“Medianın problemlərini yalnız Arif Əliyev və Mehman Əliyev kimi ağıllı, asılı olmayan, müstəqil düşüncəli adamlar qaldıra bilərdi”
Ölkə prezidentinin ötən bazar günü Zağulbadakı iqamətgahında bir qrup media mənsubunu qəbul etməsi həftəyə öz damğasını vurub və ehtimal etmək olar ki, hələ bu mövzu uzun müddət mətbuatda müzakiərlərə səbəb olacaq. Moderator.az tanınmış media eksperti Qulu Məhərəmlinin də bu görüş barədə fikirlərini öyrənməyi lazım bilib. Ona “Prezidentin media kapitanları ilə görüşünə qatılaraq çıxış etmək imkanı qazansaydınız daha çox hansı problemi qaldırardınız?” sualı ilə müraciət edib. Q.Məhərrəmlinin cavabı:
“Əlbəttə, prezidentin jurnalistlərlə görüşməsi olduqca müsbət hadisədir. Həqiqətən azad mətbuatın problemlərini qaldırmaq, çətinlikləri göstərib onların həlli ilə bağlı məsələləri qabarıq müzakirə etmək üçün əla şans idi. Bu problemləri prezidentin yanında yalnız Arif Əliyev, Mehman Əliyev kimi ağıllı, asılı olmayan, müstəqil düşüncəli adamlar qaldıra bilərdi. Təəssüf ki, görüşdə belə adamlardan gözümə dəyən olmadı. Hər halda prezident mətbuatla bağlı problemlərə həssas yanaşdığını nümayiş etdirdi. Məncə, bu gün Azərbaycan mediasının faciəsi azad və asılı olmayan tənqidçi mətbuatın “əriməsi”dir. İndi boz və gərəksiz qəzetlərin sayı artır, amma onların cəmiyyətə və hakimiyyətə heç bir faydası yoxdur. Bizə nöqsanları obyektiv və qərəzsiz tənqid edən, dialoq mühiti yaradan, milli inkişafla bağlı cəmiyyətə ciddi mesajlar verən azad media qurumları lazımdır. Həm də axı bunlarsız demokratik cəmiyyət ola bilməz. Media həm söz azadlığını qorumalı, həm hakimiyyəti və onun opponentlərinin ictimai tənqidçisi olmalı, həm də cəmiyyəti qarşılıqlı hörmətə, fikir müxtəlifliyinə və tolerantlığa alışdırmalıdır”.


