(“Üç ”Q”” silsiləsindən)

Müəllifdən: bu günlərdə müxtəlif dövrlərə aid qeyd dəftərçələrimi yenidən gözdən keçirdikdə onların bir hissəsini kiçik esselərə (əgər belə demək mümkünsə!) çevirmək arzusu və həvəsi yarandı. Əksəriyyəti ədəbiyyat, qadın, içki mövzusunda olan həmin qeydlər əsasında yazdığım parçaları qəzetimizin hər bazar günü sayında “Üç ”Q”” (qələm, qədəh, qadın) ümumi başlığı altında sizlərlə paylaşmaq istəyirəm.

(əvvəli ötən bazar saylarımızda)

Inanıram ki, həftədə bir gün siyasətsiz yazılar yazmağımı anlayışla qarşılayacaqsınız, baxmayaraq ki, bu kiçik esselərin bir çoxunda günümüzün ağrılarının, acılarının, qayğılarının da izləri olduğunu zamanla görəcəksiniz.

Zövqsüzlərin özünətəsəllisi

Mənim üçün ən anlaşılmaz və qəbuledilməz klişelərdən biri budur: “Zövqlərlə mübahisə etməzlər”.

Təəssüf ki, bu mülahizəni ilk dəfə kimin irəli sürdüyünü bilmirəm, amma əminəm ki, bu tamamilə qeyri-sağlam məntiqin, bir az da yaradıcılığa riyakar münasibətin sayəsində deyilib.

Təsəvvür edin ki, bu klişenin arxasında gizlənib məsələn, hətta Vüqar Əhməd kimi yerli-dibli istedadsız birinin cızma-qaraları haqqında belə mübahisə etməmək lazımdır, çünki “zövqlər müxtəlifdir və onu dartışmamaq lazımdır”.

“Zövqlərlə mübahisə etmirlər” klişesinə sığınaraq ədəbiyyat, sənət adına istənilən hoqqanı çıxarmaq olar; düşük, bayağı bir şeiri “poeziiya incisi”, istənilən sicilləməni “nəsr şedevri” kimi sırımaq, qiymətləndirmək olar.

Və müşahidələr göstərir ki, Azərbaycanda hazırda məhz belə edirlər. 

Bu gün Azərbaycanda “zövqlərlə mübahisə etməmək” barədə səfeh düşüncədən yola çıxaraq Yunus Oğuzu Umberto Eko, Hüseynbala Mirələmovu Haruki Murakami, Anar Rzayevi Mişel Uelbeklə müqayisə eləmək və sonda üstünlüyü məhz birincilərə vermək mümkündür. Əksini isbatlamaq üçünsə heç bir əl yeri yoxdur – çünki “zövqlərlə mübahisə etmirlər”.

Əslində yaxşı bir şeirin yaxşı bir şeir, gözəl bir hekayənin gözəl bir hekayə olduğunu müəyyənləşdirmək qədər asan heç nə yoxdur; bunun üçün bir az hazırlıqlı oxucu, bir az da vicdanlı insan olmaq yetərlidir.

Yox, sənətə, ədəbiyyata münasibətin cığallıq və merkantillik üzərində qurulubsa, bu artıq başqa məsələdir, istədiyin qədər “zövqlərlə mübahisə etmirlər” klişesinin ətəyindən yapışa bilərsən. Zövqsüzlər üçün bundan yaxşı özünətəsəlli tapmaq yəqin ki, çox çətin olardı.

Əhməd Cəmili oxuyarkən

Kənddəki kiçik kitabxanamızda eşələnirəm. Bir neçə günlüyə gəlmişəm və tərs kimi özümlə heç bir kitab gətirməmişəm; ona görə də vaxtilə əksəriyyətini nəinki bir dəfə, hətta dəfələrlə oxuduğum kitablar arasında birini tapıb oxumaq istəyirəm.

Və qeyri-iradi Əhməd Cəmilin şeirlər kitabını götürürəm, əvvəlcə ordan-burdan bir neçə şeir oxuyuram, sonra həyətdəki qara tutun kölgəsinə çəkilib bu kitabı başdan-ayağa oxumaq qərarına gəlirəm. 

