Xədicə İsmayılla Rauf Arifoğlu arasında söz “atışması”
Bir qrup mətbuat nümayəndəsinin ölkə başçısı İlham Əliyevlə görüşməsi və ona “Mətbuatın dostu” mükafatının təqdim olunması birmənalı qarşılanmayıb. Məsələ sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İctimai-siyasi fəalların əksəriyyəti İlham Əliyevin jurnalistlərin dostu elan edilməsinin düzgün olmadığını yazıb. “Facebook”da mediaya olan basqılara, qəzet satışına yaradılan əngəllərə, reklam bazarının olmamasına, jurnalistlərin həbs edilməsinə görə ölkə başçısı günahlandırılıb.
Müzakirələr zamanı araşdırmaçı jurnalist Xədicə İsmayılla görüşdə iştirak etmiş “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında mübahisə yaranıb. X.İsmayıl “Facebook” səhifəsində yazıb: “”Bir qrup jurnalistlə görüşüb” – Ifadə kökündən yanlışdır. Jurnalisti hədəfə çevirən adama mükafat təqdim edənlərə jurnalist deməzlər. Bir qrup opportunist yaltaqla görüşüb bəlkə?”. Daha sonra əlavə edib: “Röya Rəfiyeva o gün təəccüblənibmiş Əflatun Amaşov ”Yeni Müsavat”a gələndə. Gəlib Rauf Arifoğlunu İlham Əliyevin təltif olunmasına çəpik çalmağa dəvət edirmiş yəqin”.
Bu statusa Rauf Arifoğlunun cavabı belə olub: “Xədicə xanım, məni Amaşov dəvət etmədi bu tədbirə. Amaşov gələn gün bizim qəzetin qonşuluğunda redaktorların icra başçısı ilə görüşü vardı. Oradakıların hamısını qəzetə dəvət etdim, təkcə Amaşov gəlməyə ürək etdi. Bugünkü tədbirə isə dəvəti dünən Əli Həsənovdan aldım. 1 aydır telefonlarıma cavab verməyən hörmətli Əli Həsənov şəxsən zəng edərək, məni dəvət etdi. Mənim üçün bir fürsət idi, buraxmazdım. Getdim, sözümü də dedim. Prezident mükafat alanda isə əllərim məşğul idi, içəri keçirdiyim telefonla musavat.com üçün şəkil çəkirdim. Bu səbəbdən, həmin anda əl çala bilməzdim. Mənə diqqət ayırıb, adımı çəkdiyiniz üçün xüsusi təşəkkür edirəm”.
Xədicə İsmayılın cavabı çox gecikməyib: “Rauf bəy, mən isə sizə təşəkkür etmirəm, ”jurnalistlərin dostu” fırıldağına legitimlik qazandırmaq cəhdlərində iştirakınıza görə”. Bir az sonra o bu mövzuda daha bir status paylaşıb: “Əslində Rauf Arifoğlunun “jurnalistlərin dostu” fırıldağında iştiraka görə tənqid olunması onun üçün yaxşı xəbər olmalı idi. Deməli, bu günə qədər hər şeyə rəğmən intizarımız vardı ki, başqa cür addım atar. Komplimentimiz alınmadı. Elə isə daha bir xoş xəbər verim cənab Arifoğluna – daha ondan heç bir intizarımız yoxdur!”.