“Onun ittihamlarının kökündə parlament seçkilərində mənə uduzmağı dayanır”
Parlamentin İqtisadi siyasət komitəsinin sədri, 1991-93-cü illərdə bir müddət birinci vitse-spiker və vitse-premyer vəzifələrində işləmiş Ziyad Səmədzadə YAP-ın tanınmış simalarından olan sabiq millət vəkili Zahid Qaralovun mətbuatda onun ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirib. Z.Səmədzadə “gun.az” saytına açıqlamasında Z.Qaralovun dediklərini “ağ yalan” adlandırıb. Bildirib ki, Z.Qaralovun ona hücum etməsinin səbəbi başqadır.
Xatırladaq ki, Qaralov Səmədzadəni 1992-ci ildə Naxçıvanda olan Heydər Əliyevlə telefon əlaqəsi yaratmağa imkan verməməkdə suçlamışdı.
Səmədzadə isə deyir ki, Qaralov həmin hadisəni təhrif edir, gerçkədə nə baş verdiyi H.Əliyev haqqında sənədli filmlərdə və məqalələrdə dəfələrlə əksini tapıb.
“Bir daha təkrar edirəm ki, 1992-ci ilin mayında Ali Sovet sədrinin birinci müavini vəzifəsində işləyərkən parlamentin sədri vəzifəsinə təklif olunan mərhum Heydər Əliyevlə telefon əlaqəsi yaratmaq üçün mənim kabinetimdə millət vəkillərindən Eldar İbrahimov, Arif Rəhimzadə, Samur Novruzov, həmçinin, Arif Hacılı, Pənah Hüseyn olublar. Mən az qala o zaman Arif Hacılı və Pənah Hüseynlə də əlbəyaxa olacaqdım, çünki onlar heç cür imkan vermək istəmirdilər ki, Heydər Əliyevlə əlaqə yaradılsın və sair.
Yəni, həmin adamlar da, digərləri də məsələnin mahiyyətindən xəbərdardırlar.
Odur ki, bu məsələnin üstündən düz 21 il keçəndən sonra indi onun ahıl yaşlı bir adam tərəfindən əsassız şəkildə gündəmə gətirilməsini təəssüf və təəccüblə qarşılayıram”, – deyə Z.Səmədzadə bildirib.
Z.Qaralovun ittihamlarının “başqa səbəbləri”nə gəlincə, Z.Səmədzadə deyib: “Həmin adamın mənə qarşı ittihamlarının kökündə başqa məqamlar, parlament seçkilərində mənə uduzmağı dayanır. 2005-ci ilin parlamentin seçkilərində Səbail rayonundan namizədliyimi vermişdim, o zaman da heç bir vəzifəm yoxuydu, sadəcə, ictimai əsaslarla fəaliyyət göstərən Müstəqil İqtisadçılar Birliyinə sədrlik edir, həmçinin mətbuatda iqtisadiyyatla bağlı elmi yazılar, məqalələrlə çıxış edirdim. O zaman mənimlə həmin dairədən namizədliyini verənlər arasında Zahid Qaralov da vardı, hansı ki, həmin vaxt həm Milli Məclisdə komitə sədri vəzifəsini tuturdu, həm də YAP-ın Səbail rayon təşkilatının sədri vəzifəsində çalışırdı. Ancaq əlində bu qədər resurslar olmasına baxmayaraq, Zahid Qaralov o zaman seçkilərdə məğlubiyyətə uğradı, yenidən deputat seçilə bilmədi. Heç bir vəzifəm və resursum olmaya-olmaya Zahid Qaralov böyük fərqlə mənə uduzdu. İndi belə görünür ki, bu adam ahıl yaşında hələ də həmin məğlubiyyətini həzm edə, uduzmağını mənə bağışlaya bilmir. O, birdəfəlik qəbul etməlidir ki, o zaman seçkilərdə böyük fərqlə mənə uduzub və bu məğlubiyyətinin kökündə də insanların ona növbəti dəfə etimad göstərməməsi dayanır”.


