbəyovun istefası barədə

Məlum olduğu kimi, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov tutduğu bu postan istefa verir. Bu barədə “Azadlıq” qəzetinə İbrahimbəyovun özü məlumat verib. R.İbrahimbəyov bu posta Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənlinin namizədliini təklif edib. 

Rüstəm İbrahimbəyov yalnız sədrlikdən istefa vermək istədiyini və Milli Şuranın işində fəal iştirak edəcəyini də vurğulayıb. 

R.İbrahimbəyovun istefasına Milli Şura üzlərindən də münasibət gəlib. 

“El” Hərəkatı Ali Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev «Modern.az» saytına açıqlamasında deyib ki, Milli Şuranın fəaliyyəti keyfiyyətcə və formaca özgə bir müstəviyə keçəcək: “Bundan sonra necə olacaq bəlli deyil. Bu, şəxsi fikrimdir, “El” Hərəkatının mövqeyi deyil. Bilirsiniz, Cəmil Həsənlini də Azərbaycanın ləyaqət simvollarından biri kimi qəbul etmişik. Ona görə də onun namizədliyini dəstəklədik. Hesab edirəm ki, onun ətrafında Milli Şuranı qorumaq lazımdır. Hələ ki, “El” Hərəkatının fikrini deyə bilmərəm. Çünki Eldar Namazov Avropadadır. Yəqin ki, hərəkatın İdarə Heyəti məsələ ilə bağlı ortaya mövqe qoyacaq”.

E. Quliyev Milli Şurada istefaların olacağını istisna etmir: “Hər şey gözlənilir. İstefa məsələsini istisna etmək olmaz. Yəni Milli Şuradan istefalar da, yeni üzvlər də qəbul edilə bilər. Amma bu barədə sessiya keçirilməmiş, Rüstəm müəllimin istefası rəsmiləşmiş konkret bir şey demək olmaz”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu sayta açıqlamasında Rüstəm İbrahimbəyovun addımını səhv addım kimi qiymətləndirib: “Onun bu addımını düzgün qəbul etmirəm. Bundan artıq söz demək istəmirəm. Bütün məsələlərə Milli Şuranın sessiyasında və ondan sonra münasibət bildiriləcək”.

Milli Şuranın və Ziyalılar Forumunun üzvü Gültəkin Hacıbəyli «Azadlıq»a açıqlamasında Rüstəm İbrahimbəyovun qərarına hörmətlə yanaşdığını deyib: «Rüstəm müəllim bu günə kimi Milli Şuranın yaranmasında, fəaliyyətində müstəsna xidməti olan insandır. Onun təşəbbüsləri, xidməti olmasaydı, Milli Şura yarana bilməzdi”. 

G.Hacıbəyli R. İbrahimbəyovun sona qədər sədr kimi fəaliyyətini davam etdirməsinin tərəfdarı olduğunu da qeyd edib: «Bəzi obyektiv səbəblər var ki, bunları əsaslı hesab edirəm. Əlbəttə, Rüstəm bəy Bakıya müəyyən səbəblərə görə gələ bilmir və Milli Şuranın fəaliyyətinə də rəhbərlik etməsində çətinlik çəkir.  Onun şəxsiyyətinə hörmət etdiyim kimi bu qərarına da hörmətlə yanaşıram. İnanıram ki, Milli Şuranın sədri olmasa da, üzvü kimi bizimlə birgə fəaliyyətini davam etdirəcək”. 

