Qərb-İran münasibətləri Suriya problemini çözəcəkmi?

Vəfa Quluzadə: «Qərb Suriyadakı müharibəni sona çatdırmaq istəyirsə, onda İrana ehtiyacı olacaq»

Iranla “altılıq” ölkələri arasında Tehranın nüvə proqramına dair razılaşmanın əldə edilməsi bu ölkənin Qərblə münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Eyni zamanda Iranın ABŞ-la münasibətlərində də 34 illik fasilədən sonra müəyyən yumşalma müşahidə olunmaqdadır.
 Iranın Qərblə münasibətlərində bu yumşalma Suriyadakı hadisələrə də öz təsirini göstərə bilər. Çünki Suriyada iki ildən artıqdır davam edən qanlı münaqişədə Iranın Əsəd rejiminə dəstək verməsi problemin həllinə ciddi əngəllər törədir.
Qərb Iranla münasibətlərin yumşalmasından Suriya probleminin həllində istifadə edə biləcəkmi?
Politoloq Vəfa Quluzadə Iranın hazırda ölüm-dirim mübarizəsi apardığı və bu mübarizədə hər bir faktordan istifadə edəcəyini deyir. Əgər Qərb Suriyadakı müharibəni sona çatdırmaq istəyirsə, onda Irana ehtiyacı olacaq. Iran isə Qərbin bu ehtiyacından öz xeyrinə yararlanmağa cəhd edəcək. Ilk növbədə Iran embarqoların götürülməsini, Qərbdə olan pullarının qaytarılmasını istəyəcək.
Ekspertin fikrincə, münasibətlərin nisbətən yumşalmasına baxmayaraq Qərblə Iran arasında düşmənçiliyin tam aradan qalxdığını və bundan sonra əməkdaşlığın davam edəcəyini demək çətindir: “Qərb Iranın vasitəsilə Suriyadakı əhvalatları özünün xeyrinə çevirməyə cəhd edəcək. Iran isə Qərbin bu asılılığından istifadə edib daha da möhkəmlənməyə can atmalıdır və atacaq da. Qərbin Irana münasibətdə yumşalmasının başqa səbəbi də ola bilər. Bəlkə Qərbin arzusu ondan ibarətdir ki, yumşalma olsun, Iranda Qərbə meyllər artsın. Iran-Qərb əlaqələrinin güclənməsi rejimi daxildən çalxalaya bilər. Inanmıram ki, iranlılar bunu nəzərə almasın. Məsələn, Qorbaçov dövründə Sovet Ittifaqı Qərblə əlaqələri yumşaltdı, nəticədə Qərbin təsiri Sovet Ittifaqını dağıtdı. Həmin məsələlər Iranda da baş verə bilər. Ona görə bu sualların hamısı açıq qalır. Qərblə Iran danışıqları gedir, ancaq ABŞ Senatında deyirlər ki, embarqoları sərtləşdirmək lazımdır. Israilin baş naziri Netanyahu Irana inanmamağa çağırır. Netanyahunun da Amerikada böyük dəstəyi var. Indi görək bu məsələlərin axırı nə olur”.

Fizzə