“Əliyev “vicdan məhbusları”nı alver predmetinə çevirib”

Sülh və Demokratiya İnstitutu Azərbaycandakı repressiyalarla bağlı bəyanat yaydı

“Ölkədə mətbuat azadlığının tarixi simvolu olan “Azadlıq”ın məhvi söz və ifadə azadlığını boğmaq siyasətinin məntiqi davamıdır”

Sülh və Demokratiya İnstitutu Azərbaycanda repressiyaların güclənməsilə əlaqədar yaydığı bəyanatı həm yerli, həm də beynəlxalq ictimaiyyətə ünvanlayıb.

Budəfəki prezident seçkisinin də əvvəlki seçkilər kimi kütləvi şəkildə saxtalaşdırıldığını yada salan Sülh və Demokratiya İnstitutu direktoru Leyla Yunus vurğulayır ki, bövlükdə seçki prosesi repressiyalar, o cümlədən müxalifətçilər, jurnalistlər, bloggerlərin həbsilə müşayiət olundu: “Bir qayda olaraq, Azərbaycanda seçki öncəsi fərqli düşünənlərə qarşı repressiyalar güclənir. Hakimiyyət seçkidən sonra manipulyasiya, alver məqsədilə “vicdan məhbusları”nın sayını artırır. Həbsdə onlarla jurnalist, blogger, vətəndaş cəmiyyətinin fəalı olanda, təbii ki, seçki saxtakarlığı, qanunu pozan seçki komissiyası üzvlərinin cəzalandırılması kimi məsələlər arxa plana keçir. İnsanların həyatı və sağlamlığı təhlükə altında olanda yerli və beynəlxalq ictimaiyyət ilk növbədə diqqəti onların xilas edilməsinə yönəldir. Heç bir günahı olmadan həbs olunan “vicdan məhbuslarını” bir neçə il həbsdən sonra İlham Əliyevin əfv fərmanı ilə azadlığa buraxıb Avropa İttifaqı, Avropa Şurası, Dövlət Departamentindən çoxsaylı təşəkkürlər almaq metodunu bu hakimiyyət dəfələrlə sınaqdan keçirib. Bu müddətdə nə qədər adamın həbsxanada dünyasını dəyişməsi, həbsdən buraxılanların yerinin yeni-yeni siyasi məhbuslarla doldurulması da bir başqa söhbətin mövzusudur. İlham Əliyevin idarəçiliyi altında keçən son on ildə Azərbaycanda siyasi məhbusların sayı 50 nəfərdən aşağı düşməyib”.

Bəyanatda qeyd olunur ki, seçkidən sonra rupressiyalar daha da güclənib: “Azərbaycanda mətbuat azadlığının tarixi simvolu olan “Azadlıq” fəaliyyətini dayandırmaq təhlükəsilə üz-üzə qoyulub. Azərbaycanda yenidənqurma illərində milli demokratik hərəkatın dirçəldiyi vaxtlarda yaranan “Azadlıq” ötən illər ərzində müstəqilliyini, müxalif qəzet kimi nüfuzunu qoruyub saxlaya bilib. Oktyabrın 24-də 65 min manatlıq məhkəmə cərimələrinə görə “Azadlıq”ın bank hesabına həbs qoyulub. Ölkədə müstəqil telekanal və radioların olmadığı bir şəraitdə yalnız azsaylı nəşrlər və internet alternativ informasiya mənbəyidir. Tarixi qəzet olan “Azadlıq”ın məhv edilməsi Azərbaycanda söz və mətbuat azadlığını boğmaq siyasətinin məntiqi davamıdır”.

Leyla Yunus bildirir ki, amerikalı senator Kris Merfi Azərbaycan hakimiyyətinə siyasi məhbusları azadlığa buraxmaq barədə çağırış edib: “Senator bildirir ki, Azərbaycandakı seçkilərlə əlaqədar münasibətlərdə yaranmış problemlərin fonunda bu, müsbət addım olardı. Lakin Azərbaycan hakimiyyəti ABŞ və Avropadan gələn bu tipli çağırışlara reaksiya verməyə tələsmir. Hazırda 140-dan çox 

siyasi məhbus var. Seçkidən sonra “vicdan məhbusları”ndan üçünə hökm oxunub: blogger Rəşad Ramazanov 9 il, “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli 4 il, ilahiyyatçı Tale Bağırzadə 2 il azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində 8 gənc fəalın işi üzrə məhkəmə başlayıb. Şəkidə və Lənkəranda da müxalifət yetkililərinin işi üzrə məhkəmə prosesləri gedir.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən su-istifadə ittihamlarıyla cinayət işi başlanıb. Təşkilatın rəhbəri Anar Məmmədlinin ölkədən çıxışına qadağa qoyulub. Məhz bu təşkilat seçki günü məntəqələrdə baş vermiş saxtakarlıq faktlarını ictimaiyyətə çatdırmışdı.

Müxalifətin prezidentliyə namizədi Cəmil Həsənlinin təbliğat plakatlarını çap etmiş “Qanun” nəşriyyatında da axtarış aparılıb, sənədlər götürülüb.

Əliyev rejiminin qarşısındakı məqsəd repressiyaları gücləndirmək, söz azadlığını boğmaqdır. Belə bir şəraitdə ən əhəmiyyətsiz əfv belə “ölkədə demokratiya və qanunun aliliyində İlham Əliyevin xidmətlərinin dəyərləndirilməsi” baxımından həm ölkənin daxilində, həm də xaricində minnətdarlıq dalğası yarada bilər”.