Arif Əliyev: «Ölkə başçısı ilə görüşdə ələ düşən şans qaçırılıb»
Rauf Arifoğlu: «Imkan ancaq bir problemi qaldırmağa çatdı. Çünki tək idim…»
Noyabrın 24-də ölkə başçısı Ilham Əliyev Zağulba iqamətgahında bir qrup jurnalistlə görüşüb. Görüşün keçirilməsinə səbəb Azərbaycan prezidentinə növbəti dəfə “Jurnalistlərin dostu” mükafatının verilməsi olub. Mükafatın dövlət başçısına qeyri-iş günündə onun iş otağında təqdim edilməsi diqqətdən kənarda qala bilməzdi.
Çünki bir qayda olaraq mükafat verən tərəf bu mükafatı alan şəxsi dəvət edir və təqdimat mərasimi məhz dəvətçinin müəyyən etdiyi yerdə keçirilir. Dövlət başçısı Mətbuat Şurasının ofisinə dəvət edilə bilərdi, yaxud tədbirin keçirilməsi üçün başqa məkan müəyyən edilərdi. Ancaq bu dəfə fərqli mənzərənin şahidi olduq. Mükafatı verənlər dövlət başçısının qonağı oldu.
Görüşün digər diqqət çəkən tərəfi orda mətbuatın əsas problemlərindən söz açılmamasıdır. Yalnız metroda qəzet satışı ilə bağlı yaranmış problemdən söz açılıb. Baxmayaraq ki, mətbuatın problemləri bununla bitmir. Yeni köşklərdə qəzet satılmaması, Ilham Əliyevin sədri olduğu partiyanın üzvü olan millət vəkilinin rəhbərlik etdiyi “Qasid” yayım firmasının qəzetlərə olan borcu qaytarmaması əsas problem olaraq qalmaqdadır. Məhz “Qasid” firmasının borclarını vaxtında ödəməməsi “Azadlıq” qəzetini ağır duruma salıb. Qəzet bu səbəbdən “Azərbaycan” nəşriyyatına olan borcunu ödəyə bilmir və bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu problem digər qəzetləri də gözləyə bilər. Ancaq görüşdə iştirak edən media nümayəndələri bu problemlərin heç birindən söz açmayıb.
Qeyd edək ki, “Azadlıq” qəzetinin rəhbərliyindən tədbirə dəvət edilən olmayıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov görüşə yalnız baş redaktorların dəvət edildiyini, “Azadlıq”ın baş redaktoruna isə ölkədə olmadığı üçün dəvət göndərilmədiyini deyib.
Media nümayəndələrinin dövlət başçısı ilə görüşünü münasibət bildirən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədriÿ Arif Əliyev KIV rəhbərlərinin icra hakimiyyətinin birinci şəxsi ilə görüş şansından istifadə edərək medianın real problemlərindən söhbət açmalı olduqlarını bildirdi. Ancaq bu imkan əldən çıxarıldı: “Bugünkü medianın problemləri və inkişafına təsir edə biləcək amillər təkcə metroda satışın məhdudlaşdırıması ilə bitmir. Ciddi müdaxiləyə ehtiyac olan sahələr var idi. Ancaq bu barədə söhbət olmayıb və ölkə başçısı ilə görüşdə ələ düşən bu şans qaçırılıb”.
Görüşdə iştirak edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə dövlət başçısı ilə görüşü bir fürsət kimi dəyərləndirdiyini deyir: “Seçim imkanım var idi, görüşə getməyə də bilərdim. Lakin heseb etdim ki, bu, fürsətdir və bu fürsətdən istifadə edib qəzetlərin problemini ölkənin birinci şəxsi qarşısında qaldırmaq olar. Ona görə də xüsusi seçim etmədən ki, ”prezident özü jurnalistlərlə görüşə gəlsin” demədən gedib iştirak etdim”.
R.Arifoğlu “Jurnalistlərin dostu” mükafatının hakimiyyət mənsublarına verilməsini ölkədə müstəqil qəzetlərin sayının azlığı ilə izah etdi: “Özümüz də həmişə deyirik ki, ölkədə bir neçə müstəqil qəzet var, qalanları hakimiyyətin nəzarətindədir. Görünür, bu faktorun da rolu böyükdür. Eyni zamanda prezidentə bu mükafatı adətən hakimiyyətyönümlü media quruluşları təqdim edir”.
R.Arifoğlu mətbuatın problemlərindən söz açan yeganə baş redaktor olduğunu və yalnız bir məsələ barədə danışmağa imkanının çatdığını qeyd etdi: “Imkan ancaq bir problemi qaldırmağa çatdı. Çünki tək idim. Başqa çıxışçılar olsaydı, özlərinə aid vaxt ərzində digər problemləri qaldırardılar. Ancaq mənim gücüm buna çatdı. Ən ağrılı yerimiz bu dəqiqə yayımla bağlıdır. Yayım olmasa, qəzet sənayesinin mühüm bir sektoru tamamilə sıradan çıxa bilər. Bu, bütövlükdə qəzetləri sıradan çıxarar. Əlbəttə ki, çoxsaylı başqa problemlər də var. Eyni zamanda illərini siyasətə vermiş adam kimi anlayıram ki, prezidentin yanında bu məsələni qaldırmaq və problemlərdən birinin həllinə nail olmaq hakimiyyət institutlarının mətbuatla münasibətini yumşalda bilər. Eyni zamanda hakimiyyətin mətbuatla işləyən digər sektorlarının da rəyini dəyişmək mümkün olar. Bu görüşdən sonra ortada nəticə olsa, bizə qarşı aqressiv olan qurumlar mətbuata münasibətlərini dəyişəcəklər. Orda prezidentin olduqca xoş məramını müşahidə etdim. Qəzetlər və onların gələcəyi ilə bağlı demokratik düşərgə təmsilçilərinin fikir və düşüncələrindən fərqlənməyən fikirlərini dinlədim. Hesab edirəm ki, bütün bu dialoqun başlanması, ora dəvət olunmağım, qaldırdığım problemin həll olunmasına dair dərhal tapşırıqların verilməsi sadə bir proses deyil, ümumi yumşalma simptomudur. Mən bunu yerdə qalan digər problemlərin həll olunması üçün bir vəsiqə hesab edirəm. Orda Azərbaycan mediasının bütün problemlərini, dərdlərini söyləmək üçün ən azı bir saat vaxt lazım idi. Mən uyğun bildiyim, həmin anda istifadəmdə olan vaxt çərçivəsində həyata keçirəcəyim bunlardan ibarət oldu. Hesab edirəm ki, bu kiçik məsələ deyil”.
Fizzə


