“Ölü” mühacirlərin sahibləri

Yaxud Bethovenin vətənində yaşayıb Azərbaycanın 15-ci dərəcəli bazar müğənnisinə sitayiş edənlər!

Mühacirət məsələsi zaman-zaman gündəmə gəlsə də, yazılanlara reaksiya verən demək olar ki, eyni adamlar olur. Avropada siyasi mühacirlərin Azərbaycanda demokratiyaya dəstək naminə keçirdikləri aksiyalar kimi, burda da ancaq bir qrup aktiv gözə dəyir. Və nəticədə bəzən elə təsəvvür yaranır ki, Avropada Azərbaycan ictimaiyyətinin mediadan və siyasətdən tanıdığı adamlardan başqa kimsə yoxdur. Halbuki ölkədə 10-cu səviyyədə qəbul edilən bir müğənninin Avropada keçirdiyi hər hansı bir konsertə ən azı 800-1000 azərbaycanlı yığılır.

Bax, Van Qoq, Rembrandt və…

Öncələr mənə təəcüüblü gəlirdi ki, əcəba, nədən Almaniyada – Bethoven, Sebastian Bach kimi dahilərin vətənində yaşayan azərbaycanlılar bu korifeylərin əsərlərini dinləməyib, hansısa 15-ci dərəcəli Azərbaycan müğənnisinin konsertində basabas salırlar? Nədən Nederlanddakı azərbaycanlılar üçün Van Goghun, Rembrandtın muzeyləri yox, Nüşabə Ələsgərlinin konsertləri daha cəlbedicidir? Bu insanlar 25 euro verib muzeyə getməkdənsə, 50 euro verib hansısa düşük mahnılara qulaq asmağa niyə gedirlər? Zaman keçdikcə, bu insanları daha yaxından tanıdıqca, məsələ aydınlaşdı. Anladım ki, bu insanlar dahilərin vətənində illərlə yaşasalar da, ruhən Üzeyir Mehdizadənin fanklubundan o tərəfə keçə bilməyiblər. Bu insanlar məhz bu konsertlərə dəstə-dəstə axışmaqla öz ölmüş düşük ruhlarını yeniləyirlər. Yenidən ən aşağı səviyyəyə düşüb bundan həzz alırlar. Və təbii ki, bu cür insanların da Azərbaycan üçün hansısa bir iş görəcəyi, ölkəmizdə demokratiyaya dəstək verəcəyi inandırıcı deyil. Lakin mən başqa məqamlara toxunmaq istəyirəm. Bundan öncəki yazımda qeyd etdiyim kimi, Avropada oturum almaq və xoşbəxt olmaq heç də çoxluğa nəsib olmur. İnsanlar illərlə ən müxtəlif problemlər içində çırpınır. Ancaq bunun qarşılığında adamlar dəyişmir. Və maraqlı məqamlardan biri də budur ki, Azərbaycanda davamlı olaraq siyasi mühacirətlə bağlı ittihamlar olur. Halbuki ittihamlardan daha çox iş görmək lazımdır. Çünki Avropaya siyasi mühacirətin bazası Azərbaycandır.

“Rəsul Quliyev mühacirləri”

Məsələn, bu gün gecə-gündüz hamıya yol göstərən sabiq spiker Rəsul Quliyevin adıyla Avropa və Amerika qitələrində ən azı 1000 adam siyasi sığınacaq alıb. Bunun üzərinə də onların ailə üzvlərini gəlsək bu say 4 mini ötər. Bu şəxslərin bir qismi də Rəsul müəllimin qohumlarıdır. Görəsən, davamlı olaraq hamını ittiham edən Rəsul müəllim, niyə bu qədər insanı hərəkətə gətirib bu günə qədər Avropada normal bir təşkilat, fond, qəzet, tv, radio yaratmayıb? Bu adamların əksəriyyətinə Rəsul müəllim pasportunun sürətini, təsdiqedici məktub göndərib status aldırıb. Bəs bu status alanlar nədən ortada yoxdur? Eləcə də Rəsul Quliyevin sədr olduğu zaman Demokrat Partiyasının ən azı 400-500 üzvü və bir neçə funksionerləri mühacirət edib. Əksəriyyətinin hazırda evi, maddi imkanları var. Bu adamlardan böyük qrupu Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, İsveçrə, Belçika, Polşa, Macarıstan və Amerikada yaşayırlar.

ADP-nin “Koroğluları”

