Müsavatdan ittihamlara cavab gəldi
Gülağa Aslanlı: «Mimahmud bəyin açıqlaması reallığa uyğun deyil və uğursuzdur»
“Reytinq” qəzetinə müsahibə verən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Milli Şurada həmsədrlik institutunun yaradılmasına münasibət bildirib və Müsavat partiyasının ünvanına ittihamlar səsləndirib: “Hazırda həmsədrliyə münasibət birmənalı deyil.
Hesab edirəm ki, bu gün adı çəkilənlərin qismində həmsədrlik institunun təsis edilməsi doğru olardı”- deyə Mirmahmud Mirəlioğlu bildirib. Daha sonra Müsavatla müttəfiqlik məsələsinə toxunan partiya sədri bildirib ki, müttəfiqlik məsələləri Müsavat tərəfindən sona qədər dəyərləndirilməyib: “Biz cəbhəçilər 2000-ci və 2003-cü illərdə Müsavata dəstək verdik. Bunu danmaq allahsızlıqdır, tarixi saxtalaşdırmaqdır. Müsavat partiyası ilə müttəfiqlik qurularkən hər zaman şəxsi və partiya maraqlarını üstün tuturlar. Bu səbəbdən də əməkdaşlıq istənilən nəticəni vermir. Azərbaycanın son 20 ildə bu vəziyyətə düşməsinin səbəblərindən biri də budur. Ancaq bundan sonra da Müsavatla müttəfiqlik münasibətləri ola bilər. Bizim istəyimiz budur ki, Milli Şura güclənsin”.
KXCP sədrinin fikirlərinə Müsavat başqanın müavini Gülağa Aslanlı münasibət bildirdi. Gülağa Aslanlı Mirmahmud Mirəlioğlunun Müsavat haqqında səsləndirdiyi fikirləri əsassız adlandırdı və bu fikirlərə geniş şərh vermək istəmədiyini bildirdi: “Mən Mirmahmud bəyin fikirlərinə şərh verməyi özümə qadağan etmişəm. Sadəcə olaraq indiki vaxtda bu cür fikir səsləndirməyin hardan doğduğu və hansı analizlər nəticəsində Mirmahmud bəyin bu qənaətə gəlməsi mənim üçün də maraqlıdır. Hesab edirəm ki, səslənən fikirlər çox uğursuzdur. Müsavat partiyası 2003-cü ildə KXCP ilə müttəfiq olub və heç vaxt müttəfiqlərini pis vəziyyətdə qoymayıb. Müsavat partiyası hər zaman düzgün bildiyi addımı atıb və bundan sonra da düzgün bildiyi addımı atacaq. Müttəfiqlərimizə də bu cür siyasət yeritməyi məsləhət görərdik”.
İlham Hüseyn