G.Hacıbəylinin sözlərinə görə, hazırda Milli Şura daxilində qeyri-rəsmi anlaşma mövcuddur: “Bu anlaşma ondan ibarətdir ki, Milli Şurada təmsil olunan bütün qüvvələr sədr kimi Cəmil Həsənlini görmək istəyirlər. Cəmil Həsənli isə neytral bir insandır. Milli Şurada fərqli siyasi qüvvələr təmsil olunur. Bu siyasi qüvvələri bir arada saxlamaq üçün onların fəaliyyətinin daha effektli olması üçün sədr müstəqil ziyalılardan olmalıdır. Cəmil Həsənli də belə şəxslərdəndir. Düşünürəm ki bundan sonra Milli Şuranın fəaliyyətində heç bir problem olmayacaq. Bizim üçün daha önəmli məsələ Milli Şuranın gələcək planları, strateji məqsədləri və atacağı addımlardır”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da Rüstəm İbrahibəyovun qərarına hörmətlə yanaşdıqlarını bildirdi: «Rüstəm bəy Milli Şuranın yarandığı dövrdən başlayaraq qurumun ən vacib mərhələlərində onu rəhbərlik edib. Rüstəm bəyin liderliyi ilə Milli Şura ölkənin demokratik potensialını birləşdirərək çox uğurlu seçki kampaniyası aparıb. Bu seçki kampaniyası o qədər uğurlu oldu ki, hakimiyyət total saxtakarlığa getməli oldu və bu saxtakarlıq faktı da Milli Şura tərəfindən geniş şəkildə ifşa olundu. Məhz Milli Şuranın, onun vahid namizədinin uğurlu seçki kampaniyası nəticəsində ilk dəfə olaraq beynəlxalq birlik Azərbaycanda keçirilmiş seçkilərin leqitimliyini tanımadı. Bu baxımdan Rüstəm bəyin sədrliyi Milli Şura üçün uğurlu oldu. Bütün hallarda onun qərarına hörmətlə yanaşmağın tərəfdarıyıq».

F.Qəhrəmanlının sözlərinə görə, son dönəmlər Rüstəm İbrahimbəyovun sədrliyi ilə bağlı müəyyən disskusiyalar yaranmışdı. Görünür o bu diskusiyaların Milli Şura üçün əlavə gərginlik mənbəyinə çevrilməsinin qarşısını almaq üçün bu addımı atıb. Bununla da Milli Şuranın maraqlarını, Azərbaycan cəmiyyətinin demokratiya ilə bağlı istəklərini daha üstün tutduğunu nümayiş etdirib. Artıq bundan sonra bu cür diskussiyaları davam etdrməyin heç bir mənası qalmayacaq.

F.Qəhrəmanlının fikrincə, Rüstəm İbrahimbəyovun  Milli Şurada fəaliyyətini davam etdirməsi quruma yalnız xeyir gətirə bilər: «Bu günə qədərki səyinə, fəaliyyətinə görə Rüstəm bəyə yalnız təşəkkür düşür. Biz onun bu fəaliyyətini yüksək qiymətləndiririk. Müraciətində Cəmil Həsənlinin Milli Şura sədrliyinə namizədliyi irəli sürülüb. Hesab edirik ki, indiki halda Milli Şuranın sədrliyinə ən şanslı və real namizəd Cəmil Həsənlidir. Cəmil bəy Milli Şuranın namizədi kimi nəinki Milli Şura üzvlərinin, eyni zamanda də ölkədə dəyişiklik istəyən cəmiyyətinin əksər nümayəndələrinin rəğbətini və etimadını qazanıb. Cəmil bəy kimi nüfuzlu bir ziyalının, cəmiyyət tərəfindən böyük etimad göstərilən bir liderin Milli Şurada sədr kimi fəaliyyətə başlaması quruma yalnız xeyir gətirə bilər. Cəmil bəyin namizdliyi veriləcəyi təqdirdə biz onun namizədliyini dəstəkləməyin tərəfdarıyıq».

Müsavat başqanının müavini Gülağa Aslanlı isə  Rüstəm İbrahimbəyovun imkanlarını dəyərləndirərək istefa ilə bağlı Milli şuraya müraciət etdiyini qeyd etdi: «Rüstəm İbrahimbəyov öz imkanlarının həddini müəyyənləşdirib. Azərbaycana gələ bilməmək imkanlarını götür qoy edib, hakimiyyətin ona yaratmış olduğu maneələri nəzərə alıb və sədrlikdən istefa haqqında müraciət edib. Eyni zamanda Cəmil Həsənlinin sədr olmasını təklif edib. Həm istefa təklifi, həm də Cəmil Həsənlini sədr kimi təklif etməsi müsbət haldır və bu Milli Şuranın bundan sonra da əvvəl başladığı işi davam etdirməsi üçün daha münbit şərait yaradır. Bunu ancaq Milli Şuranın Azərbaycan demokratiyasının xeyrinə olan addımı kimi dəyərləndirirəm». 

Fizzə