Nazir 14 nəfəri elə iclasdaca işdən çıxararıb, zaldan qovdu
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bütün rayonların tibbi-sosial ekspert komissiyaları (TSEK) sədrlərinin iştirakı ilə iclas keçirib.
APA-nın xəbərinə görə, iclasda nazir müavininə tapşırıq verilib ki, dekabr ayının sonunadək arayış sistemi ləğv olunsun və elektronlaşdırılsın.
Daha sonra S.Müslümov Bakının Xətai, Sumqayıt, Xaçmaz, Ismayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-Imişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirib və onlardan iclası tərk etməyi tələb edib. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilib.
Nazir ilk növbədə tibbi sosial ekspert komissiyasının işinə diqqət yetməsinin təsadüfi olmadığını deyib: “Bu barədə mənə cənab prezident tapşırdı ki, ilk növbədə oranı təmizlə. Çünki TSEK çirkaba bulaşıb”.
Səlim Müslümov iclasda nazir müavininə tapşırıq verib ki, ilin sonuna kimi arayış sistemi ləğv olunsun və bu sistem tamam elektronlaşdırılsın. Səlim Müslümov həmçinin əlilərin, ev növbəsinə, maşın növbəsinə duranların siyahısının çıxarılması tapşırığını da verib. “Abşeronda bir Qarabağ əlili mənə müraciət etdi. Həmin şəxs barmağını müharibə zamanı itirib. Deyir ki, hər il məni yoxlanış üçün Tibbi-Sosial Ekspert Komissiyasına çağırırlar”. Nazir bildirib ki, bu kimi hallara son qoyulmalıdır: “Həmin adamın barmağı yerinə gələn deyil ki?”
S. Müslümovun sözlərinə görə, əlillərin hər il komissiyaya çağırılması onlardan pul almaq məqsədilədir: “Insanlara hər il əziyyət verib komissiyaya çağırırlar ki, onlardan pul alsınlar. Bu hoqqalara son qoyun”.
Nazir bununla bağlı əsasnamədə dəyişiklik edilməsi ilə bağlı da tapşırıq verib. Səlim Müslümov dünən həmçinin Abşeron rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavinini işdən çıxarıb.
Səlim Müslümovun bu addımları sələfi Füzuli Ələkbərovun həbs ediləcəyi ilə bağlı ehtimalları artırıb. Nazirin bu addımınlarını Ilham Əliyevin göstərişi ilə atdığını söyləməsi o qənaəti yaradır ki, Füzuli Ələkbərovun qələmi ən yüksək səviyyədə qırılıb. Keçmiş nazirin yaxın vaxtlarda həbs ediləcəyi gözlənilir.