Görəsən, Koroğlunu, Qaçaq Nəbini ittiham edən hörmətli Sərdar bəy, nədən maraqlanmır ki, onun rəhbərlik etdiyi partiyanın Avropa və Amerikadakı üzvləri, funksionerləri niyə fəaliyyətsizdirlər? Təkcə Faina Kunqurovanın ölümünə görə, neçə adam oturum alıb. Bəs bu insanların vicdanına nə olub? Onların vicdanı susubsa, Azərbaycanda bu insanlara arayış verib Avropa və Amerikaya “ezam” edənlər onları hərəkətə gətirməlidir. Bu gün də ADP-çi adıyla insanlar ölkəni tərk edir. Bu qədər “üzvü” ölkəni tərk etmiş bir partiya rəhbərliyi niyə onları heç arayıb axtarmır? Tam səmimi deyirəm, mən Frankfurtda olarkən Azərbaycandan daha çox “ADP”-çiyə rast gəldim. Lakin bu adamları yeyib-içmək məclisindən başqa bir yerdə görməmişəm. O cümlədən də Göteburg şəhərində ADP-çilər az qala Səudiyyə Ərəbistanının filalını yaradıblar. İnsan naminə demək lazımdır ki, Avropada say çoxluğu Müsavat Partiyasının üzvlərində olsa da, elə ortada olan da onlardır. Lakin bütün yük bir neçə aktiv müsavatçının üzərinə düşür. Qalanları əbədi sükuta qərq olunublar. Bu adamları hərəkətə gətirmək üçün Müsavat Partiyasının mərkəzi aparatı heç bir addım atmır. Bir siyahıya alınmır ki, bizim mühacirətdə nə qədər üzvümüz var? Bu adamlar Müsavat adına gəlib oturum alıb sonra isə yoxa çıxırlar. Onlara bir xatırladan olmur ki, bu günkü rahatçılıqları Azərbaycanda mərhumiyyətlərə düçar olanları səbəbinə qazanılıb. Bunu da xatırladan olmadığından hər kəs istədiyini edir. Avropada ən az üzvü olan isə Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Mən cəmi 4 adam tanıyıram. Onlardan ikisi – Oslodan polkovnik İsa Sadıqov, Almaniyadan Hamburg Azərbaycan Cəmiyyətinin başqanı Azər Rövşən yeni üzv olublar. 3-cü adam ailə qurmaqla məşğuldur. 4-cüsü də dini ibadəti bəhanə edib ortaya çıxmır. Bir nəfər də Pənah Hüseynin Partiyasından var. Hollandiyada yaşayan Sabir Budaqov. Vəssalam.

Yazmayan jurnalistlər, satılan QHT-çilər

Lakin qeyd etdiyim kimi, digər partiyaların adından gəlib və sığınacaq alan kifayət qədər insanlar var. Eyni zamanda Azərbaycanda jurnalistika fəaliyyətilə məşğul olmuş və ya jurnalist adıyla Avropaya, Amerikaya, Kanadaya mühacirət etmiş ən azı 150-200 adam var. QHT rəhbəri, gənclər təşkilatının rəhbəri kimi gələnlərin də sayı kifayət qədərdi. Bir-iki də ortabab musiqiçi var. Onlar da indi qoşulublar Avropanın küçə musiqiçilərinə. Özlərini də vurublar əhli-kefliyə ki, kimsə nəyisə yadlarına salmasın. Özü də onu vurğulayım ki, bu insanların bir çoxu Azərbaycanda evlərini kirayə verib Avropada da istədikləri kimi yaşayırlar. Yaşadıqları ölkələrdə biznes qurublar. Konkret adlar da çəkə bilərəm və bunlar hamıya məlumdur. Bu adamlar həm Azərbaycanın, həm də yaşadıqları Avropa və ya Amerika ölkəsinin imkanlarından bəhrələnirlər. Bunun qarşılığında onlara zamanında oturum almaq üçün yardım etmiş partiyalar, qəzetlər, ictimai qurumlar, hüquq müdafiəçiləri yaxalarından yapışıb soruşmur ki, niyə susursan? Niyə Azərbaycan üçün keçirilən aksiyalara qatılmırsan? Niyə bir fond yaratmrısınız? Nədən hakimiyyətin, Diaspora Komitəsinin, səfirliyin əlaltısına, məddahına çevrilirsən? Bunları soruşan yoxdur. Bunları soruşan olmadığına görə də, Avropada və Amerikada Azərbaycan siyasi mühacirəti biabırçı gündədir. Bu mühacirət yox, ticarətdi arkadaşlar.

Məzara dönən vətən…

Mən bu sıraya Bolqarıstandan Kanadaya qədər səpilmiş OMON-çuları da əlavə edirəm. Zamanında düşmən qabağında əyilməmiş OMON-çular komfort həyatın rahatlıqları içində əriyib gediblər. Hətta o qədər əriyiblər ki, onların adından yararlanan bir yalançıya belə cavab verəcək gücləri qalmayıb. Həmçinin Surət Hüseynovun adından yararlanıb özünə Avropada şərait yaratmış, lakin bu gün ancaq xeyir-şərlə başını qatan böyük bir qrup var. Bu adamlar nə ortaya çıxar, nə Azərbaycan üçün bir addım atarlar. Ancaq bizneslə məşğul olarlar. Bu da onu göstərir ki, bu insanların dərdi demokratiya yox, pul dərdiymiş. Əlləri pula çatdığına görə, artıq onlar üçün vətən maraqlı deyil. Vətən ancaq qocalıb öləndə qəbirstanlıq kimi yada düşür. Son olaraq onu deyim ki, zamanında qardaş Türkiyədən də Avropaya mühacirət ediblər. Həmin adamlar gəlib Avropada CHP-nin, MHP-nin, hətta DevSolun və sairin qanadlarını qurublar. Ülkü ocaqları yaradıblar. Bəs Azərbaycan siyasi mühacirətinin əksəriyyəti nə yapır? 20 yanvar, Xocalı şəkərbura, paxlava, tar, qaval, birdə şorqoğalı. Öncə ağlaşma, sonra yeyib içmə. Adını da qoyurlar ölkəmizi Avropaya tanıdırıq. Bizi avropalılar çox yaxşı tanıyır cənablar. İnanın ki, özümüzdən də yaxşı!