Əliyevə Sərkisyan və Yanukoviç dərsi

Azərbaycanın dövlət başçısı demokratiyadan uzağa meyllənməyin nələrə və necə başa gəldiyini görə bilirmi?

Ukrayna son anda Avropa Birliyi ilə Assosiasiya sazişi imzalamaqdan geri çəkildi. Bu xəbər dünyada, eləcə də regionumuzda müxtəlif reaksiyalar doğurdu. Ən başlıcası, Ukraynanın özündə də etirazlara səbəb oldu. Ukrayna müxalifəti bəyanatla çıxış etdi və kütləvi etirazların anonsunu verdi. Bütün bunlar isə işin son anda ortaya çıxan tərəfləridir. Rusiya amili, daxili faktor, yoxsa hakimiyyətin öz maraqları? Rəsmi Kiyevin qərarını Ermənistanın qərarı ilə bərabər tutmaq olarmı?
Beləliklə, regionun gələcək taleyinin qarşısında hansı suallar və ya maneələr var? Azərbaycan bu durumda hansı statusu qazanır?

Bzejinski demişdi…

Diqqətli oxucularımız xatırlayar ki, Ermənistan Rusiyanın yaratdığı Gömrük Ittifaqına daxil olacağını bəyan edəndən bir neçə gün sonra ABŞ-ın məşhur strateqlərindən olan Zbiqnev Bzejinski Kremlin hədəfində Ukraynanın olduğunu demişdi. O vurğulayırdı ki, Rusiyanın özünün neoimperialist siyasətində ciddi dönüş yaratması üçün Ukrayna mühüm rol oynaya bilər, buna görə də Kiyevin mövqeyi əsas həlqələrdən biri kimi qalmaqdadır.
Bu xəbərdarlıq, əlbəttə, ciddi qəbul edildi, ətrafında müxtəlif analizlər də aparıldı. Amma qarşımıza çıxan mənzərə bir qədər fərqlidir. Bu fərqi izah etməyə çalışacağıq. Amma əvvəlcə Ukraynanı bu məlum qərara sürükləyən amil barədə danışaq.

Nə baş verdi?

Ukrayna prinsipcə, Avropa Birliyinə doğru gedir. Hökumət iqtisadi islahatlar həyata keçirir, ölkədə siyasi mühit o qədər də gərgin deyil. Ümumilikdə yardımların çoxu Avropa Birliyindən gəlir və ölkənin əsas islahatlarını Qərb həm siyasi, həm də maddi baxımdan dəstəkləyir. Avropa ilə Rusiya arasındakı qaz böhranından Ukraynanın əziyyət çəkməsi də məhz ölkənin geopolitik baxımdan seçim etməsinin nəticəsi idi. Söhbət Yanukoviç və ya bir başqa siyasətçi haqqında “Rusiyaya meylli” deyilməsindən getmir. Məsələ çox aydın, vəziyyət isə bir o qədər qəlizdir.
Rusiya bütün mərhələlər üzrə stalinist davranır. Seçkini bir mexanizm kimi, ələ sala bilməyəndə də, imitasiya edir. Amma bütün gücü ona yönəldir ki, bu mexanizm gözdən düşsün. Yalnız bu halda, diktatorun hakimiyyətin ömrünü uzatmaq üçün imkanları böyüyür. Ona görə də Putinin düşməni Ukraynada şəxslər deyil, sistemdir. Demokratik seçilmiş hökumətdir, Yanukoviç deyil. Yanukoviçin yerinə Medvedev, hətta Putin seçilsə belə, SEÇILƏN birinin yönü Rusiyaya tərəf ola bilməz. Çünki seçilmiş hakimiyyət hər şeyi seçki yolu ilə edir. Pisi yaxşıdan seçə bilir. Anlayır ki, Avropa Birliyinə tərəf getmək iqtisadi inkişaf, azadlıq və rifahdırsa, Rusiyaya üz tutmaq kasıblıq, gerilik və səfalətdir. Rusiya bu gün XX əsrin əvvəllərindəki faşist Almaniyasının daha marginal bir obrazını yaşamaqda, küçə və meydanlarında ölüm saçmaqdadır. Onun təqdim etdiyi sivilizasiyaya demokratik yolla seçilən hansı ölkə üz tuta bilər? Yəqin ki, heç kim…
Bu mənada, Ukraynanın Avropa Birliyinə daxil olmasına maneə nə ola bilər? Bu, maraqlı sualdır və dünyanın demokratiya tarixi imkan verir ki, biz bu suala cavab verməklə, həm də öz ölkəmizin gələcək taleyi barədə düşünə bilək.

