Əli Kərimli hakimiyyəti ifşa etdi

AXCP sədri “iqtisadi inkişaf” bəyanatlarını rəsmi rəqəmlərlə alt-üst etdi

AXCP sədri Əli Kərimli Dövlət Statistika Komitəsinin bugünlərdə yaydığı hesabata istinad edərək, hakimiyyətin iqtisadi inkişaf barədə bəyanatlarını ifşa edib. AXCP sədrinn Facebook səhifəsində paylaşdığı münasibətini təqdim edirik:

“Dostlar, diqqətinizi bu günlərdə Dövlət Statistika Komitəsinin yaydığı, sensassiya sayılan hesabata cəlb etmək istəyirəm. Hesabat mətbuatda yayılsa da təəssüf ki, sosial şəbəkələrdə diqqəti çox cəlb etmədi. Hansı ki, bu rəsmi məlumatlar İlham Əliyev hökumətinin “analoqsuz inkişafı”nı darmadağın edir. Beləliklə, rəsmi hesabatdan mühüm məqamlar:

– İşləyən əhalinin 34 faizi ayda cəmisi 94 manatdan 150 manata qədər qazanır.
– Kənd təsərrüfatı müəssisələrində çalışanların 64,2 faizi, səhiyyə və sosial xidmətlərdə çalışanların 59 faizi, müəllimlərin 36,5 faizi ayda cəmisi 150 manata qədər qazanır.
– Məşğul əhalinin 52 faizi ayda cəmisi 300 manata qədər qazanır.
– İşləyənlərin yalnız 6,3 faizi nisbətən yaxşı (701-1700 manat arasında) əmək haqqı alır.

Buradaca dəhşətli bir paradoks ortaya çıxır. Belə çıxır ki, bu ölkədə əhalinin yalnız ən çox qazanan 6 faizinin ipoteka krediti almaq imkanı var. Statistik rəqəmlərlə sizi yormaq istəmirəm. Onu da nəzərə alın ki, bu məlumatlar hələ işləyən əhali haqdadır. Əhalinin vəziyyətini tam təsəvvür etmək üçün isə biz daha da acınacaqlı durumda olanları – işsizləri, böyük-böyük fermer adlandırılan, əslində isə Allahın ümidinə qalmış kənd əhalisini və sosial müavinət, pensiya ümidinə qalanları da nəzərə almalıyıq. Bu təbəqələrdən olan insanların sayının milyonlarla olduğunu da unutmayaq.

Bütün bunlar ölkədə yoxsulluğun səviyyəsinin 6 faizə endirilməsi, ölkənin analoqsuz inkişafı haqda bəyanatların nağıl olduğunu sübut etmirmi? Böyük neft dövrü isə arxada qalır. Neft gəlirləri ildən-ilə azalır. Bu gün artıq əminliklə deyə bilərik ki, neftdən gələn milyardlar bir qrup adamı hədsiz varlandırsa da, ölkə əhalisinin böyük hissəsindən yan keçdi”.