Avropadan Azərbaycana çağırış

“Şərq Tərəfdaşlığı” Azərbaycana nə verə bilər?

Ştefan Füle, Avropa İttifaqının komissarı

Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitinə sayılı günlər qaldığı bir vaxtda Avropa Ittifaqı ilə Azərbaycan arasındakı əlaqələrlə bağlı geniş müzakirələr aparılır. Bu əlaqələrin gücləndirilməsi, “Şərq Tərəfdaşlığı” çərçivəsində qonşuluq siyasəti vasitəsilə və ikitərəfli əsasda siyasi, ticarət aspektlərinin dərinləşdirilməsi baxımından da indi yaxşı zamandır.
Azərbaycanın “Şərq Tərəfdaşlığı” proqramında və Vilnüs sammitində iştirakının hansı səbəbdən vacib olduğunu və münasibətlərimizin dərinləşdirilməsi istiqamətində hamımızın işləməli olduğunu Sizlərə izah etmək istərdim.
Ilk növbədə, qarşılıqlı fayda bizim tərəfdaşlığımızın əsasında durur. Siyasi assosiasiya, iqtisadi inteqrasiya və vətəndaşların mobilliyini artırmaqla Avropa Ittifaqı Şərq tərəfdaşlarını özünə daha da yaxınlaşdırmağa çalışır. Siyasi və ticarət əlaqələrinin dərinləşdirilməsi, oxşar və ya eyni standartların təmin edilməsi üçün qanunvericiliyin uyğunlaşdırılması vətəndaşlara, eləcə də bütün regiona real və güclü fayda qazandıracaq. Bu cəhdin əsasında duran prinsip isə hər iki tərəfin seçiminə hörmət etməkdir. Biz millətlərin müstəqil seçiminə, münasibətlərin bərabərliyinə, öz tərəfdaşlarımızla inkişaf etdirdiyimiz siyasi və ticarət münasibətlərindən qonşularımızın öz qonşularının da faydalana biləcəyinə inanırıq.
Ikincisi, biz bütün tərəflərə dair eyni metod tətbiq etmirik. Bizim yardım alətlərimiz ümumidir, ancaq hər zaman hər bir tərəfdaşın fərdi ehtiyac və iddiaları əsasında ona uyğunlaşdırılmış həll yollarını tapmaq üzərində çalışırıq. Hər bir tərəfdaş unikal olub, münasibətlərə unikal xüsusiyyətlər gətirir. Azərbaycanla bağlı enerji əməkdaşlığının strateji mühümlüyünü, birgə cəhdlərimizin konkret faydasını artıq gördüyümüzü bir daha vurğulamağa ehtiyac yoxdur. “Cənub axını” qaz kəməri artıq sadəcə, kağız üzərində olan nəzəri layihə deyil, bütün iştirakçı tərəflərin mənfəəti üçün həyata keçirilmək ərəfəsindədir. Bu, 2019-cu ilədək Avropanı ilkin olaraq, 10 milyard kub metr qazla təmin edəcək. Orta müddətdə isə Avropanın illik ehtiyaclarının 10 faizdən artıq hissəsini ödəyəcək. Beləliklə, bizim enerji təhlükəsizliyimizə, qiymətlərin sabitliyinə, inkişaf və əmək fəaliyyətinə töhfə verəcək. Bu da Avropa və Azərbaycanın maraqlarına xidmət edir.
Ancaq əməkdaşlıq tək enerji ilə məhdudlaşmır.
Üçüncüsü, bizim tərəfdaşlığımız ümumi dəyərlərə – demokratiya, insan hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyinə əsaslanır. Bu dəyərlər Avropa Ittifaqı üzvlərinə Ikinci Dünya Müharibəsindən sonra sülh və əmin-amanlığı qoruyub saxlamağa yardım etmiş, bu gün də Avropa vətəndaşlarının gündəlik həyatını istiqamətləndirməkdədir. Biz bu dəyərlərə dair birgə götürülmüş öhdəliklərə əsaslanan real tərəfdaşlıq arzusundayıq ki, Azərbaycan vətəndaşları əsaslandırılmış siyasi hüquq və azadlıqlardan faydalana bilsinlər. Cəmiyyətin dəyişməsində və onun müasirləşməsində, sağlam nəzarət və tarazlaşdırma sistemi olan, ifadə azadlığını təmin edən, qeyri-şəffaflığa və məsuliyyətsizliyə qarşı müdafiəyə zəmanət verən dərin demokratiya və plüralizmin qurulması prosesində vətəndaş cəmiyyəti əsas rol oynayır.