Sonda ilk qənaətim: Əhməd Cəmil sovet dövrü şeirimizin gerçək qiymətini almamış şairlərindən biridir. Bəli, bəli, öz realizmi, həyatiliyi və xəlqiliyi ilə hər nə qədər ənənəvi poeziyanı təmsil etsə belə, onun şeirləri Rəsul Rzanın saxta, cansız modernizmindən, Fikrət Qocanın, Vaqif Səmədoğlunun zorən, qondarma yenilikçiliyindən, Ramiz Rövşənin ürəkbulandıran fəlsəfəçiliyindən daha isti, daha işıqlıdır.

Mən bunu Əhməd Cəmilin kitabını oxuduqdan dərhal sonra yazmıram, yəni bunlar heç də ilk, tələsik təəssüratlar deyil. Aradan xeyli keçib, artıq Bakıya qayıtmışam və o şeirlərin təəssüratı hələ də məni tərk etməyib, hiss edirəm ki, bu, artıq mənim möhkəmlənmiş qənaətimdir: Əhməd Cəmil şeirlərində hər şey çox təbiidir, bu şeirlərdəki hiss və həyəcanlar xalqın öz bağrından qopub, yalançı duyğulardan, yad düşüncələrdən, həyat tərzindən, dahilik xəstəliyindən, əvəzolunmazlıq sindromundan çox uzaqdır. Bu şeirlərin arxasında özünü zorla yeni, modern göstərmək cəhdləri yoxdur. 

Və deyəsən, onun hətta uğursuz şeirlərinin belə mənə doğma, isti görünməsində başlıca səbəb budur.  

Bir də bir daha əmin oluram ki, yazıçı olsun, ya şair, rəssam olsun, ya başqa biri – əgər yaradıcı adamın ayaqları yerə basmırsa, o, buludların üstündə gəzməyə meyllidirsə, insanlardan uzaq, göylərə yaxındırsa, əvvəl-axır oradan başı üstə yerə gələcəkdir. Çilik-çilik olacaqdır.

Sənətinin gücünü insanlardan, real həyatdan alanlar isə onlardan fərqli olaraq hər nə qədər unudulmuş da olsalar, bir gün özlərini və bizi bizə xatırladacaqlar. Bir isti yay günündə, ucqar bir kənddə, tozlu rəfdəki kitabından boylanan Əhməd Cəmil kimi.

Bəxtəvər Van Qoq

Deyilənə görə, Selincer özünün ən məşhur əsərini – “Çovdarlıqda uçurumdan qoruyan”ı yazdıqdan sonra dəli olmaq dərəcəsinə çatıbmış.

Hətta onu mayinə və müalicə etməyə gələn həkimi romanındakı Holdin Kolfild obrazına bənzətdiyindən hamıya otağından çıxmasını əmr edib və həkimlə tək qalmaq istədiyini deyibmiş.

Sonrası daha ilgincdir: Selincer tüfəngini götürərək uzun müddət təkbaşına qalıb və içəri heç kəsi buraxmayıbmış.

Amma xoşbəxtlikdən hər şey yaxşı qurtardı: Selinceri xilas etmək mümkün oldu.

Mən bu haqda oxuyanda qəfildən Van Qoqu xatırladım. O da özünün ən gözəl əsərlərindən birini (və sonuncusunu!) – “Buğda tarlası və qarğalar”ı yaratdıqdan sonra ruhi sarsıntıları dərinləşmiş, bu əvəzsiz tablonun qarşısına keçmiş, bir müddət ona baxdıqdan sonra diz çökmüş və özünə qəsd etmişdi. 

Ancaq Selincerdən fərqli olaraq, onu həyata qaytarmaq mümkün olmamışdı.

Van Qoqun və Selincerin yaratdıqları iki dəyərli əsərin ardından yaşadıqları bu oxşar ruh halı (onları bu məqama gətirib çıxaran səbəblər – ağrılar, iztirablar, qayğılar hər nə qədər müxtəlif olsa belə!) mənə çox düşündürücü gəldi. Düşündürücü və kədərli. Kədərli və doğma. 

Bəs görəsən, onların bu yaşadıqlarından sonra Selinceri sağ qaldığı üçün “bəxtəvər Van Qoq”, ya da Van Qoqu ölümün pəncəsinə təslim olduğu üçün “bəxtsiz Selincer” adlandıra bilərikmi?

Bəlkə də hə.

Bəlkə də yox.

(ardı gələn bazar günü sayımızda)