Həmkarları tanınmış hüquqşünasa istənilən cəzaya sərt etiraz bildirdilər
Aslan İsmayılov: «Qurban Məmmədova 3 il həbs cəzasının istənilməsi ədalətsilik yox, sırf hayasızlıqdır»
Namizəd Səfərov: «Qurban Məmmədova qarşı irəli sürülən ittiham onun siyasi fəaliyyəti, hakimiyyətə qarşı müxalif mövqeyi ilə bağlıdır»
Tanınmış hüquqşünas Qurban Məmmədovun məhkəmə prosesi noyabrın 28-də də davam edib. Prosesdə Qurban Məmmədov və vəkili Süleyman Qasımov vəsatətlə çıxış edərək məhkəmə istintaqının təzələnməsini istəyiblər. Vəsatətlər təmin olunmayıb və məhkəmə istintaqının bitdiyinə dair əvvəlki qərar qüvvədə saxlanılıb. Bundan sonra dövlət ittihamçısı çıxış edib. Prokuror Q.Məmmədova ittiham olunduğu 263.1-1 maddəsi üzrə 2il 9 ay, 299.1 maddəsi üzrə 5 ay olmaqla və 66.3 maddəni nəzərə alaraq cəzaların toplanması yolu ilə 3 il sürücülükdən məhrum edilməklə, 3 il azadlıqdan məhrum edilməsini, cəzanın ümumi rejimli müəssisədə çəkilməsini istyəib. Məhkəmə Q.Məmmədovun vəkilinin çıxışı üçün fasilə götürüb. Növbəti proses dekabrın 3-nə təyin olunub.
Maraqlıdır ki, hazırda paralel olaraq aparılan və bütün ölkəyə səs salan G.Əhmədovanın işiylə də bağlı təxmini eyni cəza istənilib. Düzdür irəli sürülən ittihamlar və maddələr fərqli olsalar da, Q.Məmmədova qarşı ittihamların onun siyasi mövqeyindən irəli gəldiyini söyləmək olar.
G.Əhmədovanın işinin ölkəyə deyil, bütün dünyaya səs saldığını deyən vəkil Aslan İsmayılov bildirdi ki, bunun fonunda Q.Məmmədova 3 il həbs cəzasının istənilməsi ədalətsilik yox, sırf hayasızlıqdır: «Ədalətsizlik o zaman deyilir ki, haradasa bir balaca əndaza gözlənilir. Bu sırf hayasızlıqdır. Bunun başqa adı yoxdur. Bu qərarla nümayih edirmək istəyrlər ki, bizim üçün nə qanun, nə ədalət, nə dövlət, nə də dünya var. Bəyan olunur ki, Azərbaycan vətəndaşı deyilən anlayış tanınmır və belə bir qrupun rəyi ilə də hesablaşılmır».
Q.Məmmədovun bir sıra məhkəmə proseslərində iştirak etdiyini deyən hüquqşünas Namizəd Səfərov isə bildirdi ki, həmin proseslərdə Q.Məmmədov irəli sürülən ittihamların yalnız ona qərəzdən irəli gəldiyini birmənalı şəkildə sübuta yetirib: «Belə çıxır ki, bu məhkəmə prosesləri sırf olaraq gözdən pərdə asmaq məqsədi daşıyıb.Yalandan məhkəmə prosesləri qurulur, təqsirləndirilən şəxs, zərərçəkən, şahidlər, ekspetrlər dindirilir. Sonda isə bunların hamısı bir tərəfə atılaraq ittiham hökmü çıxarılır. Mən dəfələrlə qeyd etmişəm və bütün Azərbaycan ictimaiyyətinə də məlumdur ki, Qurban Məmmədova qarşı irəli sürülən ittiham onun siyasi fəaliyyəti, hakimiyyətə qarşı müxalif mövqeyi ilə bağlıdır. Qəza hadısəsi baş verib və nəticədə əvvəllər 3 dəfə, o cümlədən narkotik maddələrin qanunsuz dövriyyəsi maddəsi ilə məhkum olunmuş bir vətəndaş xəsarət alıb. Qurban Məmmədov da bunu inkar etmir. O tələb edirdi ki, bu qəza hadisəsin baş vermə mexanizmi araşdırılsın və qəzanın kimin təqsirindən törəndiyi aydınlaşdırılsın. Hakimiyyət isə bu qəza hadisəsindən vicdansızcasına sui-istifadə etdi. Ağına-bozuna baxmadan Qurban Məmmədova qarşı belə bir uydurma ittiham irəli sürüldü». N.Səfərovun sözlərinə görə, ən maraqlısı isə ondan ibarətdir ki, Azərbaycanın ədalət mühakiməsi tarixində ilk dəfə olaraq insan ölümü ilə nəticələnməyən avtoqəza hadisəsinə görə vətəndaş barəsində həbs qəti imkan tədbiri tətbiq olunmaqla yanaşı, onun 3 il azadlıqdan məhrum edilməsi tələb olunur: «Bir daha qeyd edirəm ki, bu ittiham siyasi xarakter daşıyır. Qurban Məmmədov siyasi mövqeyinə görə təqib olunur.Ona qarşı dövlət ittihamçısı tərəfindən 3 il azadlıqdan məhrum olunma cəzası tələb olunması da məhz bunun təzahürüdür. Diqqət yetirin bir tərəfdə ağır cinayət törətmiş, deputat mandatı ilə alver edərək bir milliyon manat ələ keçirməkdə ittiham olunan hakimiyyət təmsilçisinə 4 il, digər tərəfdə isə ehtiyatsızlıqdan zərərçəkənin xəsarət almasına səbəb olan cinayət törətməkdə ittiham olunan,təqsiri əslində sübuta yetirilməmiş müxalifət təmsilçisinə 3 il azadlıqdan məhrumetmə cəzası tələb olunur. İkili standart və cəmiytətə qarşı saymamazlıq göz qabağındadır».
Xəyal