Fransalı jurnalistlər “Hafka”nın 16 minlik hədiyəsini rədd etdi VİDEO

Azərbaycanlı iş adamının “Lans”ı hansı imkanlar hesabına maliyyələşdirdiyi araşdırıldı

Fransanın məşhur idman telekanalı olan “Canal+ Sport” azərbaycanlı iş adamı, nəqliyyat naziri Ziya Məmmədovun şəriki və “Hafka” ləqəbilə tanınan Hafiz Məmmədovla bağlı 25 dəqiqəlik reportaj hazırlayıb.
Reportajda Hafiz Məmmədovun Fransanın “Lans” futbol klubunu hansı imkanlar hesabına maliyyələşdirdiyi araşdırılıb. Fransalı jurnalistlər araşdırma zamanı Hafiz Məmmədov və “Lans” klubunun üzvlərilə yanaşı, Azərbaycanın araşdırmaçı jurnalisti Xədicə Ismayılın da fikirlərini öyrənib. Onlar bu yolla Azərbaycandakı real vəziyyətə nəzər salıblar.
Gizli çəkilmiş kadrların da yer aldığı reportajda qeyd olunur ki, Hafiz Məmmədov Azərbaycanda beş sözükeçən adamdan biridir, 40-dan çox şirkətin sahibidir. Fransalı jurnalistlər onun belə böyük biznesə necə yiyələnə bildiyinə dair suallara cavab axtarıblar.
Reportajda Hafiz Məmmədovun şirkətlərinin fəaliyyətindən, o cümlədən taksi biznesindən söz açılır, hakim ailənin onu bütün biznes fəaliyyətlərində dəstəklədiyi deyilir. Bildirilir ki, Hafiz Məmmədov hakim ailəyə yaxın şəxslərdən biridir.
Hafiz Məmmədov gəlirlərinin mənbəyi barədə telekanalın sualına belə cavab verir ki, bunu daha çox şans, Tanrının yardımıyla əlaqələndirir.
Reportajda siyasi çalarlar da yer alır və Azərbaycan idarəçilik baxımından Iran, Şimali Koreya ilə müqayisə olunur.
Reportajda Hafiz Məmmədovun ondan müsahibə alan jurnalistlərə 16 min dollar dəyərində 2 qol saatı bağışladığı, jurnalistlərin imtinasını qəbul etmədiyi və hədiyyələri bir növ zorən verdiyi qeyd olunur. Bildirilir ki, qol saatlarını məcburən qəbul edən jurnalistlər onları sonradan beynəlxalq söz azadlığını müdafiə təşkilatı olan “Sərhədsiz reportyorlar”a təhvil veriblər. “Sərhədsiz reportyorlar” da bu saatları sataraq, pulunu dünyada mətbuat azadlığına dəstək üçün xərcləyəcək.
Reportajın sonunda Azərbaycanın mətbuat azadlığına görə dünyada ən pis yerlərdən birini tutduğu da vurğulanıb.

 

İnformasiya şöbəsi