Demokratiya meşə salmaq kimidir…

Demokratiya tarixi sübut edib ki, bu heç də kimisə bir dəfə seçki yolu ilə hakimiyyətə gətirmək deyil. Hitler Almaniyası buna sübutdur. Seçilmiş hökumət öz üzərində ciddi ictimai nəzarət hiss etməyəndə, xalq demokratiyanın nə demək olduğunu yaxşı anlamayanda, o, sonradan vəhşi rejimlərə keçid üçün imkana da çevrilə bilir. Demokratiya meşə salmaq kimi bir prosesdir. Gərək sona kimi onun qayğısına qalınsın. Onun iqliminin dəyişilməsinə imkan vermək olmaz.
Ukraynada Yanukoviç hökuməti xalqdan aldığı səsə görə Rusiyaya doğru istiqamətlənə bilməsə də, onun avtoritar siyasi köklərə bağlı olması bu ölkədə demokratiyanın tam oturuşmasına mane ola bilir. Ukraynada demokratiya tam oturuşmayıb. Timoşenkonun həbsi bunun sübutudur. Heç kimə sirr deyil ki, Timoşenko həqiqi alternativdir.
Bütün bunları nəzərə alaraq, Azərbaycanda da bir seçki ilə demokratiyanın qurulacağına ümid etmək doğru deyil. Bunu böyük bir proses kimi düşünmək və ona hazırlaşmaq lazımdır.
Bu gün Ukrayna hakimiyyətinin əksəriyyətin iradəsinə zidd addımları atmağa özündə güc tapmasının tək sirri, bu ölkədə demokratiyanın bütün mexanizmlərinin işləməməsidir.

Bu, Ermənistanla eynilikdirmi?

Ukraynanın qərarını Ermənistanın qərarı ilə eyniləşdirmək olarmı? Bu sual, əlbəttə, beyinləri məşğul edir. Görünür ki, insanlar buna üzvi əlaqədə olan bir proses kimi baxırlar. Amma incə bir məqama fikir verək. Ermənistan da Assosiasiya sazişini imzalamaqdan imtina etdi. Amma Irəvan eyni zamanda, həm də Gömrük Ittifaqına daxil olmaq niyyətini açıqladı. Ukrayna isə sadəcə, bu sazişə qoşulmağı ləngidir.
Bu, bizim üçün həm də ona görə əhəmiyyətli məqamdır ki, Ukrayna hələlik Rusiyaya meylləndiyini bəyan etmir. Görünən odur ki, heç etməyəcək də. Sadəcə, hakimiyyətdəki qüvvə sırf öz maraqları baxımından Avropa Birliyinə yaxınlaşmaqdan qorxur. Ermənistan isə Rusiyadan çəkindiyi, həm də bu addım Sərkisyan rejiminə sərf etdiyi üçün Gömrük Ittifaqına meylləndi.
Beləliklə, Ukraynadakı demokratiya elə həddədir ki, nə Yanukoviçi Gömrük Ittifaqına getməyə qoyur, nə də onu Avropa Ittifaqına itələyə bilir. Deməli, indi Ukrayna demokratiyası və cəmiyyəti üçün həssas bir dönəmdir və bu siyasi ətalətdən çıxmaq lazımdır. Yoxsa, dünyanın hər iki qütbü ilə bu cür qeyri-müəyyən vəziyyət azadlıqlara da, iqtisadi-siyasi mənzərəyə mənfi təsir göstərəcək.

Əliyev üçün açıq dərs

Ermənistan nümunəsi bizə Rusiya ilə yaxın olmağın nə qədər qorxulu olduğunu sübut elədisə, Ukrayna nümunəsi də Avropa Birliyi ilə məsafə saxlamağın necə riskli olduğunu göstərdi. Yanukoviç əksəriyyətə yaxın səs almasına baxmayaraq, indi  əksəriyyətin təmsil olunduğu bir müxalifətlə üz-üzədir.
Ilham Əliyev isə bu mənzərədən ciddi nəticələr çıxarmalıdır. O, özünü də ölkə ilə birlikdə Putin Rusiyasına doğru çəkməkdən çəkinməlidir. Çünki Moskva hələ bir ayı yenicə tamam olmuş olaylarla sübut elədi ki, o, müttəfiq olmur, udmaq üçün yaxına buraxır.
Üstəlik, Avropa Birliyi ilə sürətlə yaxınlaşmaq lazımdır ki, ölkə uzun müddət müttəfiqsiz qalmasın. Bu da ciddi təhlükə deməkdir.
Baş verənlər o qədər açıq dərsdir ki, bundan qiymət ala bilməmək, tarixin çox bərbad köşəsinə düşmək deməkdir.