“NIDA”çıların məhkəməsi başlayıb.
Nə demək olar?
Çox şey demək olar.
Amma bir şey dəqiqdir ki, bu, yalnız bir neçə gəncə qurulan məhkəmə deyil.
Mühakimə olunan – Azərbaycanın gələcəyidir.
Şərlənən – Azərbaycanın gələcəyidir.
Yox edilməyə çalışılan, xor görülən, sindirilmək və susdurulmaq istənilən – Azərbaycanın gələcəyidir.
Çıxarılacaq hökm də əslində o gənclərə deyil, Azərbaycanın gələcəyəinə çıxarılacaq.
Mən dəmir barmaqlıqlar ardına atılan bu gənclərin bir çoxunu yaxından, bəzilərini virtual olaraq tanıyırdım.
Bəzilərini də sadəcə, həbsə atıldıqdan sonra tanıdım.
Şəxsən tanıdıqlarımın ruhuna, düşüncəsinə, yoluna, yöndəminə bələd olduğum üçün tam əminliklə yazıram:
Onların Azərbaycana qarşı pis, haqsız bir əyləm içərisində ola biləcəklərini ağlın ucundan keçirmək belə, gülüncdür.
Rəşadət Axundovun, Rəşad Həsənovun, Zaur Qurbanlının bu ölkə üçün necə gözəl arzularla…
Parlaq xəyallarla…
Böyük ümidlərlə yaşadıqlarına…
Nə qədər qutsal dəyərlərlə bəsləndiklərinə şahidəm və kəfiləm.
Onların Azərbaycanın sözün həqiqi mənasında güclü, çağdaş, demokratik bir ölkə olmasından…
Azad, sivil dünyanın bir parçasına çevrilməsindən özgə niyyətlərinin, hədəflərinin olmadığına da bütün varlığımla əminəm.
Ona görə də indi onlara qurulan məhkəmənin əslində bu ölkənin işıqlı gələcəyinə…
Bu ölkənin aydınlıq günlərinə qurulan bir məhkəmə olduğunu arxayınlıqla yaza bilirəm.
Tarix belə mühakimələri az görməyib.
Bu nə birinci, nə də sonuncu belə mühakimədir.
Amma insanları düşüncələrinə, fikirlərinə görə qandallayan və cəzalandıran heç bir güc son məqsədinə çata bilməmişdir.
Onlar tökdükləri qanlarda boğulmuşlar.
Adları bir sonrakı nəsillər üçün qınaq və tənə hədəfindən başqa bir şey olmamışdır.
Yenə də belə olacağına əsla və əsla şübhə etmirəm.
***
Qoqol yazırdı ki, “gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var”.
Bu gələcəyi saxta ittihamlarla, sifarişli həbslərlə yox etmək mümkün deyil.
Bu gələcəyi yox etməyə çalışmaq zamanı tutub saxlamaq kimi boşuna zəhmətdir, havayı əziyyətdir.
Siz saat əqrəblərini belə qırıb tökə bilərsiniz, amma bu, vaxtın dayandığı anlamına gəlməz, zamanı durdurduğunuz anlamına gəlməz.
Zaman bir saat əqrəblərindən çox bir gəncin gözlərindən axıb gedər.
O gözlərdən qalxar Günəş.
O gözlərdə aydınlanar sabah.
Siz bunu romantizm hesab edə bilərsiniz.
Olsun.
Amma bir kərə də oturun düşünün:
Niyə tarixin gedişatını, ölkələrinin, xalqlarının taleyini dəyişə bilmiş bütün böyük simaların xitab yeri gənclikdir…
Niyə dünyanın ən çeşidli coğrafiyalarında, zamanıvn bütün kəsimlərində Şər rejimlərini tarixin tozlu arxivlərinə göndərən, qaranlıqları yaran və aydınlığın önünü açan bütün hərəkatların təkanverici qüvvəsidir gənclik…
Öncə bunu düşünün, sonra da yaddaşınızın bir yerinə yazın:
Gəncliklə savaşanların ulduzu gələcəklə barışa bilməz.
Belələrinin gələcəkdə yeri ola bilməz.
***
Deyəsən, bir Afrika atalar sözündə belə deyilir: “Gənclikdə odun yığsan, qocalıqda üşüməzsən”.
Mən bu müdrik sözləri NIDA-çıların məhkəməsinin başlandığı bu günlərdə yenidən xatırladım.
Onlar təkcə öz qocalıqları üçün odun yığmırlar, onlar həm də indidən öz ürəklərini məşələ çevirirlər ki, ölkənin qərq edilməyə çalışıldığı qaranlıqlar dağılsın, hətta Günəşin də üzünün suvandığı ölkədə adamlar üşüməsinlər, bizim gözəl, aydın gələcəklə bağlı arzularımızı don vurmasın. Qışın zalım soyuğu, amansız şaxtası azadlıq ideallarımızı dondurmasın. Başımız üstündən sallanan buz baltalar ruhumuzu kəsib-doğramasın.
Bahar isə uzaqda deyil…