Dördüncü məsələ Azərbaycanın regionda xüsusi mövqe tutmasıdır. Ciddi qəbul edirik ki, bu regionda xarici siyasət yürütmək müxtəlif qonşularla əməkdaşlığı həssas şəkildə tarazlaşdırmaq, eyni zamanda, xarici təzyiq və həll olunmamış münaqişə ilə məşğul olmaq deməkdir. Bu kontekstdə, inanıram ki, Avropa Ittifaqının irəli sürdüyü model çox təkliflər edəcək. Bu model müxtəlif əməkdaşlıq sahələrində aydın məqsədlər qoyur, ancaq bir prinsip hamısında tətbiq edilir: tərəfdaşların əməkdaşlıq etmək və islahat istiqamətində öhdəlik götürmək iddiası nə qədər böyük olarsa, Avropa Ittifaqının da götürdüyü öhdəliklər bir o qədər artar.
Biz Azərbaycanın Şərq tərəfdaşlığındakı xüsusi rolunu eyni zamanda ölkənin Islam dünyası ilə ənənəvi münasibətləri baxımından da ciddi qəbul edirik. Dini və mədəni müxtəlifliyi ilə Azərbaycanın verdiyi töhfəyə dəyər veririk.
Beşincisi, qonşularımızla siyasət və əməkdaşlıq digər regional layihələri qarşılıqlı şəkildə istisna etmir. Məsələn, biz maneələrin aradan qaldırılmasına və son nəticə olaraq, gələcəkdə Atlantik okeanın sahillərindən Sakit okean regionunadək uzanan azad ticarət məkanının qurulmasına çalışırıq. Bizim yanaşma maneələri yaratmaq deyil, onları aradan qaldırmaqdır. Assosiasiya Sazişləri məhz bu istiqamətə yönəlmiş, tək biz və tərəfdaşlarımız üçün deyil, həm də tərəfdaşlarımızın öz qonşularına fayda qazandırmaq məqsədi güdür.
Altıncısı, Vilnüs sammiti münasibətləri daha yüksək pilləyə qaldırmağa böyük fürsət verir. Viza Rejiminin Sadələşdirilməsi Sazişinin, sonradan isə Readmissiya Sazişinin imzalanması Azərbaycan vətəndaşlarının Avropaya səfər etməsini çox asanlaşdıracaq, Avropa Ittifaqına üzv dövlətlərin vətəndaşları ilə daha çox qarşılıqlı əlaqə qurmalarını təşviq edəcək. Müzakirə etdiyimiz Strateji Müasirləşdirmə naminə Tərəfdaşlıq enerji sahəsindən kənara çıxan əməkdaşlığa strateji elementlər gətirə bilər. Enerji artıq strateji tərəfdaşlıq qurduğumuz bir sahədir. Yaxşı idarəetmə, müasirləşdirmə və demokratikləşmə daxil olmaqla, digər sahələrdə də strateji münasibətlər qurmaq arzusundayıq.
Assosiasiya Sazişi ətrafında danışıqlar başa çatdıqdan sonra Vilnüs iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açacaq, iqtisadiyyatın müasirləşdirilməsilə inkişaf və əmək fəaliyyətinə təsir edəcək. Nəqliyyat əlaqələrinin müasirləşdirilməsi və ümumi tənzimləyici standartlar vasitəsilə ticarət münasibətləri genişlənəcək. Insanlar və mallar müasir sərhəd keçidlərindən daha asanlıqla keçə biləcək. Enerjidən səmərəli istifadə və bərpa olunan enerji mənbələrinin təşviqi iqtisadiyyatın yaşıllaşmasına töhfə verəcək.
Avropanın münaqişələrin həllilə bağlı ağır zəhmətlə qazandığı təcrübəsi var. Avropa Ittifaqı hər zaman öz təcrübəsini bölüşməyə hazırdır.
Azərbaycanın Şərq Tərəfdaşlığında və Vilnüs sammitində fəal iştirakının nə üçün mühüm olduğunun səbəbləri var. Biz bu əməkdaşlığı qarşılıqlı şəkildə zənginləşdirməliyik. Vilnüs və ondan sonrakı mərhələdə tərəfdaşlarımızın özlərinin iddialı olmaq istədiyi qədər biz də iddialı olacağıq, tərəfdaşlarımızın islahatları səmərəli apara bildikləri dərəcədə biz də səmərəli işləyəcəyik. Tərəfdaş ölkələrin vətəndaşlarının, daha sabit və müasir regionun xeyrinə demokratiya və qanunun aliliyinə doğru yolun açılması prosesi davam edəcək.