Maliyyə naziri Hesablama Palatası uğrunda mübarizəsilə bağlı yeni məlumatlar
Hesablama Palatasının sədri postu uğrunda maliyyə naziri Samir Şərifovla bu qurumun keçmiş rəhbəri, hazırda kənd təsərrüfatı naziri olan Heydər Əsədov arasında mübarizə getdiyi barədə məlumat vermişdik. Hesablama Palatasının sədrliyinə namizədlər müəyyənləşdirilərkən iki şəxsin üzərində dayanılması – maliyyə nazirinin müavini Ilqar Fətiyev və Hesablama Palatası Aparatının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri Vüqar Gülməmmədovun üzərində dayanılması məlumatın əsassız olmadığını göstərirdi.
Ilqar Fətiyev Samir Şərifovun, Vüqar Gülməmmədov isə Heydər Əsədovun kadrı idi.
Bu mübarizədə Heydər Əsədov qalib gəldi. Milli Məclisin iqtisadi siyasət komitəsi Vüqar Gülməmmədovun namizədliyini dəstəklədi. Səhəri gün isə deputatlar onun Hesablama Palatasının sədri olmasına “hə”dedilər.
Məlumatlara görə, Samir Şərifovla Heydər Əsədov arasındakı bu mübarizə maliyyə naziri üçün həm də sınaq xarakteri daşıyıb. Samir Şərifov baş nazirliyə iddialı məmurlardan biridir. Heydər Əsədovun qudası, nəqliyyat naziri Ziya Məmmədov da baş nazir postuna can atır. Məlumatda deyilir ki, Hesablama Palatasının sədri uğrunda mübarizə bir növ tərəflərdən hansının hakimiyyətdə daha çox təsir imkanlarına malik olmasını müəyyən edən sınaq olub.
Bildirilir ki, bu mübarizədən qalib çıxa bilməyən Samir Şərifov baş nazirlik iddiasının da reallaşmayacağını düşünür və bunun məyusluğunu yaşayır.


