Moskva aeroportunda Azərbaycan vətəndaşına müdhiş basqın

Qara maskalılar 31 yaşlı Qədimovun 2,7 milyon dollarını alıb-qaçdılar; basqınçılarda polis vəsiqəsi olub

Noyabrın 27-də səhər tezdən Moskvanın “Şeremetyevo” aeroportunda avtomatla silahlanmış maskalı şəxslər 31 yaşlı azərbaycanlı Zaur Qədimova hücum edib və onun 2,7 milyon dollarını oğurlayaraq qaçıblar.
Bu barədə Rusiya mediasına istinadən “virtualaz.org”un yaydığı məlumatda bildirilir ki, Z.Qurbanov Azərbaycan vətəndaşıdır və Moskvaya Istanbuldan gəlirmiş. 2135 nömrəli reyslə uçan təyyarə saat 06:05-də “Şeremetyevo”da yerə enib. Sərnişin saat 7-də aeroportun D terminalından çıxıb və bu zaman avtomatla silahlanmış maskalılar ona hücum edib. Qədimovun əlində içində 2,7 milyon dollar olan çanta olub. O, bu pulları gömrükdə rəsmən bəyan edibmiş.
Bildirilir ki, böyük məbləğdə pulla gəldiyindən Z.Qədimov əvvəlcədən təhlükəsizliyinin təmin olunması üçün Moskvadakı “Atlant” özəl mühafizə agentliyindən üç cangüdən sifariş verib. Cangüdənlər onu aeroportda qarşılamalı və müşayiət etməli imiş. Lakin o gələnə qədər qara kamuflyaj və maska geyinmiş silahlı şəxslər cangüdənləri zərərsizləşdiriblər və Qədimovu gözləməyə başlayıblar.
Moskva hüquq-mühafizə orqanlarından bildirilib ki, hücum edənlər 10 nəfər olub. Onlar polis vəsiqəsi təqdim ediblər və Z.Qədimovu gözləyən cangüdənləri əllərinə qandal keçirərək mikroavtobusa mindirib, avtopark ərazisindən çıxarıblar. Sonra geri qayıdaraq milyonlarla dollarla gələn sərnişini gözləməyə başlayıblar. Bu zaman maskalılardan bir neçəsi əlləri qandallanmış cangüdənlərə nəzarət edib.
Başqa bir məlumata görə isə silahlılar Qədimovu cangüdənlərlə birlikdə saxlayıblar. Onları silahla hədələyərək yaxınlıqda gözləyən “QAZel”ə mindiriblər və aeroportdan uzaqlaşdırıblar. Daha sonra şlaqbauma çatanda pulla dolu çantanı götürüb, Qədimovla cangüdənləri düşürüblər və sürətlə uzaqlaşıblar.
Bu versiyada mühafizəçilərin basqınçılarla əlbir ola biləcəyini istisna edilmir.
Lakin Qədimovun dedikləri ikinci məlumatı təkzib edir. Qədimov bildirib ki, aeroportun D terminalından çıxan kimi 6 nəfər maskalının hücumuna məruz qalıb. Onlar Qədimovu avtomatla hədələyərək tünd-göy rəngli “Sobol” mikroavtobusa mindiriblər və aeroportun ərazisindən çıxarıblar. Ərazisindən çıxan kimi hücum edənlər onun əlindəki çantanı alıblar, özünü isə avtomobildən yola atıblar.
Qədimova basqın anını əks etdirən foto da yayılıb. Hadisəsini təsadüfən şahidlərdən biri lentə ala bilib və çəkdiyi kadrı “Life News”a təqdim edib. Həmin kadrdan görünür ki, qara maskalı, kamuflyajlı şəxs əlindəki avtomatı yerə yıxılmış Zaur Qədimovun başına dirəyib. Kadrda maskalılardan daha biri gözə dəyir.
Xatırladaq ki, oxşar hadisə bu ilin sentyabrında Sankt-Peterburqda da baş vermişdi. “Pulkovo-2″ aeroportunda adı açıqlanmayan 28 yaşlı Azərbaycan vətəndaşına basqın edən qara maskalılar onun 2,5 milyon dollar məbləğində nəğd pulunu alaraq qaçmışdılar.
Bu barədə məlumatda qeyd olunurdu ki, Peterburqda yaşayan zərərçəkmiş hadisədən bir neçə gün sonra polisə müraciət edib, özü də gecə saat 2-də. Azərbaycan vətəndaşı şikayət ərizəsində göstərib ki, həmin şəxslər qara maskada olub, onu boynundan basaraq zorla qara rəngli mikroavtobusa mindiriblər və Peterburq ətrafındakı Şuşarı qəsəbəsinə aparıblar. Şuşarı qəsəbəsində azərbaycanlını maşından düşürüblər və onun əlindəki qara çamadanları alıblar. Azərbaycan vətəndaşı ona hücum edən şəxsləri tanımadığını bildirib, ancaq ərizəsində göstərib ki, həmin şəxslər uniformaya oxşayan qara geyimdə və qara maskada olublar.

İnformsiya şöbəsi