Milli Məclisdə növbəti “mitinq əməliyyat”ı

Gözəl Bayramlı: «Belə təkliflərin qəbul olunması insanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına xidmət edir»

Ədalət Yusifov: «Azərbaycan hakimiyyəti bütün sahələrdə insanların haqqını tapdamaqda israrlıdır»

Azərbaycanda “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və müvafiq olaraq Inzibati Xətalar Məcəlləsinə əlavələr gözlənilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bir qrup deputatın təklifi ilə müzakirəyə çıxarılması gözlənilən layihə aksiyalar zamanı maskalardan və digər üz örtüklərindən istifadədən qadağanın qanunvericilikdə təsbit olunması ilə bağlıdır.
Layihəyə görə, istənilən bayram və matəm tədbirlərində, dini mərasimlərdə, yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piketlərdə bir sıra qadağan olunmuş xüsusi vasitələrlə yanaşı, maska və digər üz örtüklərindən istifadə qanunvericiliklə qadağan olunur.
Bununla bağlı Inzibati Xətalar Məcəlləsinə xüsusi maddənin əlavə olunması da təklif edilir. Layihənin yaz sessiyasında parlamentdə müzakirəyə çıxarılması gözlənilir.
Ölkəmizdə yüzlərlə həlli vacib olan məsələlərin müzakirəsi kənarda qaldığı halda, 100-cü dərəcəli məsələlərin müzakirəyə çıxarılması, bu istiqamətdə qızğın müzakirələrin getməsi dəb halını alıb. Guya üz örtüyü ilə aksiyaya çıxmaq, bayram tədbirlərində maska taxmaq böyük fəlakət imiş. Ümumiyyətlə, son dövrlər MM-də aksiyalar, mitinqlər, yürüşlər ətrafında ciddi müzakirələr gedir. Bu istiqamətdə gedən müzakirələrin ən yadda qalanı da icazəsiz aksiyada iştirak edən şəxslərin yüksək miqdarda cərimələnməsi oldu. Ölkədə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına münasibət bildirməyə cəsarəti çatmayanlar, aksiyalarda üzün örtülməsinə görə narahat olublar.
MM-də mzakirə olunacaq bu təklifə müxalifətdən də reaksiya verilib.

AXCP sədrinin müavini Gözəl Bayramlı hesab edir ki, belə bir təklifin müzakirəsinə ehtiyac yoxdur və bu kimi hallar insanların hüququdur: “Aksiyaya, mitinqə, yürüşə çıxan vətəndaş hansısa məsələyə etiraz edir və etirazın hansı formada edilməsi vətəndaşın şəxsi seçimidir. Belə məqamları məhdudlaşdırmaq, buna aqressiv yanaşmaq normal deyil. Əksinə, bu kimi halları insanların hüquq və azadlıqlarına müdaxilə kimi qiymətləndirirəm. Hesab edirəm ki, hansısa vətəndaşın üzünü örtməsi, müəyyən üz geyimi taxması qanuna zidd deyil və insanların şəxsi azadlığının göstəricisidir. Yaxşı olar ki, MM-də ölkənin taleyi, vətəndaşların rifahı ilə bağlı məsələlər müzakirə olunsun”.

Milli Şuranın üzvü Ədalət Yusifov bildirdi ki, hakimiyyət həmişəki kimi öz prinsiplərini həyata keçirməyə çalışır və cəmiyyətin əsas problemlərini əhatə etməyən məsələləri gündəmə çevirir: “Insanlar bu və ya digər formada etirazını ifadə edə bilər və bu hər bir vətəndaşın qanunla tənzimlənmiş hüququdur. Azərbaycanda hakimiyyət bütün sferalarda insanların hüququnu tapdamaqda israrlıdır. Bayraqla, xüsusi maskalarla, üz örtükləri ilə mitinqə çıxan insanların etiraz dalğasını yüksəltdiyini nəzərə alaraq, hakimiyyət bunun qarşısını almaq istəyir. Azərbaycanda bu gün siyasi, sosial, hüquqi sahələrdə kifayət qədər müzakirəyə çıxarılmalı məqamlar var və yaxşı olar ki, hakimiyyət bu problemlərin həlli istiqamətində fəaliyyət göstərsin. Təsssüf ki, cəmiyyəti sıxmaqla, insanların haqqını mənimsəməklə hakimiyyət öz mahiyyətindən doğan prinsipləri həyata keçirir. Baş verənlər insan haqlarının pozulmasının bir nümunəsidir”.

İlham Hüseyn