Siyasi mühacirət, yoxsa Əliyev köçkünləri?

Avropada heç də hamı xoşbəxt olmur…

Son zamanlar çoxlu dostların, tanışların mühacirət mövzusuyla bağlı yazdıqlarına baxıb təəccüblənirəm. Bəzən mənə elə gəlir ki, dünya tərsinə dövran edib Azərbaycan Avropa ilə yerini dəyişsəydi, ölkəmizə sığınacaq üçün müraciət etmiş bir avropalı belə yaşamaq icazəsi ala bilməzdi. Yaxud da 1951-ci ildə Cenevrə şəhərində qaçqınlıq haqqında konvensiya imzalanan zaman qəbuletmə hüququ bu cənablarda olsaydı, qanun heş qəbul olunmazdı. Mən səmimi olaraq Azərbaycanın boşalmasından, mübarizə aparanların sırasının azalmasından narahat olanları başa düşürəm. Lakin bir qrup da var ki, mühacirətə gedənləri, daha doğrusu, ölkəni tərk edənləri yeri düşdü-düşmədi qınayırlar. Özlərinin ölkədə qalmasını qəhrəmanlıq kimi qələmə verirlər. Hansı ki, bu qəhrəmanların əmək haqqını kəsib, işdən kənarlaşdırıb acınacaqlı bir vəziyyətdə qoysan, əllərinə düşən ilk fürsətdə ölkəni tərk edərlər. Amma bu gün rahatlıqları var, bir qismi siyasi hakimiyyətin tapşırığıyla oliqarxların maliyyələşdirdiyi media qurumlarında, bir qismi də ölkədən kənar qaynaqlardan maliyyələşən qurumlarda çalışdıqları üçün rahatdırlar. Siyasi mühacirlər olaraq keçirdiyimiz aksiya və tədbirlərdən rəhbəri olduğu media qurumunda bir cümlə verməyən həmkarım deyir ki, ironiya ilə Avropa ölkələrinin hökumətlərinə müraciət edəcək ki, bütün azərbaycanlılara qeyd-şərtsiz oturum versin. Axı, sən bizim burda etdiklərimiz barədə bir cümlə informasiya vermədiyin halda, Avropa ölkələrinə müraciəti necə edəcəksən?
Bir məqamı da xüsusi qeyd edim ki, yoldaşlar, Avropada qaçqın olaraq verilən yaşama izninin ən azı 16 növü var. Avropaya gələn və burda yaşayan azərbaycanlıların çox az qismi siyasi status alıb. 90 faizin aldığı status humanitar əsasla verilir. Azərbaycan kasıb və inkişaf etməmiş ölkələr silsiləsinə daxil olduğuna görə, əksərən humanitar prinsipləri əldə əsas tutaraq oturum verirlər. Humanitar oturum almış şəxslər isə əksərən siyasətdən anlayışı olmayan, Azərbaycanda da rejimə etiraz etməyə cəsarəti çatmayanlardır. Eyni zamanda siyasi oturum alan şəxslərin ailə üzvləri də siyasi yox, ailə birləşməsi oturumu alırlar. Çünki siyasi status kifayət qədər yüksək statusdur. Bu üzdən insanları nədəsə ittiham edərkən bir ucdan hamını siyasi mühacir adlandırmağın özü yanlışdır.
Nəhayət, Avropaya gələnlərin çox az qismi qısa müddət ərzində oturum ala bilir. Əksəriyyət illərlə qaçqın kamplarında gözləyir. Onların uşaqları təhsil alsa da, diplom ala bilmirlər. Bu adamların yaxınları rəhmətə gedir, ölkələrinə geri dönə bilmirlər. Ailələr dağılır burda. Azərbaycanda azadlığı məhdud olan xanım burda illərlə status ala bilməyən kişiyə həyat yoldaşı olmaq istəmir. Daha gözəl həyat amacıyla uşaqlarını da götürüb ailəni tərk edir. Yaxud əksinə, kişi ailəsinə sahib çıxmaq istəmir. Çünki ictimai qınaq yoxdur. Atalar övladlarına söz keçirə bilmir. Övladlar dövlətin qanunlarından yararlanıb atalarını saymırlar. Bir azərbaycanlı öləndə bəzən onun nəşini vətənə göndərmək problem olur. Çünki Azərbaycanda olduğu kimi Avropada da azərbaycanlılar başsız və sahibsizdirlər. Azərbaycan səfirlikləri onlardan yalnız özlərinə lazım olanda istifadə edir. Bir sözlə, ölkəsini tərk edib nicatını başqa məmləkətdə axtaranların heç də əksəriyyəti xoşbəxt olmur. Doğrudur, gələcəkdə buralarda azərbaycanlı deputatlar da olacaq, dövlət məmurları da. Lakin həmin nəsilin Avropada yaşamasına səbəb olmuşların böyük əksəriyyəti heç zaman xoşbəxt ola, bəxtəvər sayıla bilməyəcəklər. O üzdən ki, onların qismətinə Azərbaycandakı zalım hakimiyyət, Avropadakı talesizliklər düşdü. Bu səbəbdən də ittiham edən də, bir az diqqətli olun. Sizə xoşbəxt görünən birinin hansı bəlalarla üzləşdiyini bilsəniz onu heç zaman suçlamazsınız. Suçlasanız da, öz işinizdir. Lakin hamını siyasi mühacir adlandırmayın. Siyasi mühacirlər çox azdı, böyük əksəriyyət iqtisadi problemlərdən xilas olmağa çalışan Əliyev köçkünləridirlər.