“Bu adamı üzərimə göndərənlər Əli Əhmədovlar, Siyavuş Novruzovlardır; Bütün ölkə bunları lənətləyirdi…”
Virtualaz.org saytına açıqlamasında YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib ki, Maksim Musayevin YAP-ın yaranmasında heç bir rolu olmayıb və bu adamın fikirləri əsassızdır: “Partiyamızın qapıları bizim ideya və dəyərləri bölüşən hər kəsin üzünə açıqdır. Bəzi adamların ”biz partiyanın əsasın qoyan insanlarıq, ancaq bizi unudublar” sözləri düzgün deyil.
Maksim Musayevin özünü YAP-ın atası və banisi adlandırması yalandır. Bu adamın YAP-ın yaradılmasına aidiyyəti yoxdur. Əli Əlirzayevə gəlincə, o, partiyanın qocaman üzvüdür və partiya işindən öz təşəbbüsü ilə uzaqlaşıb”- deyə Hüseyn Paşayev bildirib.
Xatırladaq ki, Maksim Musayev və Əli Əlirzayev zaman-zaman partiyadakı ögey münasibətlə, yürüdülən yanlış siyasətlə bağlı mətbuata açıqlama veriblər. Son olaraq “Azadlıq”a açıqlamasında Maksim Musayev partiyanın katibliyini kəskin tənqid etmiş və bu adamları öz mənafeyinə görə partiyaya xəyanətdə günahlandırmışdı.
Qocaman YAP-çı Maksim Musayev YAP mətbuat katibinin onun ünvanına səsləndiriyi fikirlərə də münasibət bildirdi. Maksim Musayev bu fikirlərin əsl müəllifinin Əli Əhmədovlar, Siyavuş Novruzovlar olduğunu və bu adamların utanmadan yalan danışa bildiklərini söylədi: “Bu adamı mən tanımıram və YAP-a hardan gəlib düşdüyünü də bilmirəm. Görünür, fırıldaqçılıqla partiyaya gəlib ki, mənim partiyadakı xidmətimdən xəbərsizdir. Bu adamın partiyanın yaranmasından xəbəri olsaydı, bu qədər yalan fikirləri səsləndirməzdi. Hesab edirəm ki, bu mətbuat katibini mənim üzərimə göndərənlər Əli Əhmədovlar, Siyavuş Novruzovlardı. Əli Kərimlinin evinin qarşısına qoltuğunda xoruz olan şəxsləri göndərən adamlardan hər şey gözləmək olar. O hərəkətlərə görə bütün ölkə bunları lənətləyirdi. Mən bu adamlar haqqında geniş məqalə yazacam və bu insanları utandıracam. Bunların məni ittiham etmək üçün heç bir əsasları yoxdur”.


