Naxçıvanda müsavatçı narkotik ittihamı ilə həbs olundu

Sabir Vəliyev: «Saxta, qurama bir oyun qurublar»

Müsavat Partiyası Babək rayon təşkilatının sədri Mehdi Niftəliyevi noyabrın 24-də Naxçıvan MTN-nin əməkdaşlarının saxladığı bildirilir. Bu haqda “Azadlıq” radiosuna Müsavat Partiyası Naxçıvan MR Təşkilatının sədri Sabir Vəliyev məlumat verib. Onun sözlərinə görə, MTN əməkdaşları Mehdi Niftəliyevi narkotik ittihamı ilə həbs ediblər:
“Mehdi Bakıdan qayıdırdı. Yolxərci ucuz başa gəlsin deyə, əksər naxçıvanlılar kimi, o da hər dəfə Iran yolunu seçir. Qardaşına zəng edib ki, yüküm ağırdır, gəl qabağıma. O da gedib Culfa gömrüyünə gözləyib, Mehdidən xəbər çıxmayıb. Telefonlarına da zəng çatmayıb. Sonradan deyiblər ki, Mehdini tutublar.
Bir qədər keçəndən sonra, MTN-nin Pərviz adlı müstəntiqi qardaşına zəng edib deyib ki, gömrükdə Mehdinin ayaqqabısının dabanından narkotik tapmışıq. Gəlirik evdə də axtarış edək. Gəl onlara. O da gedib Mehdigilə, MTN əməkdaşları da orada olublar.ÿBir qədər axtarışdan sonra MTN əməkdaşlarından biri əlində nə isə göstərib deyib ki, həyətinizdən narkotik tapdıq. Saxta, qurama bir oyun qurublar”.
Sabir Vəliyev deyir ki, rayon təşkilat sədrinin həbsi siyasi sifarişlidir: “Mehdi nə siqaret çəkirdi, nə də ki, içki içirdi. Həmişə hamını düz yola çəkirdi. Onun narkotik istifadə etməsi mümkünsüzdür. Burada ya siyasi oyun var, ya da ki, başqa bir şərdir. Mehdi həmişə haqsızlığa qarşı fəal şəkildə etiraz edirdi”.
Məsələyə münasibət öyrənmək üçün “Azadlıq” radiosu Naxçıvan MTN-nin müstəntiqi Pərviz Hüseynovla əlaqə saxlayıb. O, Mehdi Niftəliyevin saxlanılması ilə bağlı onunÿvəkili ilə əlaqə saxlamağı məsləhət görüb: “Xəbərim yoxdur, heç nə deyə bilmərəm. Onun vəkili ilə əlaqə saxlayın”.
Mehdi Niftəliyevin vəkilinin kimliyi isə hələlik onun yaxınlarına məlum deyil. Sabir Vəliyev deyir ki, nə ailəsi, nə də dostları hələ ki, ona vəkil tutmayıb.