Əzəmətli hökumətimiz deyəndə ki, “ölkədə sabitlik hökm sürür” biz buna etiraz edir, bu fikrin yalan olduğunu bildiririk. Ancaq reallıq onu göstərir ki, bu ölkədə xeyli sahədə “sabit”lik qorunmaqdadır. Məsələn, uzun illərdir yumurta döyüşündə, qol güləşində, qapıya top vurmaqda prezidentimiz Ilham Əliyev rekorduna sadiq qalıb. Bu adam bütün peşəkar kosa və keçəllərin yumurtasını qırır, armulestinq ustalarının qolunu bükür, özündən deyən qapıçıdan top keçirir. Artıq bu qələbələri hamı tanıyır və heç kim əzəli rəqiblə mübarizəyə girmək istəmir.
Ancaq ölkəmizdəki sabitlik yalnız bununla yekunlaşmır. Bu ölkədə “jurnalistlərin dostu” nominasiyasında da yarış keçirilir və bu yarışda da ali baş komandan rəqiblərini məyus edir. Anlayacağınız bu ölkədə dostluqlar da sabit qalır. Ancaq bu “dost” məsələsindən çox məyus olmuşam. Sanki bu nominasiyada prezidentimizə haqsızlıq edilir. Çünki əvvəlki “təmiz qələbə”lərdən fərqli olaraq, bu sahədə axsamalar müşahidə olunur. Elə bil kimsə möhtərəm prezidentimizə kələk gəlir, ona bu mükafatı zorən verir.
Düzdür, qəzetlərin satışdan yığışdırıldığı, bank hesabına həbs qoyulduğu, ianə yığmağa məcbur edildiyi bir ölkədə jurnalistlərin dostu olmalıdır.
Düzdür, jurnalistin həbs olunduğu, döyüldüyü, öldürüldüyü, təqib edildiyi ölkədə hökmlü dosta böyük ehtiyac var.
Bu ölkədə isə bizim “dost”umuz bizdən təşəkkür, mədhiyyə, beyət gözləyir. Səhv etmirəmsə, Derjavinin sözüdür. “Dostluq xidmət deyil ki, ona görə təşəkkür edəsən”. Bu ölkənin həqiqi jurnalistləri və qəzetləri xidmət etdikləri üçün düşəmənə çevriliblər. Həm də dostluq qalibi olan hökmdarın ölkəsində.
Qayıdaq sabitlik məsələsinə. Bəli, bu ölkədə oğurluq, rüşvət, ədalətsiz məhkəmələr, rəqiblərə böhtan atmaq, xalqı qəpik-quruşa möhtac etmək sabit olaraq qalır. Bu ölkədə seçki qutusunun “sürpriz”i sabit olaraq qalır. Həm də bu ölkədə baş verənlərə xalqın münasibəti də sabit olaraq qalır.
Bu ölkənin vicdanlı insanları isə bu “sabit”liyi pozmaq istəyir. Təbii ki, “analoqsuz sabit”liyi pozmaq istəyənlər, jurnalistlərin dostunun dostu ola bilməz. Bu dost tənqidə, fərqli fikirə nifrət edirsə, məsələ daha da qəzlizləşir.
Amma adam dərindən fikirləşəndə şükr etmək məcburiyyətində də qalır. Təsəvvür edin, bu mükafatın adı “jurnalistlərin düşməni” olsaydı bizi hansı fəlakət gözləyərdi. Yəqin onda “Azadlıq” qəzetinin adı dəyişdirilib “Köləlik” qoyulardı.
Ümumiyyətlə, rejimin demokratiya, inkişaf, şəffaflıq anlayışları kimi “dost” anlayışı da fərqlidir.
Fransız yazıçısı Jül Renar “Dostunun sağ ayağı axsayırsa, sən sol ayağınla axsa ki, dostluğunuz daim müvazinətdə olsun” deyirdi. Bu ölkədə isə sağ ayağı axsayan dostun sol ayağını da qırırlar ki, müvazinətini itirsin. Daha pis tərəfi də budur ki, müvazinətini itirmiş dostdan yenə də əl çəkmirlər və yeni zərbələr “ərmağan” edirlər. Bu təhlükəli rəftar isə, DOST MÜNASIBƏTI adlanır.
Məni təəssüfləndirən bir məqam da bundan ibarətdir ki, bəziləri minnətli dost payını sevinə-sevinə qəbul edə bilir. Unudurlar ki, səni kölə etmək üçün verilən mükafatı, azadlığını qurban vermək qarşılığında qəbul etməlisən.
Bəlkə də bu ölkədə azad mətbuata, cəsarətli jurnalistə qarşı düşmən münasibət sərgilənməsəydi, “jurnalistlərin dostu” mükafatı təsis olunmazdı. Heç buna ehtiyac da olmazdı.
Ədalətli, cəsarətli, vicdanlı jurnalistin dostu qələmdir və bu qələm bütün “sabit”liyi pozmağa xidmət etməlidir.
Görəsən, 3-cü prezidentliyin, 2-ci dostluq mükafatı nə ilə nəticələnəcək?
“Sabit”liyi pozan dosta düşmən olmaq
•