Bu gün Bakı Apelyasiya Məhkəməsində “Azadlıq” qəzetinin Yasamal Rayon Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb. Qeyd edək ki, Yasamal məhkəməsi “Binə” ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın “Azadlıq” qəzetinə qarşı iddiası üzrə 32 min cərimə qərarı çıxarmışdı. Qəzetin maliyyə vəziyyəti ağır olduğundan qərarı icra edə bilməmiş, Yasamal Məhkəməsi də bunu əsas götürərək “Azadlıq”a 3 min manat cərimə kəsmişdi. Əslində, Yasamal məhkəməsi qanunun tələbinə uyğun olaraq qəzetə xəbərdarlıq etməklə kifayətlənə bilərdi. Buna baxmayaraq, qəzetə qarşı dərhal ağır maliyyə sanksiyası tətbiq edildi. Qəzet isə məhkəmənin bu qərarından apelyasiya şikayəti verdi.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən dünənki iclasda “Azadlıq”ın şikayəti rədd edildi və əvvəlki instansiyanın qərarı qüvvədə saxlanıldı.
“Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyevin fikrincə, bu qərar hakimiyyətin məhkəmələrin əli ilə qəzeti susdurmaqda israrlı olduğunu bir daha ortaya qoyur: “Bir tərəfdən “Qasid” Yayım Firması bizə olan 56 min manatlıq borcu ödəmir, digər tərəfdən ağır məhkəmə cərimələri ilə qəzetin fəaliyyətinin dayandırılması istiqamətində sürətli iş aparılır. Apelyasiya Məhkəməsinin qərarı da bu silsilədən olan növbəti addımdır”.


